FHN-də Gənclər Günü münasibətilə tədbir keçirilib Hadisə

FHN-də Gənclər Günü münasibətilə tədbir keçirilib

Fevralın 2-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak ediblər.
Mehman İsmayılov Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq, 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışıb.
Nazir müavini Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri 2 fevral - Gənclər Günü münasibətilə təbrik edib, vurğulayıb ki, Azərbaycanda gənclər siyasətinin banisi Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olub.
Qeyd edib ki, bu siyasəti uğurla davam etdirən prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir və möhtərəm prezidentimizin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar bunun ən bariz nümunəsidir.
Nazir müavini bildirib ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.
Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin rolundan danışıb. O, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqsədilə Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin zabiti Xaliq Həsənli onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib.

Çıxışlardan sonra xidmətdə fərqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş nazirliyin bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.