Stimullaşdırıcı vergi siyasətinə keçiləcək İqtisadiyyat

Stimullaşdırıcı vergi siyasətinə keçiləcək

Vergilər naziri Mikayıl Cabbarov: "Vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq"
"Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq". Bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək.
"Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artımı təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal funksiyanın yerinə yetirilməsi asanlaşır. Və yaxud əksinə, iqtisadi böhran, durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmalarının təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birlikdə işləyərək Vergilər Nazirliyinin əli iqtisadiyyatın nəbzi üzərində olacaq. Burada pul, iqtisadi, monetar siyasət, iqtisadi mübahisələrə ədalətli baxılması və digər əhəmiyyətli təsir göstərən amillər nəzərə alınır", - deyə M.Cabbarov vurğulayıb.
"Vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq". Bunu vergilər naziri Mikayıl Cabbarov deyib. "Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir", - deyə M.Cabbarov vurğulayıb.
"Vergi Məcəlləsinə tez-tez dəyişiklik edilməsini məqsədəuyğun hesab etmirik". "Vergi qanunvericiliyində tez-tez dəyişikliklər vergi riskləri yaradır. Mövcud Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlamışıq", - deyə M.Cabbarov vurğulayıb.
"2018-ci ildə Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür". Nazir bildirib ki, ilk növbədə Vergilər Nazirliyi "Dövlət büdcəsi haqqında" qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin etməyə çalışacaq. "İkincisi isə nazirlik üçün əsas məqsəd 2018-ci ildə bütün vergi ödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir. Bunun üçün Vergilər Nazirliyi vergi ödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır. Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki, böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lakin lazım olduğu halda kiçik vergi ödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq", - deyə M.Cabbarov vurğulayıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Vergilər Nazirliyi ilə vergi siyasəti və vergi münasibətləri sahəsində sahibkarlığın inkişafına kömək göstərilməsinə xidmət edən məlumatların mübadiləsi və məsləhətləşmələrin həyata keçirilməsini nəzərdə tutur. Bu barədə Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. ASK prezidenti qeyd edib ki, sahibkar–vergi münasibətlərində elə bir forma seçilməlidir ki, vergi ödəyicisi vergi ödəməkdən qürur hissi keçirsin. "ASK sahibkar-vergi münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək", - deyə M.Musayev bildirib.