Azərbaycanda dini tolerantlıq mədəniyyəti Layihə

Azərbaycanda dini tolerantlıq mədəniyyəti

Azərbaycan müstəqillik qazandıqdan sonra respublikamızda dini etiqad azadlığı tam təmin edilmiş, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər şərait yaradılıb. Tarixən Azərbaycanda islam dini ilə yanaşı xristianlıq, yəhudilik dinlərinə mənsub olan insanlar həmişə əminamanlıq şəraitində yaşamış və bir-birinin dini əqidəsinə ehtiramla yanaşıblar. Qeyd edək ki, 10-11 oktyabr 2002-ci il tarixində Bakıda "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizmə və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan hökumətinin ATƏT-lə birgə keçirdiyi bu konfransda terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin və əqidənin rolu haqqında məsələlər, habelə Böyük İpək yolu məkanında dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyəti və s. məsələlər müzakirə edilib.
Azərbaycanda dini tolerantlıq mədəniyyəti və başqa millətlərə qarşı milli dözümlülük tarixən çox yüksək səviyyədə olub. Xalqımızın dini cəhətdən tolerant olduğunu respublikamıza səfərə gələn tanınmış dünya dini liderləri də təsdiq edirlər. 2010-cu ilin 26-27 aprel tarixində Bakıda keçirilən dünya dini liderlərinin sammitində iştirak edən qonaqlar da bunun şahidi olublar. Sammitdə iştirak etmək üçün Bakıya gələn Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti ilə görüşərkən ona müraciət edərək Azərbaycanda dinlərarası münasibətlərin yaxşı olduğunu xüsusi vurğulayaraq deyib: "Mən dinlərarası münasibətlərdə sizin rolunuzu xüsusi vurğulamaq istərdim. Azərbaycan dövlətində insanların əksəriyyəti İslam dininə etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmayıb. Müasir terminalogiyadan istifadə etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik."
Respublikamızda dinlərarası dialoqun və dini tolerantlıq mədəniyyətinin inkişafında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də tarixən özünəməxsus rol oynamış, dini konfessiyalar arasında dözümlülüyün təbliğ edilməsində müəyyən fəaliyyət göstərmiş və göstərməkdədir. Qafqaz Müsəlmanları İdarəsi yarandığı gündən cəmiyyətin sosial-mənəvi həyatında müəyyən rol oynamış, bu qurumun rəhbərləri isə dindarlar arasında yüksək hörmət və ehtiram qazanmış, bütövlükdə cəmiyyətdə müəyyən nüfuza malik olub. Qafqaz Müsəlmanları İdarəsi islam dini və başqa dinlərin dini rəhbərləri ilə daim müxtəlif görüşlər keçirir və beynəlxalq dini konfranslarda fəal iştirak edir.
Beynəlxalq dini qurumlarla əməkdaşlıq sahəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti geniş və çoxcəhətlidir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin təşəbb sü ilə 2009-cu ilin iyul ayında Moskva şəhərində "Müstəqil Dövlətlər Birliyi müsəlmanları konfessiyalararası və millətlərarası həmrəylik uğrunda" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda 8 MDB ölkəsinin 40 müsəlman dini liderləri, Türkiyə, İran, Küveyt və s. İslam ölkələrinin nümayəndələri, diplomatik korpusların rəhbərləri iştirak edib. Qeyd edək ki, bu konfransa sədrliyi Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə edib. Konfransın mühüm əhəmiyyət kəsb etməsini göstərən faktlardan biri ondan ibarətdir ki, bu konfrans SSRİ dağıldıqdan sonra keçən 18 il ərzində müsəlman liderlərinin keçirdiyi ən genişmiqyaslı konfrans hesab olunur. Rusiya və Azərbaycanın dövlət başçıları konfrans iştirakçılarına göndərdikləri təbrik məktubunda dinlərarası və millətlərarası həmrəyliyə dəstək verdiklərini vurğulamış və bu konfransın MDB məkanında müsəlman və digər konfessiyalar arasında dialoqun genişlənməsinə müsbət təsir edəcəyini bildiriblər.
Məlumdur ki, son illərdə dünyanın müxtəlif regionlarında, eyni zamanda MDB məkanında lokal münaqişələrin səngiməməsi, dini don geyindirilmiş terror aktlarının baş verməsi, ekstremizmin və separatçılığın artması dünya ictimaiyyətini narahat etməkdədir. Məhz bu cür mənfi meylləri aradan qaldırmaq dini liderlərin qarşısında duran vacib məsələlərdən biridir. Bu cür mürəkkəb məsələlərin həll edilməsi dinlərarası və millətlərarası həmrəyliyin yaradılmasını zəruri edir. Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dinlərarası dialoqun və millətlərarası həmrəyliyin indiki dövrdə mühüm bəşəri bir məsələ olduğunu bildirib. A.Paşazadə qeyd edib ki, "biz din xadimlərinin, dini icmaların səylərinin bütün dünyada dialoqa, sülhə, həmrəyliyə nail olunması işinə səfərbər edilməsinin vacibliyinə inanırıq". Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, tolerantlığın dövlət səviyyəsinə qaldırıldığı Azərbaycan başqa dövlətlərə bu mənada nümunə ola bilər.
