Qulam Yəhyanın xatirələri Güney Azərbaycan

Qulam Yəhyanın xatirələri

IV yazı

Bu hadisədən sonra əmniyyələrin kəndlərə çıxıb, müxtəlif bəhanələrlə kəndliləri soymaq kimi yaramaz hərəkətlərinə bir növ son qoyuldu. Geni. xalq kütlələrinin daxili irticai qüvvələrə qarşı nifrətləri şiddətlənməklə təşkilata qarşı rəğbətləri artmış oldu.
Mənim yadımda qalan mühüm hadisələrdən biri də Stalinqrad alman faşistləri tərəfindən mühasirə olunan zaman kəndlilərdən xeyli adam bizə müraciət edib, onların sovet ordularına kömək etmək məqsdilə Stalinqrad vuruşmasında iştirak etmələri üçün şərait yaratmağı xahiş etmələri idi. Çox qısa müddətdə bu arzu o qədər geniş yayıldı ki, hamını heyrətə saldı. Biz təşkilatda belə arzuda olanları siyahıya almağa başladıqda bir neçə günün içərisində onların sayı 500 nəfəri keçdi. Qərara gəldik ki, bu haqda Sovet dövlətinin əlaqədar adamlarına xəbər verək. Bu məqsədlə üç nəfərlik komissiya yaradıldı ki, onlar Təbrizə gedib, Sovet səfiri ilə danışsınlar. Bu komissiyaya Qulamrza Cavidan, Sadiqi Camal və mən daxil olduq. Biz Təbrizə gedib, Sovet səfiri ilə görüşdük və Sarab təşkilatı adından yazılmış məktubu səfirə verdik. O, bizdən iki gün sonra bir daha görüşmək arzusunda olduğunu bildirdi. Biz də gedib iki gündən sonra bir də görüşdük. O bizim iqdamımızın müqabilində bizə və İran zəhmətkeşlərinə təşəkkür edib bildirdi ki, biz alman faşizmi ilə bacarırıq və bacaracağıq. Siz burada daha çox lazım ola bilərsiniz. Biz səfirlə görüşüb xudafizləşdik.
Biz Saraba qayıdıb sovet səfiri ilə olan söhbətimiz haqqında təşkilata məlumat verdik. Bu zaman Sarab kəndlərində arabir silahlı toqquşmalar baş verirdi. Bir gün məni Sarabda olan Şurəvi komendaturasına istədilər. Mən onların sifarişləri əsasında Sarab komendantının yanına getdim. Orada bir nəfər mayorla görüşdük, onunla tanış olduqdan sonra mənə dedi ki, kəndlilərin silahlarını yerə qoymalarında iştirak edim. Daha doğrusu, onlara deyim ki, silahlarını yerə qoysunlar.
Bu təklifin müqabilində dedim ki, kiməm ki, kəndlilər mənim sözümlə silahlarını yerə qoysunlar. Mənim belə cavabımdan sonra o, yenə də israr etdi ki, silahı yerş qoymaq məsləhətdir. Mşn onun təkidinə cavab olaraq dedim ki, kəndlilər silah götürüb, öz zülmkarlarına qarşı vuruşmalarının bir səbəbi də sizin yazdığınız şeirlərdir. O, dedi ki, mən şairəm. Ona görə də şeir yazıram. Mən dedim ki, siz şairsiniz, şeir yazıb xalqı azadlğa, əmin-amanlığa, müstəqilliyə dəvət edirsiniz, onlar da inqilabçılardır. Sizin dediklərinizi əməldə həyata keçirirlər.
