Ermənistanla İranın yeni qaz sövdələşməsi Dünya

Ermənistanla İranın yeni qaz sövdələşməsi

Yüksək vəzifəli erməni rəsmisi bildirib ki, Ermənistan qonşu İrandan təbii qaz idxalını artırmağı planlaşdırır və tezliklə bununla bağlı müqavilə imzalanacaq.
Azadlıq Radiosunun erməni xidmətinin yaydığı məlumatda belə deyilir.
Hazırda Ermənistan 2008-ci ildə tikilmiş boru kəməri vasitəsilə İrandan ildə 50 milyon kubmetr qaz idxal edir. Müqayisə üçün deyək ki, Rusiyanın Ermənistana satdığı qazın ümumi həcmi təqribən 2 milyard kubmetrdir.
İndiyədək İran qazını rəsmən dövlətin nəzarətində olan istilik-elektrik stansiyası satın alırdı. Stansiya alınan qazın əvəzində İrana elektrik enerjisi göndərirdi.
Ermənistanın İrandakı səfiri Artashes Tumanian bildirib ki, Yerevan bu yaxınlarda daha çox İran qazı almağı təklif edib. Bu qazın bir hissəsi yenidən Gürcüstana ixrac ediləcək. Səfirin sözlərinə görə, İran tərəfi bu təklifi qəbul edib.
"Hal-hazırda müvafiq sənədlər hazırlanır və layihələr üzərində iş gedir. Düşünürəm ki, qeyri-adi bir şey baş verməsə, saziş imzalanacaq", deyə Tumanian RFE/RL-in erməni xidmətinə bildirib. O, imzalanmanın tarixi barədə bilgi verməyib.
Avqustda Enerji naziri Levon Yolianın Tehrana səfərindən sonra Ermənistan hökuməti İran qazının idxalından ötrü enerji şirkəti yaradacağını elan etmişdi. Ancaq idxalın həcmləri barədə heç bir məlumat verilməyib.
Tumanian iddia edir ki, Rusiya Ermənistanla İran arasında planlaşdırılan sövdələşməyə etiraz etməyəcək, çünki bu sövdələşmə "heç kimin maraqlarına zidd deyil".
"Sənədlər razılaşdırılmağa hazırdır və tərəflərin heç birində maneə görmürəm",deyə səfir bildirib.
Yerevanın İran qazının ixracını artırmağa qərar verməsindən öncə də iki ölkənin mübadiləsi xeyli genişləndiriləcəkdi. Belə ki, onları birləşdirən üçüncü enerji ötürmə xətti çəkilməkdədir. Dəyəri 120 milyon dollar olan bu xəttin çəkilişinin 2019-cu ildə başa çatacağı gözlənilir.