“Azərbaycan çox nikbin ölkədir” Siyasət

“Azərbaycan çox nikbin ölkədir”

Böyük Britaniyanın keçmiş enerji naziri: "Növbəti Avropa Oyunlarının keçirilməsinə kim cəhd edərsə, üzərinə çox çətin vəzifə götürməli olacaq"

Böyük Britaniyanın "Politics First" jurnalının iyul buraxılışında bu ölkənin keçmiş enerji naziri, baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendri "Avropa Oyunları: Azərbaycan Qərbi salamlayır" adlı məqalə ilə çıxış edib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, müəllif yazır ki, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət nümayəndəsi vəzifəsində çalışdığı zaman Bakıya dəfələrlə səfər edib.
"Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə yatıran ölkə olduğunu və bu ölkənin cənub enerji dəhlizinin yaradılmasında mərkəzi yer tutduğunu nəzərə alsaq, deyə bilərəm ki, səfərlərimin əsas məqsədi daha çox işgüzar xarakter daşıyıb. 2020-ci ildən etibarən bu layihə çərçivəsində Xəzər dənizinin Azərbaycana məxsus hissəsindən qaz İtaliyada bağlayıcı vasitəsilə Avropaya nəql ediləcək, bununla da Avropanın təchiz olunmasında müxtəliflik yaradılacaq", - deyə müəllif bildirir.
Keçmiş nazir qeyd edir ki, 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqillik əldə edən Azərbaycan firavan, Qərbə yönələn, tolerant və dünyəvi ölkəyə çevrilib: "Bu ölkə Avropa Şurasına üzv olub, həmçinin Avropa Birliyinin "Şərq tərəfdaşlığı" Proqramına qoşulub. Bundan əlavə, o, öz sülhməramlı qüvvələrini Kosovo, İraqvə Əfqanıstana da göndərib. Bütün bu səbəbləri nəzərə alaraq deyə bilərik ki, 2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının 12-28 iyun 2015-ci il tarixində Bakıda keçirilməsi barədə qərar verməyi təəccüb doğurmadı. Azərbaycan bu vəzifənin öhdəsindən gəlməyə bilməzdi. Onun bu Oyunları keçirmək üçün zəruri olan bütün stadionları, arenaları, zəruri idman qurğularını inşa etmək və infrastruktur yaratmaq üçün cəmi iki il yarım vaxtı var idi. Halbuki bu cür inşaat proqramlarının həyata keçirilməsi adətən 7 il vaxt tələb edir.
Burada təşkilati məsələlər əsas oldu. Belə ki, bütün dünyadan, xüsusilə də Böyük Britaniyadan təcrübəli mütəxəssisləri dəvət etmək qərarı verildi. Bu təşəbbüs London-2012 Yay Olimpiya Oyunlarının Böyük Britaniyada uğurla həyata keçirilməsinə rəhbərlik edən Britaniya Olimpiya Komitəsinin sabiq rəhbəri cənab Saymon Kleq tərəfindən irəli sürülmüşdü. O, "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinə (BAOƏK) rəhbərlik edirdi. Bu komitənin Oyunların lazımi səviyyədə keçirilməsi üçün hər şeyin təmin edilməsi kimi mühüm vəzifəsi vardı. Və o, buna möhtəşəm şəkildə nail oldu!"
Müəllif yazır ki, "Bakı-2015" üçün Bakı Olimpiya Stadionunda həyata keçirilən açılış mərasimi ən yüksək səviyyədə təşkil edilib: "Biz digər 68 000 tamaşaçı ilə birgə əyləşərək Odlar Yurdunun canlılığını, rəngarəngliyini və ruhunu nümayiş etdirən əlamətdar bir şounu seyr etmək imkanı əldə etdik. Burada kaleydoskopik rəqs silsiləsi, atəşfəşanlıq, nəhəng bir nar və içindən çıxan "dənələri" əks etdirən şarlar, uçan xalça üzərində oturaraq muğam ifa edən Alim Qasımov, Qobustanın qayaüstü şəkilləri və Con Lennonun "İmagine" mahnısını ifa edən Ledi Qaqa var idi. Son olaraq məşəli cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan və işğal olunmuş ərazilər arasındakı təmas xəttində xidmət edərkən erməni snayperi tərəfindən vurulub gözdən əlil olan İlham Zəkiyev daşıdı. Açılış mərasimi Avropa Oyunlarının möhtəşəm birləşdirici gücünü nümayiş etdirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bak bildirdi: "Biz rusiyalı idmançıların ukraynalı idmançılarla yanaşı yarışdığını görürük. Burada Serbiya və Kosovo komandaları və erməni idmançıları yarışı keçirən azərbaycanlılarla yanaşı bu Oyunlarda yarışırlar. Bütün bu idmançılar açılış mərasimində birgə yürüş ediblər. İdmanın gücü bundadır - tarixçəsindən, inancından və ya milliyyətindən asılı olmayaraq bütün insanları bir araya gətirməkdə. Bu, idmanın edə biləcəyi bir şeydir və bəlkə də yalnız idmanın edə biləcəyi şeydir.
Getdiyim hər yerdə açılış mərasimi, ümumilikdə Avropa Oyunları barədə çox həvəslə danışıldığını və xoş təəsürat eşitdim. Böyük Britaniya və Qərb mediasında verilən bəzi şərhlər çox yanlış oldu. Bu Oyunların keçirilməsi Azərbaycan üçün özünü beynəlxalq səhnədə göstərmək, son 20 il ərzində əldə etdiyi qeyri-adi dəyişiklikləri, bu gün dinamik, maraqlı və qonaqpərvər ölkə olduğunu nümayiş etdirmək üçün bir fürsət idi. Heç kəs demir ki, səyahət artıq başa çatdı və bu ölkə, əlbəttə ki, davamlı olaraq dəyişməkdədir. Oyunlar köhnə və yeni rəqibləri açıq və dürüst şəkildə yarışmaq üçün bir araya gətirdi və Azərbaycan bu cür möhtəşəm idman tədbirini həyata keçirdiyinə görə böyük etibara layiqdir. Azərbaycan çox nikbin ölkədir və beynəlxalq arenada öz yerini tutmağa qərarlıdır. Növbəti Avropa Oyunlarının keçirilməsinə kim cəhd edərsə, o, öz üzərinə çox çətin bir vəzifə götürməli olacaq".