“Milli-mənəvi dəyərlər və KİV” Hadisə

“Milli-mənəvi dəyərlər və KİV”

Treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim edilib

Dünən Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlər başa çatıb.
Bununla bağlı dünən keçirilən tədbirdə çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin dini mövzuda maariflənməsinin vacib olduğunu söyləyib.
QMİ sədri sovet dövründə dini dəyərləri qorumaq üçün çalışdıqlarını söyləyib: "Bu gün hər kəs İslamdan, dindən danışır. Bu gün Türkiyədə, İranda, başqa ölkələrdə dini mövzularda işıq üzü görən yazıları bəziləri olduğu kimi Azərbaycan dilində dərc edirlər. Ancaq Türkiyədə, İranda, Səudiyyə Ərəbistanında dinə münasibətlə Azərbaycanda dinə münasibət arasında fərqlər var".
QMİ sədri bildirib ki, gələcəkdə universitetlərin birində islam jurnalistikası fakültəsi açmaq niyyətləri var: "Gələcəkdə bu treninqlərdə iştirak edən jurnalistlərin də potensialından bu istiqamətdə yararlanmaq istərdik".
"Hər bir məscid dindarların, dini icmanın və ianələrin hesabına yaşamalıdır. Ancaq indi məscidlərin hamısı ianə istəyir"-deyən Paşazadə istənilən şəxsə din xadimi kimi yanaşılmasını düzgün saymayıb: "İndi dünyada kim istəyir saqqal qoya bilər, ancaq bunların hamısı din xadimləri deyillər. QMİ-nin din xadimlərinə müvafiq vəsiqələr verilir".
A. Paşazadə dini xurafatın təhlükəli olduğunu vurğulayıb: "Din o qədər xurafatlaşdı ki, müəyyən cərəyanlar yarandı".
Daha sonra treninqdə iştirak edən jurnalistlər fikirlərini bölüşüb, treninqlər zamanı dini mövzular barədə geniş məlumatlar əldə etdiklərini bildirib, gələcəkdə treninqlərin daha yüksək səviyyədə təşkil edilməsi barədə təkliflərini səsləndiriblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "reket jurnalistlər"in jurnalistikanı gözdən saldığını və əsl jurnalistikanın xüsusi hörmətə layiq olduğunu qeyd edib: "İnanıram ki, jurnalistlərin dini mövzuda biliklərinin artırılması ilə bağlı treninqlər gələcəkdə də keçiriləcək".
Treninqlərin əhəmiyyətindən danışan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov milli-mənəvi dəyərlərlə bağlı jurnalistlər arasında müsabiqə keçirilməsini təklif edib.
Daha sonra treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.