Obamanın dişsiz siyasəti, Kremlin sərt həmlələri və ya Cənubi Qafqazda itirən kimdir? Dünya

Obamanın dişsiz siyasəti, Kremlin sərt həmlələri və ya Cənubi Qafqazda itirən kimdir?

ABŞ-ın "The National İnterest" nəşri ABŞ – Rusiya qarşıdurmasında Obamanın dişsiz siyasəti və Moskvanın post-sovet məkanında geniş əl-qol açmasını şərh edib. Nəşr Azərbaycanın əsas faktor olduğu Cənubi Qafqaz regionunda ABŞ təsirlərinin zəiflədiyi xəbərdarlığını edib.
ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə keçmiş müavini Dov Zaxeymin qələmə aldığı məqalədə Barak Obamanın xarici siyasəti ikinci plana çəkdiyi və daha çox prezidentlik dövrünün son həlqəsinə qədəm qoyduğu bildirilir: "Neft qiymətlərinin düşməsi nəticəsində ölkə daxilində məşğulluğun azalması, inflyasiyanın artması qarşıdakı iki il ərzində Obamanın diqqətini xarici siyasət prioritetlərindən yayındıracaq. Lakin bu rahat olsa da, təhlükəlidir. Obamanın belə yanaşması onun müdafiə mövqeyi ilə əsaslandırılıb. O, xarici siyasətdə ən əhəmiyyətli istiqamət kimi Əfqanıstan və İraqa baxır. Bu iki ölkədə işlər çox pis gedir.
Lakin bu uğursuzluq heç də ABŞ-ın öz gücünü qoruması üçün passivliyə qapılması demək deyil. Obamanın Əfqanıstan və İraqdan qoşunlarını çıxarması əzablı düşüncələrin nəticəsi deyildi. Onun fikrincə, ABŞ kənar torpaqlarda müharibəyə qoşulduğu vaxt, həmişə itkilərlə qarşılaşır. Obama İranla, həmçinin, İsrail və Fələstin arasında problemi danışıqlar yolu ilə həll etməyə çalışaraq hərbi öhdəliklərdən boyun qaçırır. Rusiyaya qarşı sanksiyaları gücləndirməməyə çalışır, İranla saziş bağlamaq, yaxud bu məsələni növbəti administrasiyanın çiyinlərinə qoymaq istəyir. Suriya müxalifətini silahlandırmağa tələsmir, Yaxın Şərqdə davam edən müharibələrdə yerüstü gücləri cəlb etməkdən imtina edir. Kuba ilə münasibətlərin normallaşması təşəbbüsləri reklam olunur. Lakin beynəlxalq təhlükəsizlik maraqları onun diqqətini və aktiv iştirakını tələb edəcək. Bu onun xoşuna gəlsə də, gəlməsə də. Amerikaya hərbi, siyasi və ya diplomatik hökmranlığı təmin etmək üçün yeni proqram lazımdır".
Dov Zaxeymə görə, ABŞ siyasi oriyentasiyasını dəyişməyə Rusiyadan başlamalıdır.
"1968-ci ildə SSRİ Çexoslovakiyaya hücum edərkən heç bir Avropa dövləti müdaxilə etmədi. 2008-ci ildə Rusiya Gürcüstana girdi, Abxaziya və Cənubi Osetiya itirildi. Burda kukla rejimlər yaradıldı. Eyni taleyi Azərbaycan 1990-cı ildə yaşadı. Bu ölkənin torpaqları hesabına Rusiyanın dəstəyi ilə Ermənistanda qondarma rejim yaratdı. Moldovada Dnestryanı problemi yaşandı. Nəhayət, 2014-cü ildə Krım zəbt edildi, indi Luqansk və Donestkdə eyni ssenarilər yaşanır. Vaşinqton isə yalnız danışmaq və bəyanat verməklə məşğuldur. Hazırda ABŞ Çexiya və Polşada raket əleyhinə müdafiə sistemlərini yerləşdirməyi planlaşdırır. Amma Rusiya hansısa formada buna maneələr yaradır. Obama administrasiyası isə bu məsələdə daim tərəddüd edir", - deyə məqalədə qeyd olunur.
Müəllif yazır ki, Obama administrasiyasının dişsiz siyasəti nəticəsində Rusiya post-sovet məkanında öz qarmaqlarını genişləndirir: "Təkcə İraq və Əfqanıstana önəm verməklə ABŞ-ın fövqəlgücünü qorumaq mümkün deyil. Rusiya öz işindədir. Sanksiyalar Moskvaya təsirini çox da göstərmir. Bəlkə də neft düşməsəydi, tətbiq olunan sanksiyalar Rusiyanın tükünü belə tərpətməyəcəkdi. Obama administrasiyası daxili məsələlərlə məşğul olduğu bir vaxtda, Putin Baltikanı təhdid edir, Cənubi Qafqazda təsir imkanlarını artırır, Mərkəzi Asiyaya gedən yolları bağlayır".
Dov Zaxeym Obamanın müttəfiqlərini incitməsini ən böyük yanlış siyasət adlandırır.
"İstər İsrail, istər britaniyalılar, istər Avropanın digər məkanlarındakı müttəfiqlər, istərsə Asiya və Rusiyanın sərhədləri yaxınlığında yerləşən Cənubi Qafqazdakı müttəfiqlər Obamaya etibar etmir. Bu, olduqca yanlış siyasətdir və ABŞ-ın milli maraqlarının ziddinədir", - deyə məqalədə vurğulanır.