Əli Kərimli mənəvi terrora başlayıb Siyasət

Əli Kərimli  mənəvi terrora başlayıb

Bir narazı cəbhəçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsini yaratması AXCP-də ciddi narahatlıq yaradıb. Xəbər saytlarının məlumatına görə, partiyada "bir nömrəli hazırlıq" elan olunub.
Məlumata görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının rəhbərliyi ilə gizli qruplarda AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin üzvlərinə qarşı qarayaxma kampaniyası hazırlanır. Fuad Qəhrəmanlı AXCP-nin yaratdığı gizli qurpların birində yazıb: "Bugünkü işimiz partiyadan qovulmuş Razi Nurullayevin 5-6 nəfərlə birgə AXCP adına iddia edən təşkilat yaratdığını bəyan etməsidir. Bu adamların xəyanətinə birmənalı qiymət verilməli və onlar ictimai rəydə satqın kimi tanınmalıdırlar. Ona görə də hər kəsin bu işdə iştirakına ehtiyac var və partiyada 1 nömrəli hazırlıq elan olunur. Bu məqsədlə bu gün Razi Nurullayev və onunla birgə mətbuat konfransında iştirak edənləri dostluqdan çıxarma aksiyası keçiririk. Hamı bu adamları xəyanət yolu tutduqlarına, hakimiyyətin təşkilatımıza qarşı qurduğu tamaşada iştirak etdiklərinə görə dostluqdan çıxardığı barədə status yazsın. Bu adamlar heç bir cəbhəçinin dostluğunda olmamalıdırlar". F.Qəhrəmanlı daha sonra partiya üzvlərinə hədə gəlib: "Heç kim sonra deməsin ki, mən dostluqdan çıxardım, ancaq bu barədə status yazmadım. Çünki biz bu işi haqqında danışdığımız adamlara qarşı ictimai rəyin qınaq aksiyası kimi nəzərdə tuturuq. Dostlar, kimsə oxuyub keçməsin, monitorinq edəcəyik, hər kəs bu məsələdə satqınlara qiymət verməlidir".
Göründüyü kimi Əli Kərimli ciddi şəkildə narahat olub. Əsas rəqibi Rauf Arifoğlunun AXCP-nin yenilənməsi prosesinə informasiya dəstəyi verməsi AXCP sədrini çaşdırıb. AXCP üzvlərinə qarşı mənəvi basqıların artması, Gestapo prinsipləri ilə mübarizənin başlanması Əli Kərimlinin ciddi mənəvi böhran keçirdiyini göstərir. Görünür, AXCP sədri partiyadaxili narazılığın bu həddə çatmasını gözləmirmiş.
Uzun müddət susqunluq nümayiş etdirmiş Fuad Qəhrəmanlının gündəmə bu şəkildə qayıtması da maraqlıdır. Məsələ burasındadır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin Ehtiram Mehdiyevin sədr müavini ilə bağlı açıqladığı məlumat Əli Kərimli düşərgəsində ciddi sarsıntı yaradıb. TK üzvü bildirib ki, Fuad Qəhrəmanlı AXCP daxilində separatçılıqla məşğuldur və arxasındakı dairələr onu Əli Kərimlinin yerinə hazırlayır. Görünür, sədrə qarşı planı vaxtından öncə faş olunmuş Fuad Qəhrəmanlının özünü "qatı Kərimli tərəfdarı" kimi göstərməkdən başqa yolu qalmayıb.