“Yavaş-yavaş azadlığın ağacları qönçələnir…” Güney Azərbaycan

“Yavaş-yavaş azadlığın ağacları qönçələnir…”

Rza şah Pəhləvinin dövründə Güney Azərbaycanda davamlı şəkildə yasaqlara məruz qalan Azərbaycan milli musiqi alətləri - saz və tar İran İslam İnqilabından sonra daha qəti qadağalara məruz qalır. 1987-ci ildə isə yeni İran hökumətinin səlahiyyətli din xadimlərinin əsrlərdən bəri xalqın çalğı alətləri olmuş saz və tarın "Şeytan əməlidir, müsəlmana haram buyrulub!" bəhanəsilə toplanmasına və tonqallarda yandırılmasına fitva verilir. Bütün bunların canlı şahidi olan Manuçöhr Əzizi Haray da atəşlərdə yandırılıb külü göyə sovrulan saz və tarları şəxsləndirmək, başına gələnləri indiki və gələcək nəsillərə çatdırmaq məqsədilə "Yandırılan sazlar" adlı alleqorik poema yazır və Güney Azərbaycan türklərinin yeni milli dərdini-müsibətini, qədim mədəniyyətinə qarşı amansız terror əməlini ədəbi müstəviyə gətirərək ictimailəşdirir. "Sındırılmış sazlar" poemasında simvolik obrazların - doqquz ədəd tar və sazın dili ilə şair həm xalqın onunla bir yaranıb qoşa yol gələn milli musiqi alətlərini küfr sayaraq məhv edən rejimin bir xalqın digərinə qarşı haqsız davranışını, ən adi insanlıq haqqını belə tapdalayıb keçməsini, milli hüquqlarını pozmasını, kədərini yeni, modern üslublu əsərində kəskin bir dillə tənqid edir:

Yoxdur bizim sərhədimiz, sınırımız.
Fəlsəfədən də çox qabaq, yaşamışıq insanılan.
İnsanılan bir gəlmişik, həyata biz.
ondan sonra zaman keçir,
insanların duyğuları cilalanır, gınalanır,
fəlsəfələr düşür işə,
fəlsəfə də uzun zaman dinlər ilə qınalanır,
lakin həyat dayanmadan,
insanların düşüncəsi usanmadan,
hər an belə bir yenilik axtararaq
tapır elmin fəlsəfəsin.
Ondan sonra taxtalanır köhnəliyin qap-bacası.

Səməd Vurğun İran irticaçılarının hələ 1930-cu illərdə Güney Azərbaycanda Azərbaycan türkcəsində olan kitabları yandırdıqlarından hiddətlənərək 20 yanvar 1947-ci ildə "Yandırılan kitablar" adlı bir şeir yazır və vətəndaş şair bu hökmü imzalayanları da, hökmün icraçılarını da cəllad adlandırır. Qoca Təbrizin baş meydanında qurulmuş tonqallarda qalaq-qalaq yandırılan, min kamalın şöhrəti, min ürəyin arzusu tək göyərən və gələcək nəsillərə yadigar qalan, yandıqca alovlarının şölə çəkib zülmətə şəfəq salan türkün abidə kitablarını məhv edənlərin cəzasının bir gün bu xalqın qəhrəman övladlarının verəcəyini hayqırmışdı.
İri həcmli "Yandırılan kitablar" əsərində S.Vurğun Vətən tarixinin alt qatlarına varır və bu torpağın qəhrəmanlar diyarı olduğunu bildirir, hətta anamız Tomrisi də xatırlayır.
İnsana elə gəlir ki, Mənuçöhr Əzizi Haray "Yandırılan sazlar" poemasını 30-40 il sonra, 1980-ci illərdə Səməd Vurğunun məhz bu şeirindən və ölməz Müşfiqin "Yandırılan saz" poemasından iqtibas edərək qələmə alıb. Şübhəsiz, bu addımın atılmasının dərin kökləri var. Axı "Tarım mənim", "Səbanın tarı", "Unudulmuş saz", "Suzi-saz", "Qəmli ney", "Saz və yanğı", "Tacbəxşin kamanı", "Yanıqlı saz" və s. qəzəllərində ustadı Şəhriyar da tar, saz və ney kimi musiqi alətlərini xalq mənəviyyatının, milli xüsusiyyətlərin daşıyıcısı sayırdı. "Çaldığın sazda ötən mən yazığın naləsidir" deyən şair saz və tara insanın ürək yanğısının, dərdlərinin tərcümanı, məlhəmi kimi dəyər verir, dədə-babalarımızın günümüzədək qoruyub saxladığı bu qədim alətləri Azərbaycan milli mentalitetinin, milli varlığının təzahürü sayırdı.
Əlbəttə, tarix geri qayıtmır, sadəcə zaman-zaman təkrar olunur və tarixi həqiqətlər yaşayır, zaman keçdikcə yarandığı dövrün tərcümanına çevrilir. Mənuçöhr Əzizi Harayın İslam inqilabından bir neçə il sonra "Yandırılan sazlar" və "Tarçı Şulan" poemalarını yazması da 1980-ci illərdə İranın din xadimləri tərəfindən Güney Azərbaycanda milli musiqi alətlərinin qadağan olunmasına, Səməd Vurğunun, Mikayıl Müşfiqin, Şəhriyarın səsinə səs verməsi, musiqi alətlərinin, xalqın qədim mədəniyyət nişanələrinin məhv edilməsinə, təbiətin, ana qəlbinin qul doğmadığı insanın başqa, yaranışdan bərabər, lakin mövqecə fərqli olan insan tərəfindən hüquqlarını əlindən almasına, haqqını tapdalamasına, onu qula, köləyə çevirməsinə, bu da azmış kimi, mənən və cismən məhv etməsinə qarşı kəskin etirazı, harayı, fəryadı idi. Haray qələmdaşı Hüseyn Cavid kimi düşünür (İştə çirkinlik öylə bir illət; Ki, dəmadəm qazandırır nifrət) qaranlığa məhkum olan köhnə beyinli, cahil adamları "minbir illət məhsulu" sayır, əməllərini isə faciə kimi dəyərləndirirdi:

