“Ermənilər Qarabağı qanunsuz işğal edib” Siyasət

“Ermənilər Qarabağı qanunsuz işğal edib”

"Çox əminəm, noyabrın 1-də müşahidəçilər görəcəklər ki, seçkilər ədalətlidir və alternativ siyasi fikirlərə meydan verilib". Avstraliya parlamentinin üzvü, Avstraliya Liberal Partiyasından deputat, Avstraliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Lyuk Simpkins avqustun 13-də Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasında çıxış edib. Lyuk Simpkins çıxışında Azərbaycanla bağlı maraqlı fikirlər səsləndirib: "Azərbaycan Respublikası əksər avstraliyalıların tanıdığı ölkə deyil. Bu ölkə Cənubi Qafqazda yerləşir, şimalda Rusiya ilə, qərbdə Gürcüstan, Ermənistan və Türkiyə ilə, cənubda İranla, şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir. Azərbaycan Xəzərdəki böyük neft-qaz ehtiyatlarına görə yüksək iqtisadi artıma nail olubdur. Ölkə iqtisadiyyatı xeyli dərəcədə neft və qaz hasilatından asılı olsa da, neftin aşağı qiymətinin yaratdığı çağırışları nəzərə alaraq Azərbaycan öz iqtisadiyyatını şaxələndirmək yollarını arayır".
"Bakı olduqca müasir və xoş təsir bağışlayan şəhərdir. Ölkənin özü aydın şəkildə fəaliyyətdə olan demokratiyanın çox yaxşı nümunəsidir və orada müxtəlif dinlərə, hətta etnik azlıqlara böyük hörmət vardır. Şübhəsiz, biz ölkənin yerləşdiyi coğrafi məkanı və nəticədə ortaya çıxan çağırışları da nəzərə almalıyıq. Şimalda Rusiya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən narazıdır. Cənubda isə İran şiə islam ölkəsi olsa da, dinə riayət edilməsi istiqamətində çox fərqli fikirlərə malikdir və tez-tez öz fikirlərini bildirir. Qərbdə Ermənistan Rusiyanın yaxın müttəfiqidir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini qanunsuz işğal edib. Bu, mürəkkəb geosiyasi landşaftdır. Belə şəraitdə azərbaycanlıların işlək demokratiyanı qurduqları yol və Azərbaycanın müxtəlif dini etiqadlara böyük hörmət bəsləyən tolerant ölkə olması əslində regionun digər ölkələrinə nümunə olmalıdır.
Azərbaycan Respublikası islam ölkəsidir. Lakin Qubada yəhudi sinaqoquna baş çəkmək, hər kəsə qorxmadan və təqib olunmadan öz dini etiqadına uyğun ibadət etməyə imkan verən kilsələri və məscidləri görmək maraqlı idi. Orada ikən yəhudilərlə ailə qurmuş bir neçə müsəlmanla görüşdüm. Həmçinin, Ermənistanla davam edən münaqişəyə baxmayaraq, erməni mənşəli insanlarla da (metislərlə) görüşdüm və gördüm ki, heç bir problem yoxdur".
"Bu il Azərbaycan Bakıda birinci Avropa oyunlarına ev sahibliyi etdi, bir neçə il əvvəl isə Avroviziya mahnı müsabiqəsi Bakıda keçirilmişdi. Həmin tədbirlər Azərbaycan Respublikasının təsdiqi idi. Onları reallaşdırmaqla Azərbaycan möhtəşəm bir ölkə olaraq bütün xalq üçün uğurunu nümayiş etdirdi və biz bu məsələləri etiraf etməliyik.Mən bilirəm ki, BMT Azərbaycan barədə insan haqları məsələsini qaldırmışdır və dostluq qrupunun sədri kimi mən qrupun üzvləri ilə birgə bu məsələləri daha yaxından nəzərdən keçirməyi planlaşdırıram. Azərbaycanın ölkəmizdəki səfiri cənab Cəmşidov və deputat həmkarım Fətiyev bu məsələlərin araşdırılmasında tam dəstəklərini təklif ediblər.
Həmçinin qeyd edirəm ki, 2015-ci ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcəkdir. Bu zaman Azərbaycan demokratiyasının vəziyyəti qiymətləndirilə bilər. Mən çox əminəm, müşahidəçilər görəcəklər ki, seçkilər ədalətlidir və alternativ siyasi fikirlərə meydan verilib. Məncə, dünya Azərbaycana dair obyektiv olmalıdır. Bəli, ölkəyə tənqidi yanaşın, lakin həm də qəbul etməyə hazır olun ki, öz qonşuları ilə müqayisədə və faktiki olaraq dünyadakı ölkələrin əksəriyyəti ilə müqayisədə Azərbaycan müasir və sabit bir ölkədir.
Bu, iqtisadi və siyasi uğurdur. Dini hüquqların və azlıqların hüquqlarının qorunduğu yerdə yaxşı demokratiya olur. Avstraliya-Azərbaycan Parlament Dostluq Qrupunun sədri kimi ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi və avstraliyalıların Azərbaycan barədə fikirlərinin ədalətli və hər şeydən əvvəl səhih olması istiqamətində borcumu yerinə yetirəcəyəm. Avstraliya və Azərbaycan xalqları naminə qarşılıqlı faydalı münasibətlərin hər zaman təkmilləşdirilməsini səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Avstraliya parlamentinin üzvü, Avstraliya Liberal Partiyasından deputat, Avstraliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Lyuk Simpkins Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Xanlar Fətiyevin dəvəti ilə Azərbaycana səfər edib.