Şəhər-qala İrəvan Layihə

Şəhər-qala İrəvan

17-ci yazı

Xanlığın inzibati-ərazi bölgüsünə İrəvan şəhəri də daxil idi. Bütün xanlıqda yeganə şəhər olan İrəvan heç bir mahala tabe olmayaraq müstəqil inzibati ərazi hesab olunurdu. İrəvan şəhəri Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, İrana və Azərbaycanın müxtəlif xanlıqlarına gedən karvan yollarının qovşağında yerləşdiyindən böyük ticarət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdi. XVI əsrin Osmanlı salnaməçisi İbarhim Rəhimzadə İrəvan şəhərini "İran və Turanın gözəl şəhəri, Naxçıvan və Şirvanın qapısı" adlandırmışdı.
XVI əsrin axırlarından başlayaraq İrəvan şəhəri iki hisəyə bölünmüşdü: şəhər və qala. Bu şəhəri məşhur edən onun iri və möhkəm qalaya malik olması idi. Müxtəlif illərdə İrəvanda olmuş səyyahlar, dövlət xadimləri, diplomatlar, kəşfiyyatçılar, hərbiçilər öz xatirələrində İrəvan şəhərindən daha çox bu qalanın təsvirinə böyük diqqət yetirmişdilər.
İrəvan şəhəri Azərbaycanın qədim və böyük şəhərlərindən biridir. Ermənilər bu şəhəri özlərininki saysalar da faktlar bunun tam əksini sübut edir. XIX əsrin 20-ci illərində İrəvanda olmuş Azərbaycan səyyah və coğrafiyaşünası Z.Şirvani səyahətnaməsində yazır ki, "O, (İrəvan) Arran mülkündədir. Azərbaycana məxsusdur. Oraya həm də Çuxursəd deyirlər...". Rus müəlliflərindən biri İrəvan şəhərini "görünüşünə görə tatar (Azərbaycan türk-E.Q.) şəhəri" adlandırmışdı. İrəvan əsrlər boyu Azərbaycan Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri olan Çuxursəd bəylərbəyliyinin mərkəzi olmuşdur. Burada Səfəvi şahları tərəfindən təyin olunan xanların iqamətgahı yerləşirdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, bu şəhər dəfələrlə hərbi əməliyyatlar və təbii fəlakətlər zamanı dağıntıya məruz qalmışdı. Belə ki, XVI əsrdən başlayan Səfəvi-Osmanlı müharibələri dövründə bu şəhər dəfələrlə əldən-ələ keçərək dağıdılmışdı. 1679-cu il iyunun 4-də isə baş vermiş zəlzələ nəticəsində şəhər tamamilə xarabalığa çevrilmişdi. Bu şəhəri yenidən bərpa etmək üçün İrəvan xanı Zal xan şaha müraciət etmişdi. Nəticədə Azərbaycanın müxtəlif yerlərindən irəvanlılara kömək gəlmiş və tezliklə dağılmış şəhər bərpa edilmişdi. XVIII əsrin 20-ci illərin əvvəllərində isə Osmanlı müdaxiləsi zamanı şəhər müqavimət göstərdiyinə görə yenidən güclü dağıntıya məruz qalmışdı.
Bu şəhər haqqında müxtəlif illərdə burada olan səyyahlar çox maraqlı məlumatlar vermişlər. Bu məlumatlar şəhərin coğrafi mövqeyi, evləri, əhalisi və s. əhatə edirdi. XVII əsrin 70-ci illərin əvvəllərində İrəvanda olmuş fransız səyyahı J.Şardən yazırdı: "İrəvan böyük... şəhərdir. Onun böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. Heç bir gözəl binası yoxdur. O, hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir. Şimal-qərb tərəfdən Zəngi, cənub-qərb tərəfdən isə Qırxbulaq çayları axırdı... Şəhərdə ... çoxlu hamam və karvansara var".
Burada olmuş osmanlı səyyahı Ö.Çələbi şəhərin daxili quruluşunu daha ətraflı təsvir etmişdi. Onun verdiyi məlumata görə, "Şəhərin müxtəlif istiqamətlərinə açılan üç dəmir qapısı vardı. "Təbriz" qapısı cənuba, "Meydan" və yaxud "Yaylı" adlanan qapı isə şimala açılırdı. Bu hissədə cürbəcür oyunların keçirildiyi meydan yerləşirdi. Nəhayət, üçüncü "Körpü" qapı adlanırdı. Burada xanlar xanı (Bəylərbəyi-E.Q.) otururdu. Həmçinin burada qazı, molla, şeyxi-şərif, kələntər, darğa, münşi, yasavul ağa, qoruqçubaşı, eşik ağası, diz çökən ağa, mehmandar və şexbəndar yerləşirdi. Şəhərdə 2060 ev vardı. Ən gözəl bina Əmirgünə xan tərəfindən tikilmiş xan sarayı idi. "Yaylı" qapısının qarşısında böyük qəsəbə yerləşirdi. Buranı köhnə şəhər adlandırırdılar. Bu qəsəbədə karvansaralar, məscid və bazar yerləşirdi. "Körpü" qapısı yaxınlığında xan üçün üzümlük salınmışdı. Burada həmçinin çoxlu məscid, xan üçün hamam, bazar vardı. İrəvan müasir şəhərdir".