Qeyd edək ki, beynəlxalq konfransda iştirak edən müsəlman dini liderləri dini icmaların qarşısında duran ümumi problemlərin və vəzifələrin yerinə yetirilməsi məsələlərini, MDB ölkələri məkanında yaşayan müsəlmanların mənəvi həmrəylik yollarını, müxtəlif dinlərarası dialoq və dini tolerantlıq məsələlərini müzakirə ediblər. Dinlərarası dialoq və dini tolerantlıqla bağlı Bakıda beynəlxalq konfransların keçirilməsində də Qafqaz Müsəlmanları İdarəsi çox fəallıq göstərmiş, şeyxülislam Allahşükür Paşazadə isə konfransın səmərəli təşkil olunmasında öz nüfuzundan istifadə edib. Qafqaz Müsəlmanları İdarəsi həmişə islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətdə fəallığının artırılması və başqa dinlərə qarşı dözümlülüyün genişləndirilməsi işində böyük rol oynayıb. Ümumiyyətlə, tarixən informasiya mübarizəsində din amilindən müxtəlif məqsədlər üçün istifadə edilib. Təəssüf ki, bəzi ölkələr sülh, haqq-ədalət uğrunda, bəziləri isə işğalçılıq və yeni torpaqlar zəbt etmək üçün dindən istifadə ediblər. Məsələn, Erməni Qriqoryan kilsəsinin rəhbərliyi türklərə və azərbaycanlılara qarşı həmişə düşmənçilik siyasəti apararaq informasiya müharibəsində din amilindən istifadə edib. Lakin bunun əksinə olaraq, 1988-ci ildən başlayaraq A.Paşazadə erməni kilsəsinin rəhbərliyini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət etmiş və bu məqsədlə dəfələrlə görüşlər keçirərək münaqişənin dini müstəviyə keçməsinə imkan verməməyə çağırıb.
Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında rolu xalqımızın ən ağır günlərində, xüsusən, 1990-cı il 20 yanvar qırğınında özünü göstərib. Belə ki, Şeyxülislam 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olan Sovet qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri vandalizm hərəkətlərini pisləmiş, bununla əlaqədar o dövrdə Sov.İKP MK-nın baş katibi olmuş M.Qarbaçova məktub ünvanlayaraq onun rəhbərliyi altında həyata keçirilmiş bu qırğını kəskin tənqid edib. Məktubda deyilirdi: "Dinc, namuslu, hamıya dost münasibəti bəsləyən Azərbaycan xalqını kimlərinsə xatirinə qırmaq nə dövlət rəhbərinə, nə də adi bir insana yaraşan hərəkət deyil. Bizi qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz. Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Haqq-ədalət əvvəl-axır qələbə çalacaqdır. Nə olursa olsun, Allah-Təalanın köməyi ilə ədalət Azərbaycanda da zəfər çalacaqdır, xalqımızın sovet əsgərlərinin gülləsinə tuş gəlib həlak olmuş oğlan və qızları da öz həyatlarını bunun naminə qurban veriblər."
Şeyxülislam Hacı Allahşükür Paşazadə Xocalı və 31 mart soyqırımlarının ildönümləri ilə bağlı dəfələrlə beynəlxalq təşkilatların rəhbərlərinə, dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, dini rəhbərlərinə müraciətlər ünvanlayaraq onları Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq fəaliyyətinə ədalətli və hüquqi qiymət verməyə çağırıb. Şeyxülislam Hacı Allahşükür Paşazadənin fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Şeyxülislam regionda və dünyada müsəlmanların mənafeyinə təhlükə yaradan hər hansı bir hərəkətə qarşı çıxaraq bununla əlaqədar həmişə müxtəlif informasiya kanallarında bəyanatlar verib. Şeyxülislam Əfqanıstan və İraqda hərbi qarşıdurmalar zamanı müsəlmanların, ümumiyyətlə, dinc əhalinin öldürülməsi, vətənindən didərgin salınması faktlarına qarşı kəskin etirazını bildirərək bəyanatlar verib.
2009-cu il 6-7 noyabr tarixində "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill də iştirak etmişdir. Beynəlxalq konfransda çıxış edən Patriarx Kirill dinlərarası dialoqda Qafqaz Müsəlmanları İdarəsinin mühüm rol oynamasından bəhs edərək QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadəyə müraciətlə deyib: "1944-cü ildə yaradılmış Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin hüquqi varisi olmuş Sizin dini idarə öz sərhədlərini nəinki qoruyub saxlamış, postsovet məkanında yeganə dövlətlərarası islam strukturu kimi qalmışdır. Buna görə də sizin şəxsiyyətinizlə əlaqədar uğurların əksəriyyəti çox cəhətdən xidmətlərinizin nəticəsidir. Qafqaz müsəlman icmasının qardaşlıq münasibətləri zəminində dinamik inkişafını davam etdirməsini görmək xoşdur. 2004-cü ildə Sizin fəal iştirakınızla yaradılmış MDB Dinlərarası Şurası postsovet məkanında ən iri dinlərarası quruma çevrilib."

Cavid
Davamı var