“Rusiya Türkiyəni öz alyansına dəvət edə bilər” Dünya

“Rusiya Türkiyəni öz alyansına dəvət edə bilər”

Ötən günlərdə ABŞ prezidenti Donald Tramp verdiyi açıqlamada "ABŞ Rusiyadan S-400 sistemlərini aldığı üçün NATO müttəfiqi Türkiyəyə F-35 təyyarələrini satmayacaq" demişdi.
Aydın məsələdir ki, ABŞ Türkiyənin geri addım atması üçün məhz onun ən zəif yerindən istifadə etməyə çalışır.
Atlas Araşdırmaları Mərkəzinin eksperti Turan Rzayev “Xalq Cəbhəsi”nə bildirib ki, Türkiyə istər milli kimliyi, istərsə də ölkə maraqları naminə daim ordusunu modern və dünya orduları içərisində ilk sıralarda tutmağa çalışan bir ölkədir:”ABŞ bunu yaxşı bilir. Bu gün Rusiyanın müdafiə sənaye şirkəti Rostehin rəhbəri olan Sergey Çemezov qatıldığı inkişaf etməkdə olan Rus-Türk hərbi əlaqələriylə bağlı mətbuat konfransında Rusiyanın Türkiyəyə Su-35 təyyarələrini satmağa hazır olduğunu bildirib. Göründüyü kimi Rusiya Türkiyəyə Su-35 təyyarələrini satmağa hazırdır.Əslinə qalsa Türkiyə tərəfi də F-35-lərlə bağlı çıxa biləcək hər hansı bir problemə qarşı alternativ olaraq Rusiya istehsalı olan Su-35 təyyarələrini diqqət mərkəzində saxlamaqdadır. Bunu məhz Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın tez-tez çıxışlarında "ABŞ F-35 təyyarələrin satmasa “biz də ruslardan alarıq" ifadələrindən görə bilərik.Onu da qeyd edim ki, ötən günlərdə Tramp çıxışında Türkiyənin Rusiyadan S-400 raketlərini alması səbəbiylə F-35 raketlərini satmayacağını açıqlamışdı. Bu zaman belə bir sual ortaya çıxır - Türkiyə S-400-in ardından bu dəfə də Rusiyadan Su-35 təyyarələri alacaqmı?
Düşünürəm ki, Türkiyənin Rusiyadan Su-35 təyyarələrini almaması üçün xüsusi bir səbəb yoxdur:
Birincisi, Su-35 təyarələri də F-35 təyyarələri kimi son texnologiya məhsuludur və hərbi təyyarələr içərisində lider mövqedədir. Yəni qısaca desək F-35 təyarələriylə eyni, hətta texnik xüsusiyyətlərinə görə daha qabaqcıldır.
İkincisi, S-400 raketlərində olduğu kimi “Su” markalı rus istehsalı təyyarələrdə digər NATO ölkələrində var.
Üçüncüsü, ABŞ Patriotların ardından F-35 təyyarələrini Türkiyəyə satmaq istəmirsə Türkiyə də öz milli maraqları naminə ordusunu çətinləşdirmək üçün alternativ təklifləri dəyərləndirmək ixtiyarına sahibdir.
Düşünürəm ki, ABŞ F-35 təyyarələrini Türkiyəyə satmayacağı təqdirdə Patriotların aqibətiylə üzləşəcək. Bu isə birinci növbədə ABŞ silah sənayesi üçün ciddi itki olacaq. Digər yandan isə Türk-rus əməkdaşlığını bir qədər də möhkəmləndirəcək.
Son olaraq onu da deyim ki, bu gün Rusiya regionda Türkiyə üçün etibarlı tərəfdaşa çevrilməkdədir.Düşünürəm ki, ABŞ Türkiyəyə qarşı ikili standartlar tətbiq etməyə davam etsə, gələcəkdə Rusiya Türkiyəni öz alyansına dəvət edəcək”.