İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib İqtisadiyyat

İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi gələn il fevralın 26-dan martın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək "Gulfood" beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, vahid ölkə stendində maksimum 30 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında gələn il yanvarın 31-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı 10 bal, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) 5 bal. Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır. Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə, nümayiş olunacaq məhsulların siyahısı, sahibkarın istehsal və ixrac potensialı, əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar. Sənədlər gələn il yanvarın 18-dək AZPROMO-ya təqdim olunmalıdır.