Türkiyə Cənubi Kipr ilə Livan arasında imzalanmış sazişə etiraz edib Dünya

Türkiyə Cənubi Kipr ilə Livan arasında imzalanmış sazişə etiraz edib

Türkiyə Xarici İşlər Nazirliyi Livanla Cənubi Kipr Rum Administrasiyası arasında imzalanan dəniz səlahiyyət zonaları sazişinə etiraz edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli bəyanat yayıb.

Bəyanatda Cənubi Kipr Rum Administrasiyasının 2003-cü ildən bəri kiprli türkləri nəzərə almadan bölgə ölkələri ilə dəniz sazişləri imzaladığı qeyd olunub.

Bildirilib ki, yeni saziş Türkiyənin kontinental şelfinin hüdudlarından kənarda qalsa da, kiprli türklərin hüquqları ilə birbaşa bağlıdır. Cənubi Kipr Rum Administrasiyası bütün adanı təmsil etmədiyi, bu səbəbdən bütün adanı əhatə edən bu cür razılaşmalar imzalamağa səlahiyyətli olmadığı vurğulanıb və beynəlxalq ictimaiyyət bu birtərəfli addımlara dəstək verməməyə çağırılıb.

Qeyd olunub ki, Türkiyə Respublikası Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə kiprli türklərin haqq və mənafelərini qorumaqda qətiyyətlidir.