Dünya Bankı ilə kredit sazişi imzalandı İqtisadiyyat

Dünya Bankı ilə kredit sazişi imzalandı

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı arasında "Azərbaycan Magistral Avtomobil Yolu-3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi ilə bağlı görüş keçirilib. ASC-dən verilən məlumata görə, görüşdə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, Nazirlər Kabinetinin nümayəndələri, həmçinin Cəmiyyətin və bankın məsul şəxsləri iştirak ediblər. Kredit sazişi ilə bağlı keşirilən görüşdə son illər Azərbaycanda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib. Yenilənən yol infrastrukturunda Dünya Bankının rolundan bəhs edilib.
Daha sonra kredit sazişinin imzalanma mərasimi keçiriılib. Sazişi "Azəravtoyol" ASC-nin sədri S.Məmmədov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri L.Lesçenko imzalayıblar. "Azərbaycan Magistral Avtomobil Yolu-3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində 140 milyon ABŞ dolları həcmində kredit vəsaitin ayrılması nəzərdə tutulub. Kredit sazişində Azərbaycan hökumətinin payı 43,5 milyon ABŞ dollarıdır.
Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. Bu, magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi və institusional dəstək, həmçinin magistral yolların tikintisi komponentləridir. Magistral yolların tikintisi komponentinə Bakı-Şamaxı avtomobil yolunun 15-45 və 45-91-ci km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağındam 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsinin tamamlanması, həmçinin 13,3-15 və 91-107 km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq yenidən qurulması layihələri daxildir.
Qeyd edək ki, Bakı-Şamaxı avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilmiş fiziki işlərin həcmi 70%-dən artıqdır. Layihəyə uyğun olaraq yolun eni 27.50 m., ayrıcı zolağın eni 5.0 m., hərəkət hissəsinin eni 15 m., çiyinlərin eni isə 7.5 m-dir. Kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107-ci km-lik hissələrinin də genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə tender və layihə - smeta sənədləri hazırlanır. Sözügedən layihə çərçivəsində yolun ümumi eni 29.5 m., ayırıcı zolağın eni 1 m, bərkidici zolaq 1.5 m., hərəkət zolağının sayı 4 və 6 ədəd, hərəkət hissəsinin eni 9 və 15 m., səkilərin eni isə 3 metr olması nəzərdə tutulub.