Eynəli bəy Sultanov Novruz bayramı və təntənələri haqqında Mədəniyyət

Eynəli bəy Sultanov Novruz bayramı və təntənələri haqqında

Qədim türklərin milli bayramları, adət-ənənələri, ritual və mərasimləri, tapınma və inancları nəinki türk alimləri, həm də digər xalqların təfəkkür sahibləri tərəfindən müxtəlif dövrlərdə öyrənilmiş və bu gün də öyrənilməkdədir. Əlbəttə, türk etnik düşüncəsində özünə yer almış bu bayramlardan hər birinin yeri önəmli görünsə də, Novruz bayramına münasibət, fikrimizcə, müstəsnalıq təşkil etməkdədir. Daha çox türklərin milli bayramı kimi tanınan Novruza (çünki onu farslar, hindlilər, taciklər, əfqanlar, puştular, urdular və başqaları da qeyd etməkdədirlər) daha çox yiyə çıxmağa ixtiyarı olanlar da, məhz biz türklərik. Məsələnin tarixinə işıq hələ lap qədim dövrlərdən tutulmuş və Novruzun hansı zaman kəsiyindən məlum olması ilə bağ¬lı xeyli mülahizələr irəli sürülüb. Azərbaycan folklorşünaslarının (M.Seyi-dovun, A.Nəbiyevin, V.Vəliyevin, B.Abdullanın, S.Rzasoyun,R. Allahverdiyevin, A.Xəlilin, A.Rama¬zanovanın və digərlərinin) araşdırmalarında bu bayramla bağlı M.Qaşqarlının, Rəşidəddinin, Ö.Xəyyamın, Ə.R.Biruninin, A.Olearinin, F.Kotovun, J.Batist Şardenin, M.Hatəm Ordubadinin, İtalyan səyyahı C.Karrerinin, Y.V.Çəmənzəminlinin, M.Təhmasibin, M.S.Ordubadinin, M.İbrahimovun və başqalarının nəzər-nöqtələri yetərincə araşdırılıb, Novruza "Avesta"da və digər mənbələrimizdə verilən mühüm yer göstərilib.
Novruzun ritual əhəmiyyəti, mifoloji xüsusiyyətləri ilə bağlı ortaya çıxan hər bir araşdırma, tədqiqat və təhlillər bu bayramın birbaşa türk etnik-milli düşüncəsi ilə bağlılığını sübut etməkdədir. Bununla belə,bu sahədəki şifahi və yazılı mənbələr müxtəlif rakurslardan öyrənilsə də, Novruzla bağlı böyük publisist, Azərbaycan maarifçiliyinin parlaq nümayəndələrindən biri Eynəli bəy Sultanovun mülahizələri, fikrimizcə, araşdırmalara yetərincə cəlb edilməyib, təhlillərdən kənarda qalıb. Onun publisistikasında Novruz bayramına həsr olunmuş bir neçə məqalə yer almaqdadır. Eynəli bəy Sultanova görə, bu bayram bütpərəstlik dövründən bizim çağlara gəlib yetişib. Onun 1914-cü ilin 9 martında "Zakavkazskaya reç" qəzetindəki yazısında qeyd olunur ki, Novruz müsəlmanlarda (yəni Azərbaycan türklərində) 9 mart günü bayram edilir. Bu, qədim xalq bayramı olmaqla yarıtarixi, yarıəfsanəvi İran şahı Cəmşid dövründən gəlir ki, həmin dövrdə bütün İran günəş kultuna, ayininə sitayiş edirmiş. Daha sonralar isə onlar bu bayramı islamla Xəlifə Əlinin öz hüquqlarını icra etməsi ilə əlaqələndirib, ona dini mahiyyət verməyə çalışıblar. Beləliklə, farslarda bu bayram milli xüsusiyyətlərdən kənarlaşdırılıb, onu şiəliyin tarixi ilə bağlamalar cəhd edilib. Eynəli bəyin söylədiyinə görə şiələr Novruz bayramını Əlinin bayramı hesab edib, Məhəmməd peyğəmbərin davamçısı olduğundan onun insanın yox, allahın hökmü ilə bu rütbəyə layiq olduğunu qeyd etmişdilər. Eyni zamanda Novruz bayramının həm də yeni ilin ilk günü olduğunu qeyd edən E.Sultanov bu bayramın heç də yeni eranın başlanğıcı anlamına gəlmədiyini söyləyib.
E.Sultanov Novruz bayramının müsəlmanlar (yəni türklər) tərəfindən necə yüksək əhval-ruhiyyədə keçirildiyini də yaxşı təsvir edərək bayramın üç gündən az davam etmədiyini və müsəlman (yəni azərbaycanlılar) məntəqələri yerləşən küçələrdə (burada Tiflis şəhəri kücələri nəzərdə tutulur) böyük canlanma olduğu, izdiham yaşandığı, rəngarəng paltar geymiş insanların şad və xürrəm şəkildə ən gözəl geyimlərdə, təmiz paltarda, gülab suyu və digər xoş qoxulu ətirlərdən istifadə etməklə gəldiklərini, hamının çöhrəsində şənlik olduğunu, tanışların bir-birinin evinə qonaq getməsini, hamının bir-birini təbrik edib, xoşbəxtlik arzulayaraq qucaqlaşıb öpüşməsini, evlərdə zəngin süfrələrin açılmasını, masalara şirniyyat, şərbət, mer-meyvələr qoyulmasının, milli mətbəxin ən dadlı, ləziz yeməyi olan aş gətirilməsinin vacibliyindən danışır. Eynəlibəy Sultanov yazır ki, Tiflisin müsəlmanlar yaşayan məhəllələrində hava qaranlıqlaşandan sonra silahlardan atəşlər aşılır, tonqallar çatılır və i.a.və s.
Eynəli bəy Sultanov "Zakavkazskaya reç" qəzetinin 1915-ci il 9 və 11 mart saylarında yenə də başqa – "Müsəlman rautu (raut - təntənə) Novruz" və "Raut Novruz" məqalələrində Tiflisdə keçirilən Novruz bayramı ilə bağlı əlavəmülahizələrini ortaya qoyur. Söyləyir ki, türklərin böyük milli bayramı olan Novrüz həmin ilin 9 martında Tiflisdə Saray küçəsindəki Yeni klubda yerli Müsəlman (türk) Ziyalı Cəmiyyəti tərəfindən təşkil edilmiş və buradakı şadyanalıqda ehtiyacı olan müsəlmanlara və yerli müsəlman xeyriyyə cəmiyyətlərinə (qadın və kişi) vəsait yığımını gücləndirmək məqsədi ilə (çünki həmin vəsaitin yığımı hər il ənənəvi gecələrin ləğv edilməsi ilə bağlı nəzərəçarpacaq dərəcədə azalmışdır) raut (ingiliscə "raut" – "təntənəli gecə, qəbul") təşkil edilib.
Türklərin yeni ili hesab edilən bu bayramı xeyriyyəçilik məqsədi ilə təşkil etdiyinə görə Yeni klubun ağsaqqalları klubun zalını heç bir təmənna güdmədən türklərə veriblər. Başqa şəhərlərdən gələnlər istisna olunmaqla təntənəli gecəyə xüsusi dəvətnamə ilə heç kim çağırılmasa da, tədbir yetərincə maraqlı keşib. Yenə də adı çəkilən Yeni klubda Novruz bayramının yerli gürcü cəmiyyəyi ilə türklərlə gürcülərin birgə keçirməsi bu məclisin hamının xoşuna gəlib bundan mütəəssir olduğunu söyləyərkən, E.Sultanov həm də məsələnin rəsmi tərəfinə diqqət çəkir. Qeyd edir ki, həmin gün 1-2- radələrində buraya çoxlu insanlar yığışıb. Onların arasında Qafqazın Şeyxül-İslamı Pişnamazzadənin başçılığı ilə nümayəndə heyəti də iştirak edildi.Burada müftilik nümayəndəsi Əvəddin Əfəndi müxtəsər dua oxuduqdan sonra Şeyxül-İslam Novruz bayramının mahiyyəti ilə bağlı lakonik nitq söyləyib. Rəşidbəy Əfəndiyevin (E.Sultanov belə yazır, hər ehtimala qarşı müəllif Rəşid bəy Əfəndiyevi nəzərdə tutur) rəhbərliyi altında dualar oxunduqdan sonra yerli sənət məktəbinin şagirdlərindən ibarət xor kollektivi bir neçə milli mahnı ifa etdikdən sonra "Mnoqiye leta" rus nəğməsini də oxuyub, Axund Mövlazadə tatar (Azərbaycan türkcəsində) dilində geniş nitq söyləmiş, təntənəli gecənin məqsədindən danışıb. Bundan başqa buraya gələn İranın Baş konsulu Mir Həsən Xan da Novruz bayramı münasibəti ilə bağlı nitq söyləyib, gecəyə İran konsulluğu ilə birgə, həm də İran türklərinin nümayəndəsi qatılıb.
