Azərbaycanın İspaniyadakı səfiri bu ölkənin “Radio Copla” radiosuna müsahibə verib İqtisadiyyat

Azərbaycanın İspaniyadakı səfiri bu ölkənin “Radio Copla” radiosuna müsahibə verib

İspaniyanın böyük dinləyici kütləsinə malik “Radio Copla” radiosu canlı yayımda Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.

AZƏRTAC xəbər verir ki, müsahibə zamanı “Radio Copla” radiosunun aparıcısı Koldo Salasar Lopes səfir A.Məhərrəmova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, o cümlədən Ermənistanın növbəti təxribatına Azərbaycanın münasibəti, habelə bu məsələyə beynəlxalq ictimaiyyətin mövqeyi barədə suallar ünvanlayıb.

Sualları cavablandıran səfir Anar Məhərrəmov ilk öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək, Qarabağ ərazisinin tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin bu əraziyə XIX əsrin birinci yarısından etibarən köçürüldüyünü qeyd edib.

Səfir A.Məhərrəmov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmə siyasətinin həyata keçirildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Ermənistan-Azərbaycan sərhədində yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədimizin pozulmasına cəhd edərək, Azərbaycana qarşı təcavüz aktı törədib. Hərbi təxribatı həyata keçirməkdə Ermənistanın niyyətlərindən biri də iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olan Azərbaycan ərazisindən keçən enerji kəmərlərini, o cümlədən nəqliyyat və kommunikasiya xətlərini təhlükə altına salmağa cəhd etmək olub.

Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Hərbi təxribat zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilib, 28 oktyabr tarixinə olan məlumata əsasən, 69 dinc sakin həyatını itirib, 322 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, bir sıra yaşayış və inzibati binalar güclü dağıntılara məruz qalıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır.

Səfir A.Məhərrəmov bildirib ki, Azərbaycanın dinc əhalisini qətlə yetirmək məqsədi ilə ardıcıl olaraq hərbi təxribatlar törədərək sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri 2020-ci ilin 10 və 17 oktyabr tarixlərində cəbhə bölgəsindən 100 kilometr uzaqda yerləşən, ölkəmizin qədim tarixə malik, ikinci böyük şəhəri olan Gəncənin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini növbəti dəfə Ermənistan ərazisindən ballistik raket atəşinə tutub.

Gəncə şəhərində dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistanın növbəti hərbi təcavüzünə məruz qalması nəticəsində aralarında azyaşlı uşaqlar olmaqla, insanlar arasında çoxsaylı tələfat və yaralanma halları baş verib, bir çox mülki infrastruktur obyektləri dağıdılıb, beləliklə də mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulub.

Eyni zamanda, 2020-ci ilin 27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 21 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 70 nəfər ciddi xəsarət alıb.

Qeyd olunub ki, Ermənistan tərəfinin dəfələrlə humanitar atəşkəsi kobud şəkildə pozması məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.