KIVDF 33 qəzetin layihəsini maliyyələşdirəcək Hadisə

KIVDF 33 qəzetin layihəsini maliyyələşdirəcək

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
Gündəliyə əsasən Müşahidə Şurasının iclasında Fondun 2018-ci ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi və təsdiqi, eləcə də cari məsələlər müzakirə olunub.
Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən Vüqar Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb.
Həmin qəzetlərin layihələrinin 2017-ci ilin II yarısında Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Ramiz Əskər, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

2018-ci ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı