FHN Pirallahı Rayon İcra Hakimiyyətində müşavirə keçirib Hadisə

FHN Pirallahı Rayon İcra Hakimiyyətində müşavirə keçirib

Tural

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 6 may 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və FHN Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə "Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr" mövzusunda rayon müşavirəsi keçirmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov rayon ərazisində həyata keçirilən abadlıq və yenidənqurma işləri barədə məlumat vermiş, Avropa Oyunlarının ölkədə idmanın inkişafına verəcəyi töhfədən danışmışdır.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev "Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr" mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təchizatı idarələri və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışmışdır. Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat vermişlər. Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.