“Qərb rus ayısını zəncirləmək istəyir” Dünya

“Qərb rus ayısını zəncirləmək istəyir”

Vladimir Putin: "Mən hərdən düşünürəm ki, bəlkə bizim ayımız sakit otursun, tayqada qabanları qovalamasın, bunun əvəzində giləmeyvə, bal yesin, bəlkə belə olsa, onu rahat buraxarlar"

Türkiyənin iştirakı olmadan regionda bir çöx məsələləri həll etməyin mümkün olmadığını deyən Putin Ərdoğanı "krepkiy mujik" adlandırıb

Dünən Rusiya prezidenti Vladimir Putin Yeni il ərəfəsində 10-cu böyük mətbuat konfransını keçirib. Konfransda Rusiya prezidenti başa çatmaqda olan ilin yekunları, iqtisadiyyatda yaranan çətinliklər və müsbət məqamlardan danışıb. Vladimir Putin, həmçinin Ukraynaya münasibətinə də toxunub. Mətbuat konfransında müxtəlif ölkələrdən 1200-dən artıq jurnalist iştirak edib.
Putin Rusiyanı Qərbin zəncirləmək istədiyi ayıya bənzədib. O bildirib ki, Rusiya hər məsələdə və atdığı hər addımda problemlər, ona qarşı mübarizə və opponentliklə qarşılaşır: "Mən Valday klubunda çıxışımda bizim ən çox tanınan simvolumuz olan və tayqanı qoruyan ayıdan bir misal çəkmişdim. Mən hərdən düşünürəm ki, bəlkə bizim ayımız sakit otursun, tayqada qabanları qovalamasın, bunun əvəzində giləmeyvə, bal yesin, bəlkə belə olsa, onu rahat buraxarlar. Yox, rahat buraxmazlar. Hər zaman onu zəncirləməyə çalışacaqlar və buna nail olan kimi, onun dişlərini və dırnaqlarını sökəcəklər".
Rusiya prezidentinin sözlərinə görə, böhrandan çıxmaq üçün ölkəsinə ən pis halda iki il vaxt lazım olacaq. Onun fikrincə, Rusiya iqtisadiyyatındakı hazırkı vəziyyət hər şeydən əvvəl xarici amillərlə əlaqəlidir. V.Putin, həmçinin ümid etdiyini bildirib ki, xarici valyutaların məzənnələrinin azalması və rublun möhkəmlənməsi tendensiyası qorunacaq: "Ölkə iqtisadiyyatında vəziyyət pisləşsə, planlarda düzəlişlər etmək lazım olacaq".
Prezident əlavə edib ki, Rusiyanın 8,4 trilyon rubl həcmində olan ehtiyatları bütün sosial öhdəlikləri icra etməyə imkan verəcək.
Onun sözlərinə əsasən, böhran vəziyyətinin həll edilməsi zamanı Mərkəzi Bank və hökumətin fəaliyyəti kollektiv və düşünülmüş, lakin bir-birinin səlahiyyətinə müdaxilə etmədən olmalıdır: "Bununla yanaşı, benzin və qida məhsullarının qiymətlərinin artmasına nəzarət etmək, hər gün istehsalçılarla görüşmək lazımdır".
Xarici əlaqələrə gəlincə, Putin bildirib: "Tərəfdaşlarımız qərara gəliblər ki, onlar imperiyadır, qalanları isə sıxışdırılmalı olan vassallardır".
Purin daha sonra deyib: "Bizdə saray çevrilişi ola bilməz, çünki bizdə saraylar yoxdur".
V. Putin qeyd edib ki, Rusiyadakı sabitlik xalqın dəstəyinə əsaslanır: "Saraylarımız yoxdur, bizdə Kreml var və o, etibarlı şəkildə qorunur. Lakin sabitliyimiz buna əsaslanmır. Xalqın dəstəyindən etibarlı baza yoxdur".
Rusiya prezidenti Vladimir Putin "Dojd" telekanalının müxbiri Kseniya Sobçakın "Ramzan Kadırov bəyan edib ki, Çeçenistan ərazisində Rusiya qanunları işləmir. O deyib ki, terror aktlarında iştirak edənlərin qohumları cəzalandırılacaq. Siz bu insanları müdafiə edəcəksinizmi?" sualını da cavablandırıb: "Rusiyada hamı qanunlara hörmət etməlidir. Məhkəmənin qərarı olmadan heç kim günahkar elan edilə bilməz. Lakin bu, heç kimə, o cümlədən Çeçenistan rəhbərinə icazə vermir ki, belə danışsın".
Çeçenistan rəhbəri R. Kadırovun emosional çıxışını başa düşdüyünü deyən Rusiya prezidenti çeçen cəmiyyətinin ondan məhz bunu gözlədiyini vurğulayıb. Bununla yanaşı V. Putin Kadırovun belə danışmağa haqqının olmadığını deyib.
Putin Türkiyənin və prezident Ərdoğanın ünvanına xoş sözlər deməyi də unutmayıb: "Rusiya və Türkiyənin üst-üstə düşən xeyli regional maraqları var və Türkiyənin iştirakı olmadan bu məsələləri həll etmək mümkün deyil. Rusiya Türkiyə ilə münasibətlərə maraq göstərir və Moskva bu münasibətləri inkişaf etdirəcək".
Avropanın Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa vadar edəcəyinə əmin olduğunu deyən Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bəzi məsələləri ictimailəşdirməməyi təklif etdiyini, lakin onun bundan imtina etdiyini bildirib.
V. Putin Ərdoğanı "krepkiy mujik" (güclü xarakterə malik kişi-red.) adlandırıb.
Kipr məsələsinə toxunan RF Prezidenti qeyd edib ki, Moskva balanslaşdırılmış mövqe tutmağa və adanın həm Türkiyə, həm də yunan tərəfini qane edə biləcək həll yolunu tapmağa çalışır: "Bizim Türkiyə ilə çox səmimi münasibətlərimiz var. Biz həmişə olduğu kimi, məsələnin balanslaşdırılmış həlli üçün səy göstərəcəyik. Türkiyə iqtisadiyyatı artır və enerji resurslarına ehtiyac duyur. Türkiyə özünün daxili bazarı üçün enerji resurslarının artırılması barədə məsələni gündəmə gətirir. Ölkələrimiz artıq qaz məsələləri üzrə əməkdaşlıq edir və Ankara "Cənub axını" qaz kəməri vasitəsilə qaz alır: "Ölkələr artıq qiymət formullarına, eləcə də tədarük qrafiklərinə malikdirlər və Rusiya əlavə qaz həcmləri satmağa hazırdır".
Türkiyə və Yunanıstan sərhədində qaz qovşağının yaradılması imkanları məsələsini şərh edərkən V. Putin deyib ki, bu, avropalı tərəfdaşlardan asılıdır.
Prezident əlavə edib ki, qovşağın yaradılması Rusya qazını Yunanıstan, Makedoniya, Serbiya və Baumqartenə (Avstriya) tədarük etməyə imkan verəcək.