“Qələm əhlinin tüfəngi, silahı qələmdir...” Layihə

“Qələm əhlinin tüfəngi, silahı qələmdir...”

Bəxtiyar Vahabzadənin publisistikası

II yazı

Bəxtiyar Vahabzadənin publisistikası mövzu genişlıyi, gərəkliyi baxımından həmişə araşdırıcıların diqqətini çəkib. Bildirək ki, Bəxtiyar Vahabzadənin "Sənətkar və zaman", "Sadəlikdə böyüklük", "Vətən ocağının istisi", "Dərin qatlara işıq", "Gəlin açıq danışaq", "Şənbə gecəsinə gedən yol" kimi publisistik əsərlərindən ibarət kitabları var. Bu kitablarda onun tənqidi və publisistik məqalələri toplanıb.
Araşdırmaçı Bayram Gündoğdu bildirir ki, B.Vahabzadə publisistikasının problematikası olduqca geniş və zəngindir: "Bu publisistika və onun problematikası ümumbəşəri problemlərə xor baxmayan bir milliliyə, fəlsəfi lirizmə, poetik pafosa söykənir və müəllifin qələmində analitik təfəkkür süzgəcindən keçir. B.Vahabzadənin toxunduğu problemlər, mövzular olduqca aktual, güncəl önəm daşıyır, qələmiylə tarixin keçmiş səhifələrində gəzişərkən belə, toxunduğu məsələlər yaşadığı cağdaş dövrün qayğılarıyla, problemləriylə tam səsləşən mövzulardır. Bədii publisistika, ədəbi-tənqidi yazılar B.Vahabzadə publisistikasında cox önəmli yer tutur, bu publisistikanın xarakterində müəyyənləşdirici rol oynayır. İstər özündən öncəki, istərsə də içində yaşadığı çagdaş dövrün ədəbiyyat və sənət probləmləri müəllifin-şairin yaradıcılıq laboratoriyasında orijinal şəkildə diqqətlə araşdırılır və dəyərli fikirlər irəli sürülür, təhlillər aparılır. Burada yeri gəlmişkən onu da qeyd edək ki, ədəbi tənqidi yazılara bədii publisistikanın, ümumiyyətlə, publisistikanın bir növü kimi baxmaq daha doğrudur. B.Vahabzadə publisist yazılarında, ədəbi-tənqidi məqalələrində də həm klassiklərə, həm də içində yaşadığı çağdaş dövrün ədəbiyyat və sənət sahəsində çalışan sənətkarlara münasibətini ifadə edib, bu sənətkarların özünəməxsusluğunu ustalıqla, obrazlı şəkildə göstərib. B.Vahabzadə Azərbaycanın ədəbiyyat və sənət problemlərinə ümumtürk kontekstində yanaşıb ki, bu da onun daha doğru yolda olduğunu, üstünlüyünü bildirir. Özəlliklə Türkiyənin çağdaş və klassik sənətkarlarının yaradıcılıqları onun böyük sevgi ilə yanaşdığı və təbliğ etdiyi mövzulardır".
Şairin publisistik yazılarını araşdıran Bayram Gündoğdu daha sonra bildirir ki, B.Vahabzadə gəncliyə böyük qayğı ilə yanaşır, onların uğurlarını sevinclə qarşılayır, üstün cəhətlərini dərhal sezib dəyərləndirir, bəzi nöqsanlarını təssüflə qarşılayaraq daha uğurlu addımlar atmaq üçün onlara tutarlı məsləhətlər verir, əlvərişli yollar göstərir. B.Vahabzadə publisistik əsərlərində, ədəbi-tənqidi yazılarında ədəbiyyatın problem məsələlərini yüksək bədii-elmi həssaslıqla araşdırarkən söz yaradıcılığına, sözə və dilə ədəbiyyatın başlıca məsələsi kimi baxır, söz və dili sənətkarlığın, bədii ustalığın başlıca müəyyənedici meyarı kimi təqdim edir".
Professor Yusif Seyidov yazır: "Bir sıra hallarda şair Bəxtiyarla alim Bəxtiyarın problematikası üst-üstə düşür. Bunlardan birini qeydlə kifayətlənirik. O da sözə, dilə baxışdır ki, B.Vahabzadənin bədii əsərlərində,
monoqrafiyalarında, tənqidi və publisistik məqalələrində də özünəməxsus yer tutur." Bəxtiyar Vahabzadənin publisistikasında Vətən vətənsevərlik, milli varlıq əsas yer tutur. "Vətən sevgisi" adlı məqaləsində yazır: "Vətən sevgisi insani duyğuların ən alisi, ən yüksəyi və ən müqəddəsidir. İnsan mənsub olduğu vətəni sevməklə özünü, cəmiyyət qarşısındakı borcunu tapmış olur. Vətən və xalq hissindən məhrum olan şəxs bütün insani hisslərdən məhrumdur. Vətəni sevən adam həyatı sevir, dünyanı sevir. Çünki o, nə üçün yaşadığını, nəyin naminə çalış-dığını bilir. Vətən sevğisi insana məslək, amal gətirir. Məslək isə ürəyə cəsarət, qollara qüvvət, gözlərə işıq verir".
