Ana ölümlərinə görə 8 həkim işdən çıxarılıb Hadisə

Ana ölümlərinə görə 8 həkim işdən çıxarılıb

Səhiyyə Nazirliyində Azərbaycan Respublikasında doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş kollegiya iclası keçirilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhiyyə Nazirliyin Kollegiya üzvləri, Doğuşayardım Xidmətinin təşkili xidmətinin baş mütəxəssisləri, Perinatal Mərkəzlərinin rəhbər və məsul şəxsləri, Doğum evlərinin rəhbərləri, mamagenikoloqları, qadın məsləhətxanalarının baş həkimləri, ETİ Pediatria İnstitunun rəhbərliyi və.s səlahiyyətli şəxslər iştirak edib.
Respublikanın baş mamaginekoloqu Sevinc Məmmədova 2018-ci ilin 8 ayının hesabatı və nəzərdə tutulan layihələrin tətbiqi üçün təkliflər planı ilə çıxış edib. Bildirib ki, respublikada baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib.
Son illər ərzində səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları, əhalinin pulsuz tibbi xidmətlə təmin olunması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi və başqa geniş miqyaslı tədbirlər ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaradıb.

Respublikamızda doğuşayardım xidməti perinatal konsepsiyaya uyğun qurularaq beynəlxalq standartalara müvafiq həyata keçirilir. Belə ki, respublikamızda antenatal qulluq ilkin səhiyyə müəssisələrində: müstəqil və MRX nəzdində qadın məsləhətxanalarında, feldşer mama məntəqələrində, kənd sahə xəstəxanasında, kənd həkim ambulatoryasında, ailə planlaşdırılması mərkəzlərində, polikilinikaların nəzdində mama-ginekoloji kabinetlərdə göstərilir.
Doğuşayardım xidməti Respublika üzrə I səviyyəli- 53, II səviyyəli -18, III səviyyəli – 10 doğuşayardım tibb müəssisələrində göstərilir. 8 ay ərzində respublikada ümumi qeydiyyata götürülən hamilələrin sayı 76020 olub. Onlardan 39701 (52%) hamiləliyin erkən müddətində qeydiyyata alınıb. Qeydə alınanlar arasında risk qrupuna daxil olanların sayı 27834 (37 %) təşkil edib.
Ekstragenital patologiyaların strukturuna gəldikdə respublika üzrə 41% anemiyalı, 28% uşaqlıq üzrərində çapıqlı, 4% ürək, 6% böyrək, 2% preeklampsiyalı və 27 % digər xəstəliklər təşkil edib. Qadın məsləhətxanalardan alınan məlumata əsasən, respublikada ümumi doğuşların sayı 71477 təşkil edib. 8 ay ərzində Dövlət Statiastika Komitəsindən alınan rəqəmlərə görə ümumi doğuşların sayı 89202 olub. Doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.
Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramına uyğun olaraq, hamiləlik registiri təkmilləşdirilərək müvafiq təlimatlar keçirildikdən sonra respublika üzrə tətbiq olunub. Bakı şəhəri üzrə 16 müəssisə , rayonlar üzrə 39, özəl tibb müəssisəslərindən 5 müəssisə hamilələr haqqında məlumatları daxil edirlər.
8 ay ərzində Perinatal Mərkəzlərdən Şəki RPM - 1189 doğuş (qk 21%), Gəncə RPM – 2470 doğuş (qk 44%), Quba RPM -1532 doğuş (qk 22%), Lənkəran RPM – 1080 (qk 50%), Sabirabad RPM -1579(qk 37%), Respublika Perinatal Mərkəzində 1640 (qk 58%), ETMGİ -1462 (qk 63,4) olub.
Ana və uşaqlara göstərilən tibbi xidməti Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindəddir, hər bir ana və uşaq ölümü hadisələri mütəmadi olaraq təhlil olunaraq aşkar edilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. 8 ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmazlığı, anestezioloji qüsur olub.
Hər bir ana ölümü Doğuşayardım Komissiyası tərəfindən müzakirə olunub və müvafiq tədbirlər görülüb. İşlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilib: 1 baş həkim ,1 Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestezioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi. Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və təkmilləşmə kurslarına göndərilib.