Mosul uğrunda döyüş Dünya

Mosul uğrunda döyüş

İŞİD-dən İraq şəhərini geri qaytarmaq üçün əməliyyat "başlayıb"

İraqın Mosul şəhərini özünü İŞİD qruplaşmasından geri almaq üçün hərbi əməliyyat başlayıb. İraqın ikinci böyük şəhəri Mosul 2014-cü ilin iyun ayından İŞİD-nin nəzarəti altında idi. BMT ərazidə yaşayan 1,5 milyon insanın təhlükəsizliyi üçün "son dərəcə narahatlıq" ifadə edib. Mosul İraqda İD qrupunun sonuncu əsas dayağıdır. Rəsmilər bildirirlər ki, şəhərin itirilməsi İD-nin ölkədə səmərəli məğlubiyyəti deməkdir.
Məlumata görə, elandan sonra şəhər ətrafındakı rayonlarda artilleriya səsləri eşidilib. Bazar ertəsi dövlət televiziyasında müraciətlə çıxış edən baş nazir deyib ki, "qələbə saata gəlib çatıb, Mosul azad etmək üçün əməliyyat başlayıb".
Çıxışı zamanı ətrafında yüksək vəzifəli İraq zabitləri dayanan cənab Abadi vəd edib ki, yalnız hökumət qüvvələri Mosula daxil olacaq. ABŞ-ın Müdafiə Naziri Ash Carter "döyüşün çətin olacağını" bildirib.
Məhz Mosulda İŞİD lideri Əbu Bəkr əl-Bağdadi qrupun İraq və Suriyadakı nəzarət etdiyi ərazilərdə şəriət qanunları ilə idarə olunan xilafətin yaradılmasını elan edib. Nineva əyalətinin paytaxtı olan şəhəri geri qaytarmaq üçün əməliyyat aylarla planlaşdırılıb. Təhlilçilər bildirir ki, döyüş həftələrlə, hətta aylarla davam edə bilər. Minlərlə iqtidaryönlü qüvvələr Mosuldan 60 km məsafədə yerləşən strateji Qayyarah şəhərində aviabazada toplaşıb.
BMT-nin humanitar məsələlər və fövqəladə yardımlar üzrə əlaqələndiricisi Stephen O`Brien dinc sakinlərin qorunması ilə bağlı çağırış edib. O bəyənatla çıxış edərək, ərazidə yaşayan 1, 5 milyon vətəndaş barədə narahatlıq ifadə edib və bildirib ki, azı bir milyon insan əməliyyatın nəticəsi olaraq öz evlərini tərk etməyə məcbur qala bilər. Hazırda Mosulda nə qədər sakinin yaşadığı barədə qəti rəqəmlər yoxdur. Ancaq məlumat var ki, iki il əvvəl İD şəhəri ələ keçirəndə orada iki milyondan artıq insan olub.
Türkiyə hazırki vəziyyətlə razılaşmaq fikrində deyil. Məlumatlara görə, Ankaranın üç planı var.
Plan 1: Türkiyə Mosul əməliyyatına koalisiya gücləri ilə qatılmağı təklif edəcək və havadan dəstək verəcək. 2005-ci ildən başlayaraq, İŞİD-in Mosulu zəbt etdiyi 2014-cü ilə qədər bölgədə yeganə diplomatik təmsilçiliyi olan Türkiyənin burada güclü kəşfiyyat şəbəkəsi var. Bu,Mosulda Türkiyənin daha əhəmiyyətli olduğunu sübut edir. Ankara A planında yer alarsa, kəşfiyyat məlumatlarını koalisiya gücləri ilə paylaşacaq. Həmçinin, Mosul yaxınlığındakı Başika bazasından istifadə etməyə icazə verəcək, bazada təlim keçdiyi sünni ərəblər, kürdlər və türkmanlardan ibarət 600 əsgərlə əməliyyata kömək edəcək. Mosul İraqda ABŞ kəşfiyyatının ən zəif olduğu yerdir. Halbuki, əməliyyat zamanı İŞİD-lə yerli xalqı ayırmaq üçün yerli mənbələrin məlumatı əsasdır.