Qaranlığa məhkum olan, köhnə beyin adamlardan,
Nə ummuşam, nə küsmüşəm!
Bu məntiqə inanmışam:
Hər bir illət bir məluldan asılıdır.
Camiədə hər bir yeniş, hər bir yoxuş,
Şəraitdən, illətlərdən asılıdır.
Qaranlığa məhkum olan,
Köhnə beyin adamlar da minbir illət məhsuludur.
Lakin bu bir faciədir.
İllər boyu dustaq çəkən,
sürgün düşən ziyalılar fəlsəfəsin tanıtdıran,
rədd eliyən mürtəceni, illər boyu milyon-milyon,
zülmə dözən insanlara, zülmlərdən, zülmətlərdən,
xilas edən bir xilaskar tanıtdırır.
Dərin sükut çökür ora.

Şair yalançı mədəniyyət dəllallarını qınayır. Onların mənfur əməllərini pisləyir, mövcud duruma ironiya edərək bildirir ki, sanki insanın-Güney xalqının tarixən bəstələdiyi minlərlə oyun havaları, onlarla muğam guşələri-dəsgahlar, xalq mahnıları, aşıq musiqiləri bu dünyada heç bir vaxt çalınmayıb, oxunmayıb da. Haqlı suallar qarşısında iddiaçıların məhkəmə salonunda susması, bu susma nəticəsində yaranmış dərin, lal sükut düşündürücüdür:

Bu mənalı dərin sükut sanki xəbər verir bizə,
bundan sonra illər boyu, mürtəcenin zil qaranlıq,
gecəsindən gündüzündən.
İllər boyu, səs-sədasız, musiqisiz, hərəkətsiz bir aləmi,
duyuram mən bu sükutda.
Nə dəhşətli, nə vəhşətli bir aləmdir.
Hərəkətsiz, musiqisiz bir yaşayış.
İstəyirəm haray salam,
ay iddia sahibləri, ay yaramaz mürtəce,
millət üçün, yaraşdıran ziyalılar,
ay mədəniyyət daşını döşlərinə döyəcləyən, hardasınız?

Ancaq soydaşlarının cəhalət yuxusundan ayılaraq əkdiyi azadlıq ağacının çiçək açdığını görəcəyinə, sabit, əbədi günəşin doğmasına nail olacağına, bütün qaranlıqların aydınlanacağına əminliyini gizlətməyən Haray inanır ki, yandırılıb şəhid olmuş sazların xalqın gələcək davamçıları, uşaqlar mütləq "Zəfər marşı", "Sülh-ü Zəfər" çalacaqlar:

Yavaş-yavaş azadlığın ağacları qönçələnir.
Təbiəti gözəllənir,
Şəhid olan sazlarımın uşaqları, çalır bizə.
"Sülh-ü Zəfər" mahnıları!
Şair tarın dililə deyir ki:
"-Arxayın ol, hakim ağa!
Taxta tabaq yanmağınan, susmuyacaġ haqlı səda!
Susmayacaq insanların duyğuları! Susmayacaq düşüncələr!
bir kimsə də qabil deyil, sakit edə bu səsləri!
Tarx sizə sabit edib, faydası yox bu işlərin,
Bu tarixin qanunudur, biz irəli, siz də geri…

