Qarabağa dair alman dilində kitab təqdim edilib Hadisə

Qarabağa dair alman dilində kitab təqdim edilib

Oktyabrın 24-də Bakı Slavyan Universitetində (BSU) "Qarabağın müsəlman azərbaycanlı elitası siyasi təlatümlər içərisində və müasirləşmə yolunda (1850-1940)" kitabının təqdimat mərasimi olub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Kitabın müəllifləri Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Yeva-Mariya Aux və Rasim Mirzəyevdir.
Mərasimdə prorektor Rafiq Novruzov kitabın elmi-siyasi əhəmiyyətindən danışıb. O, alman dilində belə bir kitabın ərsəyə gəlməsini dünyanın Qarabağ həqiqətləri ilə tanış olmasında yeni addım kimi dəyərləndirib. R.Novruzov kitabın ensiklopedik mahiyyət daşıdığını, orada göstərilən hər bir faktın və rəqəmin rəsmi sənədə söykəndiyini qeyd edərək, nəşrin gələcək araşdırmalar üçün də tutarlı mənbə olacağını deyib.
Sonra çıxış edən professor Rəhilə Qeybullayeva Elmin İnkişafı Fondunun son illər bir sıra önəmli layihələrə imza atdığını və bu əsərin də həmin layihələrdən biri olduğunu bildirib. O, kitabın tezliklə dünyanın digər dillərinə tərcümə edilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə universitetin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov, "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Əliş Ağamirzəyev, pedaqoji fakültənin dekanı, professor Flora Naci və digərləri kitabın məziyyətlərindən danışıb, öz arzu və təkliflərini bildiriblər.
Sonda kitabın həmmüəllifi Yeva-Mariya Aux və Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev tədbir iştirakçılarına öz təklif və fikirlərinə görə dərin minnətdarlıqlarını bildiriblər.