Bayram Gündoğdu vurğulayır ki, B.Vahabzadə sözə və dilə iki baxımdan; bir yandan bədii yaradıcılıq, sənətkarlıq baxımından, digər yandan isə sözə və dilə vətənin, milli varlığın ayrılmaz tərkib hissəsi (həm də başlıca müəyyənləşdirici ünsürləri kimi), milliliyin rəmzi və meyarı kimi yanaşır: "Onun publisistik yaradıcılığını öyrənərkən, biz bunun bir daha şahidi oluruq. "B.Vahabzadə vətən və millət eşqini, ana dili sevgisini bir dağ kimi qəlbində daşımış və bunu oxucularına verməyə çalışmışdır. Haqq və həqiqət yolunda qarşısına cıxan bütün əngəllərə baxmayaraq apardığı mübarizədən bir an belə əl çəkməyib. Sovet rejiminin ağır basqıları şəraitində əlverişli vasitələrlə, üsullarla amansız senzuradan
yayınmaq üçün mətnaltı anlamlarla milli istiqlaliyyət məsə-ləsini dilə gətirən, millətini, xalqını azadlıq uğrunda mübarizəyə səsləyən şair burada da ümumtürk kontekstindən cıxış edirdi. B.Vahabzadə erməni təcavüzünü, azğın erməni şovinizmini kəskin bir dillə, inandırıcı dəlillərlə ifşa edərək onun çürük əsaslarını açıb göstərir və Azərbaycan torpaqlarının işğaldan qurtuluşuna sarsılmaz inamını bildirir və bu qurtuluş yollarını müəyyənləşdirir. B.Vahabzadə milli təlim-tərbiyə, təhsil sistemi məsələlərinə Azərbaycanın və bütün Türk dünyasının xoşbəxt gələcəyinin ən mühim şərtləri kimi baxır, yüksək səviyyəli, milli şüurlu
ziyalıların-aydınların yetişdirilməsini, ən müasir qüdrətli təhsil sisteminin yaradılmasını günün və gələcəyin təminatı, tələbi kimi göstərir.
Mütəfəkkir şair zamanın siyasi, iqdisadi, sosial, əxlaqi-etik problemlərinin ən incə təfərrüatlarına qədər enir, bu sahələrdəki catmamazlıqları, aşınmaları ürək ağrısıyla qələmə alır, eyni zamanda bunlardan qurtuluş yollarına dair fikir və mülahizələrini söyləyir. Burada onu da demək yerində olar ki, keçən əsrin 80-ci illərinin sonları 90-cı illərin əvvəllərindən B.Vahabzadənin fəaliyyətinin publisist-ictimai xadim tərəfi daha qabarıq şəkildə görünməyə başladı. Bu illərdə biz B.Vahabzadənin şəxsində Azərbaycanın yorulmaz publisist-ictimai xadimini görürük. O, lirik şairdən publisist , ictimai xadimə qədər mübarizələr, savaşlar ilə dolu bir ömür yaşadı".
"Fəlsəfilik B.Vahabzadənin coxsahəli zəngin yaradıcılığının xarakterik özəlliyidir"-deyən araşdırmaçı bu qənaətə gəlir ki, fəlsəfi
lirizm, fəlsəfi təfəkkür, analitik düşüncə tərzi, bədii və elmi müşahidə və ümumiləşdirmələr B.Vahabzadənin coxsahəli yaradıcılığında harmonik bir bütünlük təşkil edir: "B.Vahabzadənin fəlsəfəsi onun şerlərindən publisistikasına, ictimai-siyasi fəaliyyətinə keçir, ümumən, bütün özünüifadəsinə fəlsəfi ton verir. B.Vahabzadə publisistikası sənətkarlıq baxımından mükəmməl bir publisistikadır. O, Qərbi Avropa, Rusiya, Türkiyə və Azərbaycanın mütərəqqi publisistik ənənələrindən faydalanaraq həm problematika, həm də sənətkarlıq baxımından orijinal bir publisistika təqdim edir. Müraciət etdiyi hər janrın (publisistik) özünəməxsusluğuna uyğun olaraq yazılarını maraqlı sujet və kompozisiyada, konfliktlər əsasında təqdim edərək məqsədinə uğurla çatır. Əlbəttə, burada söhbət bədii ədəbiyyatın süjet, kompozisiya və konfliklərindən fərqli olan