AzTV-nin müxbirinin oğlu intihar edib Hadisə

AzTV-nin müxbirinin oğlu intihar edib

Jurnalistin oğlu intihardan əvvəl 12 səhifəlik məktub yazıb

Azərbaycan Dövlət Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu Azər Məmmədov intihar edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 19 yaşlı Azər Şahismayıl oğlu Məmmədov yanvarın 3-də özünü güllələyib.
Yanvarın əvvəlində İstanbuldan qayıdan Azər dostları ilə Dmanisinin Dunus kəndində qohumları ilə görüşüb, onlarla bayramlaşaraq Yeni il münasibətilə qohumları təbrik edib. Sonra Azər Qardabanidəki evlərinə qayıdaraq özünü öldürüb.
Mərhumun atası Şahismayıl Məmmədov APA-ya açıqlamasında bildirib ki, oğlu 12 səhifəlik məktub yazaraq bildirib ki, bu dünyada yaşamaq istəmir: "O, belə bir cəmiyyətdə və zəmanədə yaşamaq istəmədiyini və narazılığını bildirib".
Ş.Şəmmədoğlu deyib ki, oğlu Azər Məmmədov İstanbul Universitetinin sənaye idarəetməsi fakültəsində oxuyurdu: "Azər əlaçı oxuyan tələbə idi. O, əvvəlcə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, birinci kursu bitirdikdən sonra özünü Türkiyə universitetlərində sınamaq qərarına gəlib və İstanbul Dövlət Univesitetində ingilis dilində imtahan verərək 100 mümkün baldan 97 bal toplayıb və Amerika, Almaniya və Türkiyə universitetlərində təhsil almaq hüququ əldə edib. O, ali təhsil almaq üçün Türkiyəni seçib və İstanbul Universitetinin sənaye idarəetməsi fakültəsində oxuyaraq ayda 800 lirə təqaüd alırdı. Azər 10 əcnəbi tələbədən yeganə azərbaycanlı idi ki, əlaçı olduğuna görə bu təqaüdə layiq görülmüşdü".
Ş.Şəmmədoğlunun Azərdən başqa üç qızı var.
Bu gün Azər Məmmədov Qardabaninin Kosalı kəndində torpağa tapşırılıb.