Cümə imamı: Şərqi Azərbaycanda cəmiyyətin qocalması barədə statistika nigəranedici səviyyədədir Güney Azərbaycan

Cümə imamı: Şərqi Azərbaycanda cəmiyyətin qocalması barədə statistika nigəranedici səviyyədədir

O, gənclərin evlənməsi üçün imtiyazların nəzərə alınmasını təklif edib.

Əli Xaməneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi və Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim əyalətdə cəmiyyətin qocalması barədə statistikaların nigəranedici səviyyədə olduğunu və gənclərin evlənməsi üçün imtiyazların nəzərə alınmalı olduğunu deyib.

Bir neçə ildir Şərqi Azərbaycanda cəmiyyətin artımının olduqca azaldığını, evlənmə və uşaq dünyaya gətirmə sayının azaldığını deyən Ali Haşim bunun şiddətlənəcəyi barədə xəbərdarlıq edib.

O, bir çox gəncin ailə qurmaması ilə bağlı iqtisadi problemləri səbəb göstərməsi bəhanə adlandırıb və müxtəlif dövlət qurumlarını, din xadimlərini evliliyi təbliğ etmək üçün daha çox fəaliyyət göstərməyə çağırıb.

Qeyd edək ki, bir müddətdir Əli Xamneyinin göstərişi ilə çoxuşaqlılığın təbliği ilə bağlı xüsusi kampaniya başladılıb və bütün cümə imamları, məsul şəxslər bu yöndə fəaliyyətə cəlb olunublar.

Bununla yanaşı azyaşlıların evləndirilməsi ilə bağlı müxtəlif kampaniyalar başladılıb və erkən yaşda evlənənlərə xüsusi imtiyazlar, kreditlər verməklə yeniyetmələri evlənməyə həvəsləndirirlər.

İran İnsan Haqları Təşkilatının yaydığı son hesabata görə, 2021-ci ilin martından 2022-ci ilin martına kimi İranda 20 min azyaşlı qız uşağı məcburi şəkildə evləndirilib.

Hesabatda statistikanın rəsmi rəqəmlərə istinad edilərək verildiyini, məcburi nikaha cəlb olunan azyaşlıların sayının rəsmi statistikadan daha çox olduğu bildirilir.

Gunaz.tv