Mənim Süleyman Rüstəmlə söhbətim çox səmimi və mehriban keçdi. Onunla mehribanlıqla görüşüb ayrıldıq. 1942-ci ilin əvvəllərində Sarabda səs yayıldı ki, sərhəng Canfuladi Azərbaycana, o cümlədən də Saraba gələcək. Bu zaman irticanın nisbətən baş qaldırmağa hazırlaşdığı dövr idi. Söz yox ki, Canfuladinin Azşrbaycana gəlişinin məqsədi aydın idi. Ona görə də biz büroda bu məsələni müzakirə etdikdən sonra belə qərara gəldik ki, büro üzvləri Sarabdan çıxsınlar. Yoldaşlardan bir neçəsi Təbrizə getdilər, mən də kəndimizə getdim. Yenə də yoldaşlar mənə müraciət edirdilər, mən də adi qaydada bacardığım qədər yoldaşlara kömək edirdim. Bir sıra yoldaşlara məsləhət gördüm ki, Canfuladinin gəlməsi ilə əlaqədar ayıq olsunlar və imkan dairəsinndə girə düşməyib, hələlik özlərini qorusunlar.
Canfuladi Saraba gəlməsindən bir neçə gün qabaq Sarabın yaxınlığında (3 kilometrliyində) olan Qalacıqda yaşayan Sarab mahalının ən böyük ərbab və feodalı hacıları Sultan (hacı Nağıxan uşaqlarının ən böyük qardaşları, onlar əslində 5 qardaşlar, onlardan 4 qardaş Qalacıq və bir qardaşı hacı Hüseynqulu Əla "Mir Pənc", Qalacıqdan 2 km. aralı olan Şirvancıq kəndində yaşayırdı) məni Qalacıq kəndinə, daha doğrusu, öz evinə qonaq çağırdı. Mən də getdim. O, məni çox hörmət və səmimiyyətlə qəbul etdi. Bir qədər söhbətdən sonra mənə dedi ki, sizin əməllərinizdən, düzlüyünüzdən, başqalarının qeydinə qalmağınızdan özü də düz danışmağınızdan, bir sözlə, hərəkətlərinizdən xoşum gəlir. Hər halda Hacı Əlai Sultan dünyagörmüş, təmkinli, hər kəslə necə danışmağı bacaran adam idi. Mənimlə çox ahəstə, təmkinli, mehriban, əvvəlcə fikiriləşib, sonra danışırdı. Onunla görüşdüm, həqiqətən məndə çox müsbət hisslər oyatdı. Məni qonaq dəvət etməsindən məqsədini çox da uzun müddət gizli saxlamadan açıb, dedi ki, yəgin ki, bilirsiz sərhəng Canfuladi Azərbaycana, o cümlədən Saraba gələcək. Özü də eşitdiyimə görə tam ixtiyarla gəlir və onun hər halda Saraba gəlməsi yaxşı hal olmayıb, pis nəticə verə bilər. O, mənə məsləhət gördü ki, onun evində qalım və ya onun kəndlərinin birinə gedim. Mən bu təklifi qəti rədd etdim. O, mənim bu təklifdən bərk narazı qaldığımı hiss etdikdə, məsləhət gördü ki, Sarabdan çıxıb başqa yerə gedim. Mən hacının mənə qarşı qayğıkeşliyindən, mənə qarşı hörmət və məsləhətindən təşəkkür etdikdə o, mənə dedi ki, sərhəng gələndən sonra sizin üçün pis olar.
Sizi tutub, əzab-əziyyət verə bilərlər. Mən cavabında dedim ki, mən özümü heç nədə təqsirkar bilmirəm və ona görə də Sarabdan heç yerə də getməyəcəyəm. Hacı mənim qəti tərsliyimi gördükdən sonra məndən nəyə ehtiyacım olduğunu sorundu. Mənim heç nəyə ehtiyacım olmamasını bildirib, bir də təkrarən hacıya təşəkkür etdim. Səmimi görüşüb ayrıldıq və mən kəndimizə getdim. Hər halda hacının təklif və məsləhətini qəbul etməməyimdən nigaran və narazı qaldığını aydın hiss etdim.
