“Azərbaycanca “Vikipediya” 50-ci yerdə qərarlaşıb” Müsahibə

“Azərbaycanca “Vikipediya” 50-ci yerdə qərarlaşıb”

Elnur Eltürk: ““Viki” komanda xaricidilli “Vikipediya”larda da fəaliyyətlər göstərirlər”

“Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” Metodik Mərkəzi fəaliyyəti göstərir. Mərkəzdə təlimçilərimiz tərəfindən “Vikipediya”da məqalə yaratmaq və ümumi qaydalarla bağlı təlimlər keçirilir. Təlimlərimiz öz müsbət nəticələrini verir. Təlim kurslarımızı uğurla bitərən könüllülərə sertifikatlar təqdim edirik. Bu gün onlarla könüllümüz Azərbaycanca “Vikipediya”da məqalələrin zənginləşdirilməsini həyata keçirirlər. Öz töhfələrini verirlər. Xatırladım ki, “Viki” komanda Azərbaycanca “Vikipediya”nın zənginləşdirilməsi ilə yanaşı, xaricidilli “Vikipediya”larda da fəaliyyətlər göstərirlər”. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktor müavini, diaspor üzrə araşdırmaçı Elnur Eltürk müsahibəsi zamanı səsləndirib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
- Azərbaycan seqmentində bugünədək hansı işlər görülüb?
-İlk öncə qeyd edim ki, “Vikipediya” günümüzdə ən çox istinad olunan və izlənən informasiya resurslarından biri hesab edilir. Hər gün milyonlarla insan hansısa informasiya və bilgini əldə etmək üçün resursa müraciət edir. İlkin məlumatı əldə edir.
Azərbaycanca ”Vikipediya” 2004-cü ilin yanvar ayından fəaliyyət başlayıb. Bu günə qədər 150-mindən çox məqalə yaradılıb. Hazırda “Vikipediya”da 300-dən çox dil bölməsi fəaliyyət göstərir. Azərbaycanca “Vikipediya” 50-ci yerdə qərarlaşıb ki, bunun özü böyük hadisədir. Bu, həm Azərbaycanca “Vikipediya”da görülən işlərin keyfiyyətindən, həm də kəmiyyətindən xəbər verir. Son illər Azərbaycanca “Vikipediya”da irəliləyiş müşahidə olunur. “Vikipediya” könüllü prinsip əsasında fəaliyyət göstərdiyi üçün əsas yük “viki” könüllülərin üzərinə düşür. Azərbaycanca “Vikipediya”nın idarəçiləri, fəal istifadəçiləri bu resursun zənginləşdirilməsi istiqamətində böyük işlər görürlər. Deyərdim ki, Azərbaycanca “Vikipediya” bu gün öz inkişaf dövrünü yaşayır.
- Azərbaycan oxucuları üçün nə qədər məlumat paylaşılıb?
- Yuxarıda da qeyd etdiyim kimi 150 mindən çox məqalə mövcuddur. Ümumi redaktələrin sayı isə 5 milyona çatmaq üzrədir. Hər gün onlarla məqalə yaradılır və redaktə olunur.
- Bəs hansı kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib?
-Ümumiyyətlə, Azərbaycan dilində olan məqalələrin keyfiyyətinə xüsusi önəm verilir. Redaktəyə ehtiyacı olan məqalələr redaktə olunur. Bu axtarış sistemində məqalələrin əhatəli olmasından xəbər verir.
- Ümumiyyətlə, vikipediyanın fəaliyyətinə dəstək verən, nəzarət edən qurumlar varmı?
-“Vikipediya”azad ensiklopedik resurs olduğu üçün hansısa dövlət qurumunun nəzarət etməsi mümkün deyil. Həm də “Vikipediya”nın prinsiplərinə, fəlsəfəsinə ziddir. Dövlət qurumlarının müdaxiləsi və ya nəzarəti Vikimedia fondu ilə problemlər yarada bilər. Türkiyədə siyasi məsələlərə görə “Vikipediya” bloklanıb. Bir neçə il əvvəl Çin dövlətində bloklanma var idi.
- Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” ilə fəaliyyətlərini mətbuat və sosial şəbəkələrdən izləyirik. Uğurlu işlərə imza atırsınız. Oxucularımıza gələcəkdə hansı işlərin görüləcəyi ilə bağlı məlumat verərdiniz.
- Bəli, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” Metodik Mərkəzi fəaliyyəti göstərir. Mərkəzdə təlimçilərimiz tərəfindən “Vikipediya”da məqalə yaratmaq və ümumi qaydalarla bağlı təlimlər keçirilir. Təlimlərimiz öz müsbət nəticələrini verir. Təlim kurslarımızı uğurla bitərən könüllülərə sertifikatlar təqdim edirik. Bu gün onlarla könüllümüz Azərbaycanca “Vikipediya”da məqalələrin zənginləşdirilməsini həyata keçirirlər. Öz töhfələrini verirlər. Xatırladım ki, “Viki” komanda Azərbaycanca “Vikipediya”nın zənginləşdirilməsi ilə yanaşı, xaricidilli “Vikipediya”larda da fəaliyyətlər göstərirlər.
Bir məsələni diqqət çatdırım ki, təlimlərin keçirilməsi və mediada viki-könüllülüyün təbliği ilə yanaşı, MEK-in təşəbbüsü ilə bir sıra ali məktəblərdə “Vikipediya” Metodik Mərkəzləri yaradılıb və fəaliyyətə başlayıb. Artıq Aviasiya Akademiyasında, İlahiyyat İnstitutunda, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, YAP Gəncə şəhər təşkilatında, Gürcüstanın Marneuli şəhərində viki-hərəkatın başlanmasını və geniş dəstək almasını qeyd edə bilərik. Nümunə kimi, "İnkişaf və Təhsil” Mərkəzinin və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Marneuli rayonunda gənclər üçün “Vikipediya” təlimləri keçirilir. Marneulidə “Vikipediya” Klubunun yaradılması qərara alınıb. Təşkilatın əsas məqsədi “Vikipediya”nın gürcü bölməsindəki məlumatların daha da zənginləşdirilməsi və gənclərin bu sahəyə olan maraqlarının artırılması, həmçinin gürcücə “Vikipediya”da Gürcüstanın və Azərbaycanın tanınmış şəxsiyyətləri, ölkələrimiz arasında dostluq əlaqələrində xüsusi xidmətləri olan şəxsiyyətlər, tarixi abidələr və mədəniyyətlərlə bağlı məqalələrin yaradılmasıdır. Qarşıda digər ali məktəblərdə də “Vikipediya” Metodik Mərkəzlərin yaradılması nəzərdə tutulur.