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, müstəqil xanlığın mərkəzi olduqdan sonra İrəvan şəhəri böyük ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhər haqqında ətraflı məlumat rusdilli mənbələrdədir. Mənbələrdə şəhərin coğrafi vəziyyəti, sahəsi, quruluşu, evlərinin, əhalinin sayı, tərkibi və s. haqqında daha ətraflı məlumatlar toplanmışdı. 1829-1832-ci illərdə keçirilən kameral təsvirə görə, İrəvan şəhəri şimaldan Qırxbulaq mahalı, cənubdan və qərbdən Zəngibasar mahalı, şərqdən isə onu Gərnibasar mahalından ayıran Oxçaberd dağının daşlı pillələri ilə həmsərhəd idi. İrəvan şəhəri geniş bağları ilə birlikdə kifayət qədər geniş ərazini tuturdu. Onun sahəsi 28 kv verstə bərabər idi. Başqa bir məlumatda deyilirdi ki, "İrəvan şəhəri demək olar ki, düzənlikdə yerləşirdi, lakin bəzi evlər şəhəri iki tərəfdən əhatə edən təpəliklər üzərində ucalirdi. Ümumiyyətlə, şəhərin əsas hissəsi Ağrı dağına və bütün Araz vadisinə açılan oval formasında idi. Zəngi çayı şəhəri çayın sağ sahilində yerləşən bağlardan ayırırdı. Bazar və karvansaradan başqa şəhərin bütün evləri bağlarla əhatə olunmuşdu. Şəhərin ona məxsus olan bağlarla, taxıl zəmiləri ilə birlikdə sahəsi 50 verstə bərabərdir.
İrəvan şəhəri "Şəhər", "Təpəbaşı" və "Dəmirbulaq" olmaqla üç məhəlləyə bölünürdü. Şəhərdə 1736 ev vardı. Evlərin əksəriyyəti gil palçıqdan tikilmişdi. Bu evlərdən 792-i "Şəhər" məhəlləsində, 622-i "Təpəbaşı"da, 322-i isə "Dəmirbulaq"da yerləşirdi. 1728-ci ildə tərtib olunmuş osmanlı "Müfəssəl dəftər"ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən ("Köhnə şəhər", "Dəmirbulaq", "Dərəkənd", "Təpəbaşı") ibarət olmuşdu. Qeyd etmək lazımdır ki, İrəvan şəhəri müstəqil xanlığın mərkəzi olduqdan sonra "Köhnə şəhər" məhəlləsi "Şəhər" məhəlləsi adlandırılmış, "Dərəkənd" isə "Təpəbaşı" məhəlləsinə birləşdirilmişdi. Çünki İ.Şopen "Şəhər" məhəlləsini köhnə şəhər adlandırmış və qeyd etmişdi ki, bu məhəllələrdə əhalinin məskunlaşdığı yerlərdən əlavə, boş qalmış sahələr də vardı. Məsələn, İrəvanın "Şəhər" məhəlləsində boş qalmış yerlər bunlar idi: Abbas dərə və Köşəhli, "Təpəbaşı" məhəlləsində Abuhəyat, Zəngi çayının sahilində Qızılqala, Dərəbağ, Dərəkənd, Dəlmə, Yenikənd, "Dəmirbulaq"da isə Xosrovabad və Səbziyeri. İrəvan şəhərində evlrin sayının azalması yuxarıda göstərilən yaşayış yerlərinin boşalması ilə bağlı idi. Bu yerlərin boş qalması şübhəsiz ki, müharibələr dövründə əhalinin bir hissəsinin qırılması, digərlərinin isə qonşu ölkələrə köçüb getməsi ilə bağlı olmuşdu.
Bütün Azərbaycan şəhərlərində olduğu kimi, İrəvan şəhəri də tez-tez basqınlara məruz qaldığından istər küçələr, istərsə də evlər müdafiəyə uyğun tikilirdi. Onun küçələri dar və əyri idi. Küçələr çiy kərpicdən, çaydaşından və bəzən də palçıqdan hazırlanmış iki cərgəli divarlarla əhatə olunmuşdu. Bu divarlar hərdən kip örtülmüş həyət qapıları ilə kəsilirdi. Baş küçənin ortasından çay axırdı, bu çayın suyu köndələn çəkilmiş kəmərlərlə bağlara paylanırdı.