Çağdaş Güney şairləri içərisində öz dəst-xəttilə seçilən Manuçöhr Əzizi Haray "Tarçı Şulan" poemasında da eyni tarixi həqiqətin bədii poetik ifadəsinə çalışır. Azərbaycan mədəniyyətinin, xalqın zəngin keçmişinin üstündən xətt çəkmək üçün mübarizə aparan, təkrarsız milli musiqi alətlərimizi yasaqlamağa çalışan rejimin daşürəkli məmurlarını bütün xalqa, dünyaya tanıdır, Azərbaycan türklərinə və onların tarixən yaratdığı böyük mədəniyyətə qarşı yeridilən antiinsani, zorakı assimlyasiya siyasətini lənətləyir. Onun hər iki poemasını oxuduqda "Haray" təxəllüsü ilə Tarçı Şulanın harayı, fəryadı, eləcə də tonqallarda "Yandırılan sazlar"ın ərşə dirənən ahları arasında qəribə bir bağlılıq görünür. Bu bağlılığın timsalında oxucunun qəlbində inam yaranır ki, Mənuçöhr Əzizi həqiqətən musiqimizin və qədim musiqi alətlərimizin bu fədaisinin yaşadığı ağrıları gerçək həyatda da yaşayıb, bu məşum hadisələrin canlı şahidi olub (2014-cü il sentyabrın 17-18-də Təbrizdə keçirilən Milli şeir günü çərçivəsində Şəhriyara həsr olunmuş Beynəlxalq elmi konfransda görüşümüz zamanı şair etiraf etdi ki, mən poemada yazdıqlarımı gözümlə görmüş, faciənin ağrılarını şəxsən yaşamışam), yanğısını duyub, göz yaşlarının acısını dadıb. Şübhə etmir ki, müəllifin özü də həyatı, canı qədər sevdiyi tarını əlindən alıb sındıran hakim rejimin hissiz-duyğusuz, daşqəlbli cəllad məmurunun həmin tarla onun başına vura-vura öldürdüyü qoca sənətkarla birlikdə ölüb-dirilib. Belə ki, İran İslam İnqilabının qələbəsindən sonra, dini əsaslar üzərində yeni qurulmuş dövlətin ilk illərində tar və saz kimi Azərbaycan türklərinə məxsus bütün qədim, milli musiqi alətləri İranda "Şeytan işidir" bəhanəsi ilə yasaqlanır. M.Ə.Harayın bu qadağanı heç cür "anlamayan" qəhrəmanı - Marağanın məşhur tar ustadı, muğamların misilsiz ifaçısı Şulan bütün yasaqlara məhəl qoymadan tarını sinəsinə basıb çalmaqda və xalqı məsud etməkdə davam edir. "Mücahide-inqilab" adlandırılan bir dəstə cahil, dinçi mücahid də "din-şəriət pərdəsi altında" bu qadağanı əldə dəstəvuz edərək tarçı Şulanın qapısına gəlir. Qoca tarzən isə hər şeydən xəbərsiz halda çaldığı "Segah" muğamının həzin nalələrinin qanadlarında öz dünyasının, bu dünyanın masmavi üfüqlərinin ənginliklərində pərvaz etməkdə, musiqinin nəşəsini duymaqda, sevgi və bəxtiyarlıq içində idi. Bunu görən "Mücahidlər" ona qarşı kobud, təhqiramiz ifadələr işlədir, qoca tarzənin üstünə bağıraraq bir daha tar çalmamasını və əlindəki tarı da onlara təhvil verməsini tələb edirlər. Tarcı Şulan onlara təəccüb dolu nəzərlərlə baxa-baxa qalır. Tarla doğmalaşan Şulan artıq can sirdaşına, könül dostuna-ruhuna çevrilmiş tarı əlindən vermək istəmir və mücahidlərə çox təsirli bir cavab verir: "Tar mənim canımdır, ruhumdur, tar mən özüməm! Canımı yaxın, məni öldürün, ancaq tarımı əlimdən almayın.
Manuçöhr Əzizi Haray poetikasının zənginliyi və rəngarəngliyi onun birbaşa vətəndaş yanğısının təcəssümüdür. Şair qətiyyətini, həyat təcrübəsini yaradıcılığında əks etdirməklə ədəbi mühitdə müasirləşmə metodunun təkrarçılıq yaratmadığını bir daha sübuta yetirir. Onun əsərləri təkcə emosionallığı, dolğun həyat fəlsəfəsi, ədəbi-bədii qənaəti, sinkretik səciyyəsi ilə seçilmir, eyni zamanda, tarixi-xronoloji səciyyə daşıyır, ruhun təmizliyinə, yüksək amala, kamil zövqə, dərin düşüncəyə və s. müsbət keyfiyyətlərə xidmət edir. Bu keyfiyyətlər Haray yaradıcılığının ümdə şərti kimi səciyyələndirilir.

Esmira Fuad
ədəbiyyatşünas