SOCAR Ermənistana gedən qaz kəmərini ala bilər İqtisadiyyat

SOCAR Ermənistana gedən qaz kəmərini ala bilər

"Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-i rəsmi qaydada satışa çıxarılarsa, biz bu məsələyə baxa bilərik". Bunu "APA-Economics"ə açıqlamasında "SOCAR-Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov bildirib.
"Bizdə olan ilkin məlumata görə, Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-i satışa çıxarılır. Korporasiyanın fəaliyyət dairəsinə həm Gürcüstanın bütün resursları, həm də qaz kəmərləri daxildir. Bu barədə hələlik şifahi söhbətlər var. Heç bir rəsmi addım atılmayıb. Rəsmi şəkildə addım atılarsa, biz bu məsələyə baxmağa hazırıq", - deyə baş direktor qeyd edib.
Xatırladaq ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib ki, Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-i satışa çıxarıla bilər.
Dünən isə Ermənistanın "Joxovurd" qəzeti yazıb ki, korporasiyanın səhmlərinin satışa çıxarılması bu ölkə üçün olduqca neqativ hadisə olacaq: "Gürcüstanın ən iri investoru olan SOCAR-ın korporasiyanın səhmlərinə sahib çıxması Ermənistan üçün təhlükəlidir. Azərbaycan tərəfi Gürcüstandan Ermənistana qaz nəql edən kəmərin fəaliyyətinə maneələr törədə bilər".
Qəzetə açıqlama verən Gürcüstan parlamentinin deputatı David Çiçinadze bildirib ki, hələlik səhmlərin satışı prosesi başlamadığından potensial alıcılar barəsində danışmaq tezdir: "SOCAR Gürcüstanda hər hansı qaz və ya nəqliyyat dəhlizinə sahib deyillər, buna görə də hadisələrin bu cür inkişafının ehtimalı olduqca aşağıdır".
Bunun ardınca qəzet oxucularına ritorik sual ünvanlayır: "Görəsən, Ermənistanın Gürcüstandakı səfirliyi nə işlə məşğuldur?" Sualı müəllif özü cavablandırmaq məcburiyyətində qalır: "Orada tam biganəlik hökm sürür. Aldığımız məlumata görə, səfir Yuri Vardanyan son zamanlar səhhəti ilə əlaqədar başqa ölkələrdə olur".