Rusiyada dəhşətli çevriliş planı? Dünya

Rusiyada dəhşətli çevriliş planı?

Vladimir Putin: "Biz "rəngli texnologiyalar"dan istifadə cəhdi ilə qarşılaşırıq"

"Rusiyanın ictimai həyatına "rəngli texnologiyalar"ın tətbiqi təhlükəsi var". "RİA Novosti" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında deyib.
"Ekstremistlər daha da inkişaf etmiş hala çatıblar. Biz "rəngli texnologiyalar"dan istifadə cəhdi ilə qarşılaşırıq. Onlar küçələrdə qanunsuz yürüşlərdən başlayaraq, sosial şəbəkələrdə düşmənçilik və nifrət toxumu səpməyi təşkil edirlər. Ekstremizm davakar milliyyətçiliyin zəhəridir", - Rusiya prezidenti vurğulayıb.
Putin deyib ki, Rusiya hüquq-mühafizə orqanları Boris Nemtsovun qətli kimi siyasi xarakterli cinayətlərin açılmasına çox ciddi diqqət yetirməlidir".
O bildirib ki, Rusiyanı gələcəkdə bu cür faciələrin baş verməsindən qorumaq lazımdır:
"Səs-küylü cinayətlərə, o cümlədən siyasi xarakterli olanlara çox ciddi diqqət yetirilməlidir. Rusiyanı nəhayət ki, bu yaxınlarda gördüyümüz və yaşadığımıza bənzər biabırçılıqdan və faciədən qurtarmaq lazımdır. Mən Boris Nemtsovun birbaşa paytaxtın mərkəzində həyasızcasına öldürülməsini nəzərdə tuturam".
Rusiya hökumətinin keçmiş sədr müavini Alfred Kox isə Boris Nemtsovun qətlindən sonra öz həyatına görə narahat olduğunu deyib. Bu barədə o, "Bild" alman nəşrinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, ötən ilin payızında o, Yuxarı Bavariyanın kəndlərindən birində Rusiya müxalifətinin indiki və əvvəlki liderlərinin iştirakı ilə üçgünlük gizli görüş təşkil edib. Sabiq siyasətçinin dediyinə görə, görüşdə Boris Nemtsov, Mixail Xodorkovski və Rusiya hökumətinin adını çəkmək istəmədiyi bir çox digər keçmiş üzvləri də iştirak ediblər.
"Söhbət zamanı müxalifətçilər "Putin hakimiyyətini necə sındırmağın yolunu" axtarıblar", - deyə məqalədə qeyd edilir. Görüş iştirakçılarından biri – keçmiş gürcü nazir və Rusiya prezidentinin düşməni Kaxa Bendukidze həmin görüşdən cəmi bir neçə həftə sonra guya ürək problemindən dünyasını dəyişib: "Qorxuram ki, o və Nemtsov – siyahıda öz həyatları ilə vidalaşan heç də sonuncu şəxslər deyillər"
Bu arada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib ki, Boris Nemtsovun qətli ilə bağlı işi aparan istintaq orqanı şübhəli şəxsləri müəyyən edib.
Jurnalistlərin müvafiq suallarına cavab verən A.Bortnikov bildirib ki, şübhəli şəxslər həmişə var.
Bir müddət əvvəl bildirilib ki, İstintaq Komitəsi siyasətçinin qətlinin ən az 5 mümkün versiyasını yoxlayır.