Maraqlı həm də burasıdır ki, Eynəli bəy Sultanovun özü də həmin gecədə iştirak edərək rus dilində nitq söyləyib. O, Novruzun sırf türklərin milli bayramı olduğunu dilə gətirməklə nitqini aşağıdakı sözlərlə bitirib: "Qoy bizim bugünkü Novruzumuz Qafqaz xalqlarının sıx dostluq və qardaşlıq həyatının yenilənmiş səhifəsi olsun!"
Bu tipli təmtəraqlı çıxışlardan sonra təntənəli gecənin təşkilatçısı olan Həcər xanım şərqli zövqü ilə hazırlanmış mer-meyvə, şirniyyat, tort, Asiya nemətləri və şərbətlə zənginləşdirilmiş masalara qonaqları dəvət edib, onlara çay və kofe də verilib. Masa arxasında knyaz Sumbatov və K.Abaşidze adlı şəxslər çıxış etdikdən sonra Həcər xanımın etdiyi nitq onlarda yüksək təəssürat oyadıb. Tiflisdə keçirilən bu rautda türklərin yuxarıdan aşağıya bütün cəmiyyətləri təmsil olunub.
Müsəlman ruhaniləri təntənəli gecəni tərk etdikdən sonra səhnədə sazəndələr, xanəndələr, xüsusən məşhur Tiflisli xanəndə Seyid öz ansamblı ilə çıxış etmiş, rautda şərq rəqsləri – "Ləzginka," "Uzundərə" və s. ifa edilib. Eynəli bəy Sultanovun şəhadətinə görə müftinin xanımı Qaibovanın milli geyimdə qızıl sikkələrlə naxışlanıb tikilmiş paltarda çıxışı da öz fərqli ifa tərzi ilə seçilib.
E.Sultanov Novruz bayramı ilə bağlı təşkil edilmiş bu təntənəli gecədə türk publisisti Ömər Faiqin (Ömər Faiq Nemanzadənin) olduqca məzmunlu və ideyalı nitqində rautun nə məqsədlə təşkilolunma mahiyyətini açıb. Sonda E.Sultanov onu da vurğulayır ki, türk qaçqınlarına xeyriyyə məqsədilə təşkil olunmuş bu yığımda qonaq olan gürcülərin xüsusi ilə fəallıq göstərməsi də təqdirəlayiq hal kimi hamının xatirində özünə yer edib.
Eynəli bəy Sultanovun Novruz bayramı ilə bağlı fikirlərinə nəzər salarkən bizi ilk növbədə belə bir fakt özünə cəlb edir ki, birinci, böyük publisistin yüz il bundan əvvəl Novruzun milli bayram olması ilə bağlı dürüst təsəvvürləri mövcud olub, ikinci, ən başlıcası isə Novruzla bağlı təntənəli gecələrin təşkil edilib ehtiyacı olanlara köməklik göstərmənin vacibliyi göz önünə qoyulub. Sultanovun söylədikləri həm də onu göstərir ki, bu gün bizim elə köməyə ehtiyacı olanlarımız (uşaq evləri, yetim sığınacaqları, ahıllar evi, əlillər evi, qayğıdan məhrum olanlar və s.) var ki, belə xeyriyyəçilik gecələri təşkil edib, onlara müəyyən yardımlar göstərib, könüllərinə həmdəm ola bilməyin özü də Novruzun humanist və bəşəri mahiyyətinə daha mühüm rəng qata bilmək qənaətini ortaya qoymaqdadır.

Nizami Tağısoy
professor