Şəhərdə evlər elə tikilirdi ki, onun zahiri görünüşü yaxşı təsir bağışlamırdı. Lakin daxildən daha zəngin və səliqəli idi. Hər bir evin ətrafında bağ, evlərin arasında isə təmiz daşdan döşənmiş, qədim tut və yaxud qoz ağacları ilə kölgələnən səliqəli həyət vardı. Həyətin ortasında isə fəvvarəli olan daş hovuz yerləşirdi. Evlər elə tikilirdi ki, bayırdan nəzərə çarpmasın. (Qeyd etmək lazımdır ki, Azərbaycanın iri şəhərlərində olduğu kimi, İrəvan şəhəri də tez-tez müdaxiləyə, quldur basqınlarına məruz qaldığına görə, yerli əhali evləri elə tikirdi ki, həm zahiri eybəcər görünsün, həm də nəzərə çarpmasın-E.Q.). Evlərin otaqları adətən tamamilə bayır divarı əhatə edən iri pəncərələrlə işıqlandırılırdı. Pəncərələr aşağı-yuxarı örtülüb bağlanırdı. Bu şüşə pəncərələr gözəl və müxtəlif naxışlı cürbəcür rənglərdən ibarət idi.
Adi şəhər sakinlərindən fərqli olaraq, imkanlı və nüfuzlu şəxslərin evləri daha geniş və səliqəli idi. Bu evlərin divarları ağ suvaqla hamar şəkildə suvanmış və süni yapma naxışlarla bəzədilmişdi. İ.Şopen bu bəzəkləri Avropanın mərkəzi saraylarının bəzəklərindən daha yaxşı hesab edirdi. Evlərin qızdırılması üçün onun içərisində soba yerləşdirilmişdı. İ.Şopen belə sobaları otaq qızdırıcısından çox bəzəyə oxşadırdı. Belə ki, sıravi şəhər əhalisi qızdırıcı kimi kürəyə üstünlük verirdi.
İrəvanlıların evləri bəzəməsi adəti də, Azərbaycanın digər ərazilərində olduğu kimi idi. Evlərin mebeli yox idi, döşəməsi bahalı xalçalarla bəzənirdi. Divarlarda bəzək əşyaları, saxsı qabları və digər lazımlı şeyləri yığmaq üçün taxçalar var idi. Aşağı taxcaya mücrü və sandıq, yuxarısına isə içərisində şərabla və meyvələrlə dolu müxtəlif formalı qablar, həmçinin billur və çini qablar qoyulurdu.
İrəvan şəhərində yaşayış evlərindən başqa ictimai binalar, məscidlər də vardı. İrəvan şəhərində 2-i qalada, qalanları isə şəhərdə olmaqla 8 məscid vardı. Bunlar Zalı xan məscidi, Novruzəli bəy məscidi, Sartip xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdi məscidi, Hacı Cəfər bəy məscidi adlanırdı. Şəhərdə həmçinin xeyli dağıdılmış kiçik məscidlər də nəzərə çarpırdı. 1834-cü il kameral təsvirə görə, İrəvan şəhərində 8 məscid qeydə alınmışdı. Şəhərin baş məscidinin 1764-cü ildə, bəzi məlumata görə isə 1770-ci ildə Hüseynəli xan tərəfindən tikildiyi güman edilir. Bu məscid İrəvan şəhərinin qərb hissəsində, hər tərəfdən azərbaycanlı türklərinin yaşadığı evlərin əhatəsində yerləşirdi.
İrəvan şəhəri böyük ticarət mərkəzi idi və xanlığın ən iri ticarət bazarı burada yerləşirdi. Şəhərə çoxlu tacir, rəsmi adamlar və səyyahlar gəldiyindən, onlara xidmət göstərən karvansaralar fəaliyyət göstərirdi. 1829-1832-ci illər kameral təsvirə görə, İrəvan şəhərində Gürcü, Culfa, Zöhrab xan, Tahir, Sulu, Susuz, Hacıəli karvansaraları var idi. Bu karvansaralar möhkəm bişmiş kərpicdən səliqəli şəkildə tikilmişdi. İrəvan şəhərində çoxlu ticarət köşkləri və xeyli hamam da fəaliyyət göstərirdi. Kameral təsvirə görə, şəhərdə 819 ticarət köşkü və 8 hamam qeydə alınmışdı. Ticarət köşklərinin sayı ildən ilə artırdı. Məsələn, 1834-cü il kameral təsvirə əsasən, şəhərdə onların sayı 1670-ə çatmışdı.


Elçin Qaliboğlu