Rəssamlıqda azad yaradıcılıq Layihə

Rəssamlıqda azad yaradıcılıq

Ziyadxan Əliyev: "Füzulinin poeziyada elədiklərini Səttar rəngkarlıqda gerçəkləşdirə bildi"

II yazı

Tanınmış sənətşünas Ziyadxan Əliyev bildirir ki, özünəməxsus Səttar görümü nəinki ideoloqlara, hətta öz həmkarlarına qəribə gəlirdi. Ancaq Azərbaycan bədii məkanı üçün ənənəvi olan neft və pambıq mövzusuna Səttarsayağı şairanə və lirik yanaşma o qədər fərqli və cəlbedici idi ki, yığcam və lakonik rəng qatından "boylanan" gerçəklik nə qədər ideal və irreal görünsə də, inandırıcı və duyğulandırıcı qəbul olunurdu: "Bu yerdə qeyd edək ki, Səttar öz axtarışlarında artıq tək deyildi. Sənətsevərlər də artıq hər yeni sərgidə onunla yanaşı T.Salahov, T.Nərimanəyov, T.Cavadov, M.Mircavadov, Ə.Rzaquliyev və b. əsərlərini də axtarırdılar. Rəssamlar kimi tamaşaçılar da gerçəkliyə, onları əhatə edənlərə fərqli münasibət görmək istəyirdilər. Səttar Bəhlulzadə çox məhsuldar işləyən sənətkarlarımızdandır. Onun rəngkarlıq və qrafik irsini saya gətirmək sadəcə, mümkünsüzdür. Dövlət statuslu muzeylərdə 150-yə yaxın rəngkarlıq, 30-a qədər qrafik işi var. Son araşdırmalar nəticəsində onun 600-a qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığını müəyyən etmək mümkün olub. Onların da çoxunun saxlandığı dəqiq ünvan məlum deyil. Bu vaxta qədər izinə düşülməyən əsərlər də çoxdur. Nəzərə alsaq ki, Səttar çox əliaçıq idi və əsərlərini də təmənnasız olaraq ürəyinə yatan insanlara ərməğan verərdi, onda bu naməlum ünvanların sayagəlməz olduğunu söyləmək olar. Onun əsərlərinə müxtəlif yollarla sahib olanların bir qismi çox qəribə olsa da, onlarda S.Bəhlulzadənin tablosunun olduğunu inkar edirlər. Bunu hətta o adamlar dilə gətirirlər ki, bizə Səttarın əsərinin onun evinin hansı hissəsində asıldığı belə məlumdur. Bütün bunlar Səttar irsinin başı üstündə hələ də qara buludlar dolaşdığından xəbər verir. Çünki belə adamlar əsərə mənəvi yox, maddi sərvət kimi baxırlar. Təəssüf ki, nəinki qadınlarımız, hətta kişilərimiz arasında da "İtə ataram, yada satmaram" prinsipi ilə yaşayanlar yox dərəcəsindədir. Bütün bunları "dərdli danışqan olar" deyimindən çıxış edərək söylədim. Bununla belə söylənilənlər barəsində düşünməyə dəyər. Amma bu gileyi dilə gətirməkdə məqsədim Səttarın bütün ömrü boyu yorulmadan çalışmasını vurğulamaqdır".
Araşdırmaçı onun sənətinin Məcnunu olmasına diqqət çəkir: "O, çox vaxt rahatlıq bilmədən işləyərdi. İstirahəti də, yeməyi də çox vaxt unudardı. Onu sübhdən qürub çağına kimi iş başında görmək mümkün idi. Havanın yaxşı-pisliyinə baxmadan, qızmar günəş altında da, yağış yağanda da işləyərdi. Çoxlarını bütün günü fasiləsiz işləməyə qadir olan bu çəlimsiz adamdakı enerjinin tükənməzliyi və sonsuz həvəs heyrətləndirirdi. Bu yerdə rəssamın 1973-cü ildə Moskvada açılmış fərdi sərgisində iki nəfərin söhbətini xatırlamaq yerinə düşərdi... Əsərlərə heyranlıqla tamaşa edən qadın ərindən soruşur ki, görəsən, bu rəssamın neçə yaşı var? Kişi cavab verir ki, yəqin cavandır. Çünki əsərləri təbiətlə bağlıdır. Bunları çəkmək üçün çox gəzmək, görüb-götürmək lazımdır. Həmişə hərəkətdə olmaq, dağa-daşa çıxmaq yaşlı adamın işi deyil. Rəssamın əsərlərindəki heyrətamiz baxış nöqtələri, ecazkar rəng duyumu, qeyri-adi təravət və yaxıların ekspressiyası yəqin ki, kişini bu qənaətə gəlməyə vadar etmişdi. O vaxt isə Səttar Bəhlulzadənin nə az, nə çox, düz 64 yaşı vardı...
