Almazbek Atambayev 11 il 2 müddətinə azadlıqdan məhrum edildi Dünya

Almazbek Atambayev 11 il 2 müddətinə azadlıqdan məhrum edildi

Bişkekin Pervomaysk rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev barədə hökm çıxarıb.
Almazbek Atambayev “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, həmçinin kütləvi iğtişaşlar törətmə, hökumət qüvvələrinə qarşı güc tətbiq etmə, dövlət çevrilişi, korrupsiya, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmə və digər cinayətlərdə ittiham olunub.
Prokurorluq eks-prezidentin həbs müddətini 15 il tələb etsə də, məhkəmə dövlət mükafatları və əmlakı müsadirə olunmaqla onun 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar verib.
Xatırladaq ki, ötən il avqustun 7-8-də sabiq prezidentin həbs edilməsi ilə bağlı keçirilən əməliyyatda 136 nəfər xəsarət alıb, xüsusi təyinatlı qüvvələrin bir əməkdaşı həlak olub. Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılıb.
Sabiq prezident 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.