
“Terrorla mübarizə bu gün Türkiyənin daxili və xarici siyasətində ən mühüm istiqamət kimi qalır. Yəni bu gün PKK-nın silahı yerə qoyması dövlətin təhlükəsizlik arxitekturasının əsas istiqamətidir və post-terror məsələləri də həm daxildə sabitliyin yaranması, eyni zamanda, Türkiyənin regional güc kimi manevr imkanlarını genişləndirməsi baxımından çox mühüm məsələdir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O qeyd edib ki, məhz Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” adlı hesabatın qəbul edilməsi faktiki olaraq dövlətin uzunmüddətli təhlükəsiz və daxili siyasi məsələlərdə strategiyasının konturlarıdır: “Bu, çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Hesabatın əsas mərkəzində təbii ki, unitar dövlət modeli, suverenlik, ərazi bütövlüyü, dünyəvi repsublika prinsipləri və rəsmi dil statusunun qorunması dayanır. Bu da Türkiyənin dövlətçilik fəlsəfəsində hər hansı bir bölünmə, federalizm və ya muxtariyyət modelinə yer verməyəcini bir daha təsdiq edir. PKK-nın silahı yerə qoyması və özünü buraxması Türkiyənin təhlükəsizlik baxımından yeni mərhələyə keçməsi deməkdir. Yəni bu, bir tərəfdən daxili terror risklərinin azalması, sərhəd təhlükəsizliyinin stabilləşməsi, silahlı qüvvələrin resurslarının daha strateji istiqamətə yönəlməsi ilə xarakterizə oluna bilər. Bu günə qədər terrorla mübarizə aparan həmin qüvvələr digər istiqamətdə istifadə olunar”.
A.Nağıyevin sözlərinə görə, digər tərəfdən terrorun bitməsi Türkiyə üçün çox mühüm hüquqi və siyasi islahatların sürətləndirilməsinə gətirib çıxara bilər: “Yeni konstitusiya təşəbbüsü, seçki və siyasi partiyalar haqqında qanunlarda dəyişiklik də məhz post-terror mərhələsinə bir hazırlıq kimi qiymətləndirilə bilər. Təbii ki, risklər var, böyükdür. PKK-nın formal olaraq silahı yerə qoyması bir çox dövlətləri tam şəkildə qane edə bilməz. Bütün şəbəkələr, ideoloji təsirlərin tam aradan qalxması mümkün deyil. Onların müxtəlif dövlətlərdə özəkləri, nümayəndələri var. Suriya və İraq ərazisində, hətta Avropada onların müxtəlif strukturları var. Radikal ideoloji hüceyrələr Türkiyə üçün hibrid təhlükə olaraq qalır. Bu səbəbdən Ankara ehtimal ki, yumşaq təhlükəsizlik mərhələsinə, yəni siyasi məsələlərə daha çox üstünlük verəcək, sosial-iqtisadi inkişaf və hüquqi mexanizmlərlə radikallaşmanın qarşısının alınması kimi addımlar atacaq və yeni bir modelə keçəcək. Yəni bu, çox mühüm addımlardır və tam şəkildə dəstəklənən bir məsələdir”.
Röya İsrafilova