Plan 2: Türkiyənin əməliyyatda iştirakına icazə verilməsə, B planı dövriyyəyə girəcək. Belə ki, Ankara Şimali İraq Kürd Muxtariyyəti və Mosulun keçmiş valisi Esil Nuceyfinin rəhbərliyi altındakı Mosul Vilayət Məclisinin üzvlərinin dəvəti ilə əməliyyata daxil olacaq. Türkiyə 2014-cü ildən bəri Başika, Dohuk, Süleymaniyə və Ərbildə təlim keçdiyi peşmərgə, türkman və sünnilərdən ibarət Haşdi Vatani qruplarını dövriyyəyə salacaq. Bu plana şiə güclər müdaxilə etmək istəsə, peşmərgə onların qarşısını kəsəcək. B planı Rusiya ilə təmas şəkilində həyata keçiriləcək.
Plan 3: Ankaranın ABŞ-ın sünni ərəblər və Ərbil (Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı) üzərində təzyiq etməsi ehtimalına qarşı da planı var. Əgər Vaşinqton və Bağdad ərəb və kürdləri Türkiyəyə qarşı qaldırsa, o zaman C planı dövriyyəyə girəcək. Belə ki, Türkiyə "Fərat qalxanı" əməliyyatındakı kimi hərəkət edərək, bölgədə türkman şəhəri olan Telaferdəki soydaşlarını qorumaq məqsədilə bölgəyə müdaxilə edəcək. Beləliklə, Telafredə yerləşən Türkiyə lazım olan anda Mosula müdaxilə edəcək.
Göründüyü kimi, Mosul əməliyyatı sadəcə şəhəri İŞİD-dən təmizləmək yox, bölgədə güc sahibi olmaq uğrunda aparılan müharibədir. Böyük güclər iki cəbhəyə bölünüb. ABŞ, İran və İraq bir cəbhədə, Türkiyə başqa cəbhədə yer alır. Rusiyanın da gizli şəkildə Türkiyəyə dəstək verəcəyi gözləniləndir.
Ən təhlükəli ssenari isə Türkiyənin B planını tətbiq etmək məcburiyyətində qalmasıdır. Əgər bu baş verərsə, o zaman ABŞ rəhbərliyindəki koalisiya gücləri Ankaraya qarşı çıxa, beləliklə, bölgədə böyük qarşıdurma yarana bilər. Bu, artıq yerli güclərin yox, böyük ölkələrin savaşı ola bilər.
Onu da qeyd edək ki, müxalif qiyamçılar Türkiyənin yardımı ilə Suriyada simvolik əhəmiyyət daşıyan Dəbiq şəhərini özünü İslam Dövləti adlandıran qrupdan "azad edib", qiyamçıların komandirləri və müşahidəçilər deyirlər. Qiyamçılar qəsəbəni "İD-in oradan qaçmasından" sonra tutub, Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidəsi qrupu bildirib.
Kiçik şimal şəhəri olan Dəbiq İD-in təbliğində və axirət fəlsəfəsinin yayılmasında əsas yer tuturdu. Dəbiqin alınması müxalif qiyamçıların Suriyanı İD-dən azad etməsi planının bir hissəsidir. Sultan Murad qiyamçı qrupunun komandiri Əhməd Osman Reuters agentliyinə deyib ki, bazar günü səhəri qrup həmçinin qonşu Soran kəndini də azad edib. Suriya İnsan Haqları Müşahidəsi qrupu deyir ki, Dəbiqi qorumaq üçün 1200 İD döyüşçüsü gətirilib. Həmzə Briqadası adlı qiyamçı bir qrupun komandiri Associated Press agentliyinə deyib ki, İD-in müdafiəsi "az idi".
Saif Abu Bakr deyib ki, İD cənubda Əl-Bab şəhərinə doğru geri çəkilib. 2000-ə yaxın döyüşçünün iştirak etdiyi əməliyyat Türkiyə tankları və artilleriyası və beynəlxalq koalisiyanın hava hücumları ilə dəstəklənib. Şəhər Türkiyə sərhədindən 10 km uzaqlıqda yerləşir. Avqust ayında Türkiyə cənub sərhədlərini İD və İD-lə döyüşən kürd qiyamçılarından təmizləmə əməliyyatına başlayıb. Sentyabr ayında Türkiyənin baş naziri deyib ki, sərhəd xəttinin 91 kilometri "tamamilə təhlükəsizdir" və "bütün terrorçü təşkilatlar geri çəkilib".