Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək Mədəniyyət

Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək

İyunun 12-dən 15-dək qədim Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Əlişir Nəvai adına Səmərqənd Dövlət Universiteti (SDU) və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iyunun 13-də Səmərqənd Dövlət Universitetində "Azərbaycan-Özbəkistan: mədəni, ədəbi əlaqələr" mövzusunda elmi konfrans təşkil olunacaq.
Konfransda AMM-nin direktoru Samir Abbasov "Azərbaycan-Özbəkistan, mədəni-ədəbi əlaqələr: həyata keçirilən çoxsaylı tədbirlər, layihələr və perspektivlər" mövzusunda çıxış edəcək, Mədəniyyət Mərkəzinin bu mövzuda hazırladığı videomaterial nümayiş etdiriləcək.
Tədbirdə qədim dövrlərdən müasir dövrə qədər iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair məruzələr dinləniləcək, Azərbaycan Turizm və Menecment Universitetinin təqdimatı olacaq.
Konfrans çərçivəsində Azərbaycanın tarixi və mədəniyyəti ilə əlaqədar kitab sərgisi də keçiriləcək.
İyunun 14-də Səmərqəndin Mərkəzi Bağında "Azərbaycan-Qafqazın dürdanəsi" adlı sərgi açılacaq. Sərgidə Azərbaycan mədəniyyətinə dair eksponatlar, rəsmlər, fotoşəkillər, xalçalar, milli libaslar nümayiş etdiriləcək, park ərazisində çoxsaylı ekspozisiyalar quraşdırılacaq. Sərgi zamanı Parkda quraşdırılacaq geniş monitorlarda Azərbaycanın turizm imkanları, Bakının və regionlarının müasir görüntülərinə dair videoçarx yayımlanacaq.
Parkın ərazisində keçiriləcək "Odlar yurdundan Türküstana sevgi ilə", "Könlüm keçir Qarabağdan" adlı fotosərgilərdə Azərbaycana, Qarabağa dair maraqlı fotoşəkillər nümayiş olunacaq, milli mətbəximiz və şirniyyatlarımız təqdim ediləcək. Parkda Azərbaycan milli geyimləri, həmçinin Qarabağ geyimlərinin sərgisi təşkil olunacaq, SDU-nin tələbələri "Qarabağ şikəstəsi"nin sədaları altında Qarabağ xanlarına, zadəgan xanımlarına məxsus geyimləri nümayiş etdirəcək.
AMM-in nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvlərinin ifasında Azərbaycan və özbək milli rəqsləri təqdim olunacaq.
İyun 15-də Səmərqənddə yaşayan tanınmış azərbaycanlı heykəltəraş, uzun illər Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd filialının rəhbəri olmuş mərhum Eynulla Əliyevin yaşadığı evdə onun xatirə lövhəsinin açılışı planlaşdırılır.
Səmərqənddə keçirilən mədəniyyət günlərinin bağlanış mərasimi iyunun 15-də Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş möhtəşəm konsert proqramı ilə başa çatacaq.
Mədəniyyət günləri çərçivəsində Səmərqənd kitabxanalarına Azərbaycanın tarixi mədəniyyəti, ədəbiyyatı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərlə bağlı kitablar hədiyyə ediləcək.