Moskva sərgisi ilə bağlı bir deyimi də xatırlasaq, Səttar sənətinin bəşəriliyini bir daha təsdiqləmiş olarıq. Rəssam Moskvadan geri qayıdandan sonra dəfələrlə deyirdi ki, gərək çoxdan orada sərgimi göstərmiş olaydım. Özü də, elə oradakılar da bu fikirdə idi. Üzünə deyilən bir tamaşaçı fikri isə çox ibrətamizdir: "Görün Azərbaycan xalqı nə qədər istedadlıdır ki, Səttar kimi bir rəssamı 60 il ərzində dünyadan gizlədə bilib". Düşündürücüdür, elə deyilmi? Biz də yenidən xatırlatdıq ki, bir daha təkrarlanmasın...
Həyatı sənəti ilə sıx şəkildə çulğalaşan rəssamın ilham mənbəyi doğma təbiət, həyatının mənası isə onu başqalarına tanıdacaq və sevdirəcək rənglər idi. Belə bir adamın ümumi axından seçilməməsi mümkünsüz idi və o, addımları, əməlləri, bəzən də lap qeyri-adilikləri ilə bunu sərgiləyirdi. Amma ölkə nə qədər vahid ideologiyaya bağlı olsa da, hər halda artıq nə Stalin repressiyası, nə də Xruşşovun məşhur Manej təpkisinə bənzəyən hərəkətlər vardı. Odur ki, Səttar elə mükafatları da, fəxri adları da zəmanəsinə, onun tələblərinə müxalif ola-ola aldı, qazandı. Çünki özündə böyük sənətkarlığı və şəxsiyyəti birləşdirən
Səttar Bəhlulzadə fenomeninin el içində mənəvi-psixoloji dayağı o qədər yüksək idi ki, onu sadəcə inkar etmək artıq mümkünsüzdü... Əslində Səttarın ona göstəriş verməyə çalışanlardan narazı qalmağa haqqı vardı. Əgər o illərə qayıtmalı olsaq, xatırlatmaq istəyirik ki, rəssam 1973-cü ilin əvvəllərində ölkə rəhbəri ilə görüşmək, onunla ölkənin təsviri sənət məkanında baş verənlərlə bağlı fikirlərini bölüşmək istəyirdi. Onun şəxsi mənfəət güdmək miyyətindən uzaq olan bu istəyini dövlət rəhbərindən gizlədən bir məmurun əlində onun vurduğu teleqramı görəndən sonra isə o, hətta ölkədən çıxıb getməyə qərar vermişdi. Özü həmişə deyərdi ki, belələrini çox yaxşı tanıyıram. Bu cür primitiv düşüncəyə malik insanların incəsənət sahəsində ağalıq etmələri dözülməzdir. Həmin vaxt Gürcüstandakı sənət dostları onun Tiflisə dəvət edilməsini, mənzil və emalatxana ilə təmin olunmasını ölkə rəsmiləri ilə razılaşdırmışdılar. Rəssamın iki il çəkdiyi yeni əsərləri sərgiyə verməməsi də, ona verilən Dövlət mükafatının pulunu almaqdan imtina etməsi də ona göstərilən bu etinasızlıqla, onun respublika rəhbəri ilə görüşünə maneələrlə bağlı idi. Yaxşı ki, onun həqiqətdə nə istədiyini gec də olsa başa düşdülər və onun ölkə başçısı ilə iki saatdan çox davam edən görüşü baş tutdu. Kabinetlərdə Səttara qarşı yönələn "addımlardan" xəbərsiz olan dövlət başçısı rəssamı diqqətlə dinlədi. Əslində onlar bir-birini çoxdan və yaxşı tanıyırdılar. Bu görüşdən sonra Moskvada Səttar Bəhlulzadənin fərdi sərgisi baş tutdu. Sərginin açılışı anında Bakı xəstəxanasında ölümlə çarpışmaqda olan rəssamdan bədxahları hələ də əl çəkmək fikrində deyildilər".
Səttarın sərgisində iştirakı az qala onun üçün möcüzə olub: "Avqust-sentyabr (1973) aylarında Sabunçu xəstəxanasında rəssamı müalicə edən həkimə göstəriş verib onu Bakıda ləngitməyi, Moskvaya getməyə qoymamağı tapşıranlar bununla da onun məhvinə xidmət etdiklərindən bəlkə də xəbərsiz idilər. Çünki çox az sonra Moskvada bilinəcəkdi ki, o, yoluxucu yox, sağalmaz xəstəliyə düçar olub. Yeri gəlmişkən qeyd edək ki, Səttar bu xəstəxanaya səbəbsiz gəlməmişdi. Daşıdığı titul və qazandığı nüfuz onun Bakıda məşhur olan "leçkomissiya"da müalicə olunmasına əsas verirdi. Amma orada "həkimlərdən" ona yönəli "Niyə evlənmirsən, kişiliyin varmı?" sualını eşidən rəssam onlara kişiliyin nə olduğunu "başa salandan", layiq olduqları cavabı verəndən sonra dostlarının məsləhətilə Sabunçu xəstəxanasında müalicə olunmağa qərar vermişdi. Həkim Mehdi Quliyev isə o vaxt üçün inanılmaz bir addım atıb ona verilən "göstərişin" sirrini rəssama və onun ən yaxın dostlarına açır və təcili olaraq onun Moskvaya aparılmasını məsləhət görür. Belə bir məqamda rəssam cismən Bakıda olsa da, xəyalı Moskvada - onun iştirakı olmadan açılan fərdi sərgisində idi. Bunu bəstəkar həmdəmi Arif Məlikovun sərginin ekspozisiyasına həsr olunmuş albomu ona ərməğan edəndən sonra əsl dostlarına da etiraf edir: "Oğlum yox, qızım yox evləndirəm, toylarını edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Yaşımın bu vaxtında, ömrümdə birinci dəfədir ki, Moskvada fərdi sərgim açılıb. Ora məni çatdırsanız, arzum ürəyimdə qalmaz".
Səttarın əsərlərini bütünlükdə onun təbiətlə "yarışması" kimi də dəyərləndirmək olar. Belə ki, müxtəlif ölçülü tablolarda gerçəkləşənlər o dərəcədə heyrətamizdir ki, kimin kimi üstələdiyini söyləmək çox çətindir. Əslində isə görünənlər bir-birinə meydan oxumağın bariz nümunəsidir.
Təbiət bu cür əsrarəngiz gözəllik yaratdığına görə qürurludur, rəssamsa bu gözəlliyi duyub kətanda əbədiləşdirdiyinə görə. Səttarın bütün mənzərələri bunun təsdiqidir. Təbiəti gördüyü kimi çəkməyib, arzuladığı kimi görüntüyə gətirən rəssam reallıqdan kətana qədər uzanan məsafədə böyük filosofdur. Dilindən dahi Füzulinin qəzəli əskik olmayan Səttarın yaratdıqları əsərlərin rəssamlığımız üçün yeni-fəlsəfi mənzərə olması da onun milli təsviri sənətimizə xidmətinin göstəricisidir. Bizcə
Füzulinin poeziyada elədiklərini Səttar rəngkarlıqda gerçəkləşdirə bildi və bununla da rəssamlığımızı yeni məna-məzmunla zənginləşdirdi...
Tanrı ondan inam və arzulamaq istedadını əsirgəməmişdi. Elə bu kifayət idi ki, sadə və qəribə çöhrəli əmircanlı balasını, Azərbaycan oğlunu dahi zirvəsinə yüksəltsin, onu rənglərin sehrkarına çevirsin. Səttar bir qərinəlik yaradıcılığının lap əvvəlindən donmuş sayılan sənət zirvəsinə yönəli istedadların, ehtirasların və zövqlərin yürüşünə qoşuldu. Sonda da elə bir zirvəni fəth etdi ki, çoxları hələ də bu ucalıqdan səslənənin kölgəsində itməyə məhkumdurlar. Bütün varlığı qeyri-adi duyğular qaynağı olan və çəkdikləri də görünənlərin zahiri görkəmindən daha çox daxilinin - mahiyyətinin ifadəsi olan Səttar dühasının sonda nur heykəlinə dönməsi də məntiqli sonluq idi. O, "ömür qatarı"ndan "ölüm qatarı"na minəndə - ana təbiət yorğanına büküb Səttarı bağrına basanda da onun qoyub getdiyi "bədii iz"dən heç bir nigarançılığı yox idi. Bir çoxları kimi heç vaxt Fəxri Xiyabanın həsrətini çəkməyən rəssamın ruhən sevimli anasına, ünsiyyətə üstünlük verdiyi sadə adamlara qovuşmaq istəyinin əleyhinə getməyə də heç kəs cürət etmədi, bunu ona qıymadılar. Səttar belə Səttar idi. Bu haqqı o, sağlığında qazanmışdı. Odur ki, bundan sonra biz bildik-bilmədik, Azərbaycana - onun bənzərsiz bir guşəsi olan qədim Əmircan kəndinə dünyanın hər yerindən ömründə onun adını eşitməyən adamlar üz tutacaqlar, Səttar sənətinin ziyarətinə, onun ruhunun iksiri olan ecazkar rənglər dünyasını görməyə, zövq almağa və dəyərləndirməyə tələsəcəklər..."

Uğur