Ancaq nə etmək olardı, özüm bildiyim kimi hərəkət etmək qərarına gəldim. Yeri gəlmişkən, onu da deyim ki, yuxarıda qeyd etdiyim Hacı Nağıxan uşaqları (beş qardaş və onların uşaqları) başqa feodal və mülkədarlara görə kəndlilərlə daha yaxşı və mülayim rəftar edirdilər.
Hacıdan ayrılandan sonra Saraba və oradan da kəndimizə getdim. 1942-ci ilin Novruz bayramı axşamı Sarab bəxşdarının nökəri kəndə gəlib, məni ağası tərəfindən bayram axşamına qonaq dəvət etdiyini bildirdi. Mən təqribən bu "qonaqlığın" nədən ibarət olmasını hiss etdim. Yoldaşlarla məsləhətləşəndən sonra Saraba getdim.
Həmin bayram axşamı sərhəng Canfuladi ilə birlikdə şam etdik. Sonra söhbət əsnasında o mənə təklif etdi ki, onun adamları ilə kəndə gedim və kəndlilərdən silah yığmaqda onlara kömək edim. Mən bu təklifi qəti rədd edib, ona dedim ki, siz məni qonaq çağırarkən necə "qonaq" edəcəyinizi bilirdim. Amma belə alçaq təklif edəcəyinizi hər halda bu cür bilmirdim. İndi harada həbs edəcəyinizi deyin, oraya gedək. Bu söhbətdən sonra bir dəstə sərbaz və bir mayorla yük manınına əyləşib, gecə yarısı Tehrana yola düşdük.
Fərmandarla sərhəngin "qonaqlıqlarının" finalı Tehrandakı dəjbanın həbsxanası ilə tamamlandı. 40 gün həmin zindanda bilatəklif qaldıqdan sonra 8 gün aclıq elan edib, tələb etdim ki, mənim təklifimi müəyyən etsinlər. Buradakı hadisələr, haqsızlıqlar, işgəncələr haqqında ayrıca yazmaq lazımdır. Lakin hələlik buna imkan olmadığına görə bu haqda danışmıram.
Mənim aclıq elan etməyim və o zaman HTİ-nin (Hizbi-Tudeyi İran) nüfuzunun getdikcə artmasına səbəb oldu ki, mənim səsimi "enidib", bir neçə gündən sonra Qəsr-Qacar zindanına apardılar. Mənim Qəsri-Qacara gətirildiyimdən xəbər tutan Hizbin Mərkəzi Komitəsi, atama xəbər göndərmişdilər ki, mən Qəsr-Qacar zindanındayam və atam gəlsə yaxşı olar. Bu xəbəri eşidən kənd camaatı, yoldaşlar və xüsusilə ailəmiz xeyli sevinmişdiər. Çünki mən Sarabda həbs edilib, Tehrana aparılandan sonra belə şayiə yayılmışdı ki, guya məni yolda öldürüblər. Hətta bu hadisəni "gözü ilə görən şahidlər də tapılıblar". Ona görə də kənddə mənim yasıma oturub üç və yeddimi də vermişlər. Belə bir hadisədən sonra bu kimi şad xəbəri kəndə gətirən adam bir çoxlarından muştuluq almış və xoş xəbər gətirən adam kimi tanınmışdı.
Atam bu xəbəri eşidən kimi hazırlaşıb Tehrana gəlir. Hizbiş Mərkəzi Komitəsinə gedir. O zaman hizbiş birinci dəbiri olan Süleyman Mirzənin qəbulunda olur. Onun göstərininə əsasən hizb üzvlərindən bir nəfər atamı Qəsr-Qacar zindanına gətirdi və orada görüşdük. Atam gələnə qədər mən ancaq zindanda verilən cirə ilə dolanırdım. O zaman orada olanlar bilir ki, orada nə verirdilər.
