Putinin Suriyada yandırdığı milyardlar Dünya

Putinin Suriyada yandırdığı milyardlar

2015-ci ildə Bəşər Əsəd rejimi tərəfdən Suriyadakı münaqişəyə müdaxilə edən Rusiya buradakı hərbi əməliyyatlara milyardlar xərcləyir ki, bu da onun iqtisadi vəziyyətini kəskin pisləşdırır. Krımın ilhaqına görə Rusiya Amerika və Avropanın sərt sanksiyaları ilə üzləşib. Sanksiyalar Avropa bazarından asılı olan Rusiyanın iqtisadiyyatına neqativ təsir göstərib.
"Alkhaleej Online" (Böyük Britaniya) yazır ki, "Rus ayısı" Bəşər Əsəd rejiminin çökməsinin qarşısını almaq məqsədiylə hərbi, siyasi və maddi-texniki yardım üçün böyük vəsaitlər xərcləyir. Moskva Suriyada özünün iqtisadi, hərbi və strateji maraqlarını qorumağa cəhd göstərir. "Haleej onlline" məlumat agentliyi Rusiyanın Suriyadakı hərbi əməliyyatları ilə bağlı rəsmi və qeyri-rəsmi məlumatları analizdən keçirərək, müharibəyə çəkilən ümumi xərcləri hesablamağa çalışmaqla yanaşı, Moskvanın çatmaq istədiyi hədəfin nədən ibarət olmasını da aydınlaşdırmaq istəyib.
Böyük Britaniyanın müdafiə məsələləri ilə məşğul olan "HIS-Janes Information Group" institutunun 2015-ci il 26 oktyabr tarixində dərc olunan məruzəsinə əsasən, bir aydan az müddət ərzində Rusiya Suriyada keçirdiyi hərbi-hava əməliyyatlarına 2,3 milyondan 4 milyon dollaradək vəsait xərcləyib. Həmin xərclərə bombardman zamanı istifadə olunan silahların, raket və bombaların qiyməti, avadanlıqlara texniki baxış və həmçinin də insan resurslarına çəkilən məsrəflər daxildir.
Araşdırmanın gəldiyi nəticəyə görə, Rusiya hərbi təyyarəsinin bir saatlıq üçüş xərci 12 min dollara başa gəlir. Araşdırmada deyilir ki, Rusiya Himeymim bazasında işləyən zabitlərin aylıq məvacib və bonusuna, həmçinin də onların qidalanmasına ayda 440 min dollar xərcləyir. Rusiya Hərbi Dəniz Donanmasından Suriya ərazisinə buraxılan hər bir raketin dəyəri 1,2 milyon dollardır.
"Aş Şark Əl-Əvsət" qəzetinin məlumatına görə, Suriyadakı rus hərbçilərinin sayı üç min nəfərdir. Onlar arasında ekspertlər, pilotlar, monitorinq nəzarəti üzrə mütəxəssislər, Suriyanın Tartus portundakı dənizçilər və hərbi bazaları mühafizə edən quru qoşunlarının elit batalyonları daxildir. Hərbi ekspertlər qəzetə bildiriblər ki, Rusiya Hərbi-Hava Donanmasının Suriyadakı qırıcılarının, bombardmançı təyyarələrinin və döyüş vertolyotlarının sayı 40-dan 60-a qədər dəyişir. Amma digər ekspertlər iddia edirlər ki, bu say 100-ü ötür.
Suriyada Rusiya hərbi kampaniyasının neçəyə başa gəlməsi barədə digər məlumatları "Rossiyskaya qazeta" verir. Qəzetin 9 yanvar 2016-ci il tarixdəki məlumatında deyilir ki, 2015-ci ilin 30 sentyabrından həmin ilin noyabrınadək, Moskva bu istiqamətdə 4 milyard dollar xərcləyib.
Rusiyanın Suriyadakı əməliyyatlarda çəkdiyi xərc barəsində rəsmi məlumatlar araşdırma mərkəzlərinin göstərdiyi məlumatlardan fərqlənir. Rusiya və Qərb araşdırma mərkəzlərinin olmasının fərqi yoxdur. 17 mart 2016-cı ildə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriyadakı hərbi əməliyyatlar Rusiyaya 478 milyon dollara başa gəlib. Rusiya prezidentinin bəyanatından irəli gələn rəsmi mənbəni nəzərə alıb, deyə bilərik ki, hərbi əməliyyatların ilk 167 günü ərzində çəkilən xərcləri günlərə bölsək, onda hər gün üçün çəkilən məsrəf 2,87 milyon dollar təşkil edər.
Suriyadakı hərbi əməliyyatların neçəyə başa gəlməsi barəsində Putinin bəyanatının ardınca "IHS" beynəlxalq fondunun məruzəsi çap olundu. Bu fond qlobal perspektiv və müxtəlif sektorlar üzrə informasiyanın mühüm mənbəyi sayılır. 18 may 2016-cı ildə dərc edilən məruzədə göstərilir ki, Rusiyanın Suriyadakı əməliyyatlara çəkdiyi xərc 700 milyon dollar təşkil edib. Son statistik məlumata əsasən, Rusiya 30 ay ərzində (2015-ci ilin 15 sentyabrından 2018-ci ilin 28 fevralınadək) Suriyadakı hərbi əməliyyatlara təxminən 3,06 milyard dollar, yəni Rusiya Ümumi Daxili Məhsulunun 0,2 faizi qədər pul xərclənilib.
"Rossiya seqodnya" saytındakı məlumata görə, Rusiya Hərbi Hava Qüvvələri 2015-ci ilin 30 sentyabrından 2017-ci ilin 20 sentyabrınadək 30 650 uçuş edib və 92 006 aviazərbə endirib. Bu rəqəmlər əsasında Rusiya HHQ son iki il ərzində Suriyadakı əməliyyatların neçəyə baş gəlməsini öyrənmək mümkündür. Böyük Britaniyanın "Janes" hərbi jurnalının hesablamasına əsasən, Rusiya təyyarəsinin hər bir üçuşu 18 min dollar təşkil edir. Onda deyə bilərik ki, 30650 reydin toplam dəyəri 551,7 milyon dollardır.
Əgər biz hər bir raketin dəyərini 10 min dollar dəyərləndirən "Yaxın Şərq strateji araşdırmalar mərkəzi"nin məlumatlarına söykənsək, onda Rusiyanın hava bombardmanlarının ümumi dəyəri 920,6 milyon dollar olacaq. Yuxarıda göstərilən məlumatlar göstərir ki, iki il ərzində Rusiya HHQ aviasiyanın uçuşuna və bombardmanlar üçün 1,471 miyon dollar sərf edib. Bu rəqəmlər Rusiyanın 2016-cı ildəki hərbi xərclərini aydın göstərir. Dünya problemlərinin araşdırılması üzrə Stokholm institutunun məlumatına əsasən, Moskvanın 2016-cı ildəki hərbi xərcləri 69,2 milyard dollar təşkil edib. Bu isə 2015-ci il illə müqayisədə çoxdur, belə ki, 2015-ci ildəki hərbi xərclər 66,4 milyard dollar olmuşdu. Bütün bu xərclər Rusiyanın iqtisadi çətinliklərini artırır. 2014-cü ildə Krımın işğalına görə Rusiya Amerika və Avropa sanksiyaları ilə qarşılaşıb. Rusiya iqtisadiyyatı həmçinin neftin qiymətinin düşməsinə görə sarsılıb.