publisistik əsərlərin, B.Vahabzadə publisistikasının sənətkarlıq xüsusiyyətlərindən gedir. Onun publisistikanın dil və üslub özəllikləri rəngarəngdir. Hər janrın daşıdığı ictimai funksiyanı göz önündə tutaraq əlverişli üslublar seçib, xalq deyimlərindən, bayatılaradan, məna tutumu samballı olan söz və ifadələrdən, poetik örnəklərdən məharətlə istifadə edib, bu da yazının obrazlılığını, cazibəsini, emosionallığını yüksəldib. Ümumiyyətlə, B.Vahabzadə publisistikası obrazlılıq ilə səciyyələnir. Beləliklə, Bəxtiyar Vahabzadə publisistikası mövzu, predmet, toxunduğu problemlər baxımından zəngin və geniş olub, yüksək, mükəmməl bir sənətkarlıq örnəyidir. Bu publisistika uzun illər sovet rejiminin ağır basqısı altında yaşamış Azərbaycanın sosial-siyasi, əxlaqi-etik tarixinin, zəngin mənəviyytının, istiqla-liyyət uğrunda savaşlarının, nəhayət milli bağımsız dövlət quruculuğu tarixinin obrazlı inikâsıdır, güzgüsüdür. B.Vahabzadə publisistikası bütün yüksək keyfiyyətləri ilə Azərbaycanın milli
publisistikasında yeni bir inkişaf mərhələsini təsbit edir".
Professor Qüdrət Əbdülsəlimzadənin fikrincə, Bəxtiyar yaradıcılığında öz əksini tapmış cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərinə ayıq münasibəti onun əsl vətəndaşlıq mövqeyinin birmənalı ifadəsi kimi qiymətləndirilməlidir: "Həmin aktual məsələlər sırasında Vətən, Millət, Vahid Azərbaycan, Dil, Azadlıq, Tarix, Mədəniyyət, Haqq-ədalət, Türk Birliyi onun yaradıcılığının bütün sahələrində - poeziyasında, dramaturgiyasında, publisistikasında qan yaddaşımızın pozulmaz naxışları kimi öz məntiqi ifadəsini tapıb.
Cəmiyyətdə və milli şüurda böyük əks-səda doğurmuş "Gülüstan" poemasında Azərbaycanın iki yerə bölünməsi, zaman-zaman torpaqlarımızın itirilməsi faciəsi, Qarabağ ağrısı onun yaradıcılığında xüsusi bir yer tutur. "Eynəkli cənabla, təsbehli ağanın" 200 il bundan əvvəl qəsbkarlıqla imza atdıqları ədalətsiz müqaviləyə "bəs hanı həqiqət, bəs hanı qanun?" mövqeyindən yanaşan şair bu milli faciəmizə vətəndaş mövqeyini ortaya qoyurdu". Şairin milli mədəni irsimizə münasibəti ilə bağlı Q.Əbdülsəlimzadə bu fikirdədir: "Zamanın sınaqlarından çıxmış mütərəqqi adət-ənənələrimizə, ulu sələflərimizin böyük xidmətlərinə, xalqımızın sosial-iqtisadi və mənəvi-əxlaqi qayğılarına cəsarətli müdaxiləsi, qanlı Yanvar hadisələrindəki mövqeyi rəğbətlə qarşılanaraq, onu elin gizli düçüncələrinin aşkar tərcümanı kimi cəmiyyətə sevdirib".
B.Vahabzadə yazır: "Məni yaşadan, qəlbimi yaşamaq eşqilə alovlandıran, istiqlal uğrunda mübarizəyə səsləyən, ulu əcdadlarımızdan keçib qanımızda, canımızda və tarixi yaddaşımızda yaşayan həmin bu Vətən və Millət sevgisinə borcluyam. İstiqlal mücahidi olan əqidə müəllimlərim - M.F.Axundzadə, H.B.Zərdabi, Mirzə Cəlil, H.Cavid, Əlibəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Əhməd bəy Ağaoğlu, S.Vurğun, R.Rza və uzun illər həmkarım, həmdərdim olan böyük alim Xudu Məmmədovun xatirələri önündə baş əyirəm… Qələm əhlinin tüfəngi, silahı qələmdir... Sabir və Mirzə Cəlil qələmlə döyüşməkdən başqa daha neyləmişdilər... Yazıçı yalnız qələmlə döyüşməlidir və bunu sən də, mən də imkanımız daxilində edirik. Bəlkə mitinqlərdə qışqırmağı da vacib hesab edirsən? Bu 75 yaşlı xəstə ağsaqqala yaraşarmı?... Giley notları da var. Bunu da müəyyən dərəcədə qəbul edirəm. Günah nə səndədir, nə də məndə. Durum o qədər ağır, o qədər dözülməzdir ki, çaşmışıq. Buna görə də hamı günahı başqasında axtarır."

Uğur