Atam gələndən sonra mənim də vəziyyətim "yaxşılaşdı" hərdən bir "çay sifarin vermək" imkanım oldu. Xülasə, 7 ay burada qaldıqdan sonra dəfələrlə mənim etirazlarım, aclıq elan etmələrim və bu kimi hərəkətlərim nəticəsində "tədqiqati məhəlli" məqsədilə məni yenidən Ərdəbilə göndərdilər. Mənim Tehrandan Ərdəbilə gedənə qədər yolda başımıza gələn hadisələr, xüsusilə Qəsr-Qacarda qaldığım müddətdə gördüyüm hadisələr, nahidi olduğum faciələr haqda kitablar yazmaq olar. Hələlik buna imkan yoxdur.
Ərdəbil zindanına gətiriləndən sonra gördüm ki, məni tutub Tehrana aparan zaman Sarabdan 25 nəfər tutub, Ərdəbil zindanına gətiriblər. Yoldaşlar ilə görüşümüz bir bayrama çevrildi. Çünki yoldaşlar məni ölmüş bilirdilər.
Biz iki ilə yaxın Ərdəbil zindanında bilatəklif qaldıqdan sonra orada aclıq elan edib, tələb etdik ki, bizim təklifimizi müəyyən etsinlər. Bizim hamımızı hərbi və dövlət canisi kimi divani hərbi məhkəməsinə verdilər. Məhkəmə zindanda başladı. Hamımıza müxtəlif böhtanlar atıb, bizim uzun müddət zindanda saxlanıldığımız üçün irtica özünü müdafiə etmək və bizi daha ağır cəzalara məhkum etməyə çalışırdı. O cümlədən mənə qarşı sürülən ittihamlar aşağıdakılardan ibarət idi:
1. Dövlət əleyhinə müsəlləh qiyam etmək.
2. Sarab kəndlərində ərbabların öldürülməsinin təşkili.
3. Sovet nümayəndələrini tərksilah etmək.
Bu ittihamların hərəsinin ayrılıqda cəzasının edam olmasına baxmayaraq, axırıncı ittihamnamə bir növ "etirazsız" ittihamnamə idi. İran dövlət müttəfiqləri qarşısındakı "borcunu yerinə yetirib" onun nümayəndələrinə "təcavüz etmiş" şəxsi "edama məhkum" edirdi. İrtica yeri gələndə yalana, böhtana, uydurmaya və başqa bu kimi tədbirlərə əl atmaqla yanaşı həm də hədsiz qəddardır. Mən "təqsirnaməm"lə tanış olduqdan sonra məhkəməyə müraciət edərək dövlət ittihamçısına sual verməyə icazə istədim.
Məni tezliklə edama məhkum edilməyi yəqin etmiş məhkəmə sədri özünü bir qədər bitərəf, bizim müdafiəçimiz və qanunun keşiyində duran adam kimi göstərməyə çalışdığına görə mənə icazə verdi ki, dövlət ittihamçısına sual verim. Mən ayağa qalxıb dedim ki, cənab dövlət ittihamçısı mənim təqsirlərimdən ən mühümünü yaddan çıxarıb. Mənim bu sözüm məhkəmədə iştirak edənlərin böyük maraq və təəccübünə səbəb oldu. Bir anlıq məhkəmənin gedişində sakitlik, bəlkə tam sükut baş verdi. Hamı mənə tərəf dönərək növbəti və ciddi günahımı "özüm etiraf edəcəyimi səbirsizliklə gözləyirdilər. Bu zaman məni mühakimə edən və məni qanuni müqəssir etməyə çalınan şir dərisi geymiş "qanun keşiyində durmuş" bu tülkülərin nə vəziyyətə düşmələrini təsvir etmək üçün ən güclü yazıçı və ən mahir psixoloq istəyirdi ki, təsvir etsinlər.
Məhkəmə bir də təkrar edib, soruşdu: "Buyurun görək sizin hansı təqsirinizi yaddan çıxarıblar". Mən fasilə vermədən dedim ki, Rza şahın İrandan qaçmasını təşkil etdiyim kimi bağışlanılmaz təqsiri deyəsən cənablar yaddan çıxarıblar.