“Biz Ukrayna tərkibində qalmaq istəyirik” Müsahibə

“Biz Ukrayna tərkibində qalmaq istəyirik”

Krım-Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov: "Krımda Ukraynanın milli maraqlarını tatarlar müdafiə edir"
Krımda yaşanan son hadisələrlə bağlı Krım-Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətovun qəzetimizə verdiyi müsahibəsini təqdim edirik:
- Krımda nə baş verir, indi orada vəziyyət necədir?
- Son vaxtlar Krım Muxtar Respublikasında siyasi-ictimai vəziyyət hədsiz dərəcədə gərginləşib. Dünən parlamentin qarşısında Ukraynanın ərazi bütövlüyünü pozmaq istəyənlərə qarşı mitinq keçirildi, eyni zamanda rusiyameylli insanlar da ikinci mitinq təşkil etdilər. Bu mitinqlərdə 5 mindən 10 minə qədər adam iştirak edirdi. Vəziyyət gərgin olaraq qalır.
- Krım ictimaiyyətində fikir necədir, Krımın Rusiyaya birləşdirilməsi məsələsinə necə baxılır?
- Öncə onu qeyd edim ki, Krımda yaşayan iki milyona yaxın əhalinin 55 faizini ruslar təşkil edir. Bu insanların arasında Rusiyaya meyl güclüdür. Bir tərəfdən də yeni mərkəzi hökumətin tələsik rus dilindən regionlarda rahat istifadə etməyə imkan verən qanunu ləğv etməsi bu insanları daha da qıcıqlandırdı və onları meydana axışmağa şans verdi. Bu qanunun ləğvi hökumətin yol verdiyi ilk səhvlərdən biri idi.
- Krımda bu məsələ ilə bağlı tatarlarla-ruslar arasında hansı hadisələr yaşanır.
- Öncə dediyim kimi, tatarlar və ruslar arasında qarşıdurma yaranıb, media səhifələrində çoxsaylı provokasiyalar baş verir. Bu qarşıdurma uzanarsa Krıma və Ukraynaya yaxşı heç bir şey vəd vermir.
- Bəs Krımdakı ukraynalıların bu məsələyə münasibəti necədir? Onlar daha çox hansı mövqedən çıxış edirlər?
- İş orasındadır ki, yarımadadakı təxminən yarım milyonluq etnik ukraynalıların əksəriyyəti özlərini rus təfəkkürlü və rusdilli hesab edirlər. Ukraynanın milli maraqlarının onlardan daha çox müdafiəçisi burada Krım tatarlarıdır. Krımda yaşayan ukraynalıların milli düşüncəsi daha zəifdir.
- Rusiyanın Krıma hərbi qüvvə yeridilməsi söylənilir, rus hərbçiləri orada vəziyyətə nəzarət edirlərmi?
- Bəlli olduğu kimi Krımda, Sevastopolda Rusiya Federasiyasının Qara dəniz donanması yerləşir. Bu çox böyük bir qüvvədir. Lakin rus hərbçiləri burada vəziyyətə nəzarət etmirlər, çünki onların burada dislokasiyası və yerdəyişməsi dövlətlərarası müqavilələrlə müəyyənləşdirilib.
- Krım parlamentinin və rəhbərliyin mövqeyi necədir? Tatarlar bu strukturlara təsir edə bilirlərmi?
- Krımda elə vəziyyəti gərginləşdirən yarımada rəhbərliyinin apardığı separatçı yönümlü danışıqlardır. Krım parlamentinin sədri Vladimir Konstantinov bir neçə gün öncə Moskvada olarkən ikibaşlı bəyanatlar vermişdi. Bu bəyanat və əvəllər səslənən Krım parlamentinin müəyyən çağırışları muxtariyyət rəhbərliyini separatçılıq meyllərdə olmaqda günahlandırmağa səbəb oldu. Amma digər tərəfdən Krım tatarlarının bu strukturlara təsiri nəticəsində Krım parlamenti bu günə qədər separatçı qərar qəbul etməkdən çəkinib.
- Krım tatarlarının istəkləri nədir? Ukrayna tərkibində qalmaq, yoxsa Türkiyəyə birləşmək?
- Krım tatarlarının istəkləri Ukrayna tərkibində qalmaq, muxtar respublikanın idarə olunmasında daha yaxından iştirak etməkdir. Krım səviyyəsində dəyişiklik qaçılmazdır. Krım tatarlarının icra hakimiyyət oraqanlarında iştirakı daha geniş olacaqsa, Krımda aparıcı etnik qüvvələrin - bunlar Krım tatarları, ukraynalılar və ruslardır - iştirakı müəyyən qədər balanslaşdırılarsa, onda gərginlik aradan götürülə bilər.

CAVİD