Moskva nə demək istədi? Dünya

Moskva nə demək istədi?

Politoloqlar bu suala cavab veriblər

Cavid

Oktyabrın 7-də Rusiyanın Xəzər dənizindən Suriyada İŞİD-in mövqelərinə 26 qanadlı raket atması Azərbaycanda da siyasi dairələrin müzakirələrinə səbəb olub.
Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Sərhəd Xidməti bununla bağlı şərh verməsə də, politoloqlar öz fikirlərini bölüşürlər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Rusiyanın Suriyanı Xəzərdən vurması Azərbaycanın da maraqlarına toxunur:"Rusiyanın Suriyanı bombalaması, Xəzərdən atılan raketlər, Rusiya təyyarələrinin Türkiyə hava sərhədini pozması Rusiya-Türkiyə münasibətlərini gərginləşdirir. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Rusiya ilə rəsmi Bakı "dost", "tərəfdaş" adlanır. Xəzər dənizindən raketlər atılırsa, bu, Azərbaycanın da maraqlarına toxunur. Çünki buna qədər Rusiya rəsmiləri Xəzəri "sülh dənizi" adlandırırdılar. Əlbəttə, buna görə Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyaya nota verməyəcək. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti Suriyada baş verənlərə qarışmır. Amma getdikcə, Rusiya-Türkiyə, Rusiya-ABŞ, Rusiya-Avropa münasibətləri gərginləşir. Bu, həm də Azərbaycanın maraqlarına ona görə toxunur ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldurlar. Suriyada, Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin həllini arxa plana atır".
Elxan Şahinoğlu Rusiyanın Xəzərdən atəş açması ilə Qərbə güc göstərdiyini vurğulayır:
"Düzdür, Rusiya raket atəşlərini öz sularından atıb. Amma Rusiya Xəzərdə hərbiləşmənin əleyhinə çıxırdı. Deyirdi ki, Qərb ölkələri burada fəal ola bilməz, Qərbin hərbi gəmiləri Xəzərdə üzə bilməz. Amma Suriyanı Xəzərdən bombalamaqla özü bu prinsipin üstündən xətt çəkdi. Xəzərdən atılan atəşlərin hərbi məqsəddən başqa geosiyasi məqsədi var. Rusiya həm Türkiyəyə, həm Qərbə, həm Azərbaycana, həm də digər Xəzəryanı ölkələrə əzələ nümayiş etdirir. Yəni, "burada mən hegemonam, hərbi hegemonluq da mənə məxsusdur". Həm də Rusiya demək istəyir ki, Xəzərin dibi ilə Türkmənistan-Azərbaycan boru xətti tikilə bilməz. Nəhayət, bu raket atəşləri ilə Rusiya bu raketlərini sınaqdan keçirdi".
Politoloq Rasim Ağayev isə deyir ki, Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi haqqında deyilənlər şişirdilir:
"Rusiya ilə Türkiyənin arasını vurmağa çalışırlar. Bunu Azərbaycanda yaxşı başa düşürlər. Hamının gözünün qarşısında son illər Rusiya-Türkiyə münasibətləri həm iqtisadi, həm də siyasi cəhətdən çox yaxşı inkişaf edib. Rusiyadan narazı qüvvələr indi bunu şişirdilmiş şəkildə göstərirlər".
Rasim Ağayev deyir ki, Azərbaycan Türkiyənin, yoxsa Rusiyanın yanında durmaq dilemmasını yaşamayacaq: "Belə vəziyyət yaransa, Azərbaycanın siyasi dairələri bu problemi aradan qaldırmağa çalışsalar, daha düzgün olar. Ancaq vəziyyət o yerə gəlib çıxmayacaq ki, Azərbaycan seçim qarşısında qalsın. Münasibətlərin ciddi qarşıdurmaya gəlib çıxması nə Rusiyaya lazımdır, nə də Türkiyəyə".
"Azərbaycan nə Türkiyənin, nə Rusiyanın mənafeyini müdafiə edəcək, özünün mənafeyini qoruyacaq".
Bunu isə politoloq Zərdüşt Əlizadə bildirir. Rusiyanın Xəzərdən atdığı raketlərə gəlincə, politoloq deyir: "Rusiya raketləri öz məhəlli sularından atıb. Raketlər İran, İraq ərazisindən keçib Suriyada İŞİD-in hədəflərini vurur. Bunun Azərbaycana dəxili yoxdur".