“Ermənistan hakimiyyəti öz mövcudluğuna görə, Rusiyaya minnətdar olmalıdır” Siyasət

“Ermənistan hakimiyyəti öz mövcudluğuna görə, Rusiyaya minnətdar olmalıdır”

Elman Nəsirli: "Buna görə də Rusiya çox arxayın şəkildə öz siyasətini həyata keçirir"

"Ermənistanın etiraz etməsi Rusiya üçün qara qəpik qədər də önəmli deyil". Bu sözləri siyasi ekspert Elman Nəsirov Rusiyanın Azərbaycana silah-sursat satması ilə bağlı Ermənistanın etiraz etməsinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan hətta Moskvaya səfər edərkən belə bu məsələni Putinlə müzakirə edərək öz narazılığını ifadə etmişdi: "Rusiya Ermənistanın bu iddialarına həmişə öz kəskin mövqeyini bildirib. Ermənistan Rusiyanın bu münasibətindən artıq bilir ki, Rusiyaya güvənmək olmaz. Bu gün Rusiyanın əleyhinə olan Ermənistan artıq onun özünü müttəfiq kimi aparmadığını daha çox qabardır".
Onun sözlərinə görə, Rusiyanın maraqları onun üçün hər şeydən daha vacibdir: "Rusiya hər şeydən əvvəl öz milli, dövlətçilik və regiondakı maraqlarına xidmət edərək Azərbaycanla hərbi texniki sahədə də əməkdaşlıq etməyi seçir. O, Azərbaycan kimi əməkdaşlıq sahəsində fəal olan bir dövləti itirmək istəmir.
Ermənistan hər bir cəhətdən Rusiyadan asılı olduğunu çox gözəl bilir. Azərbaycana silah-sursat satışı məsələsi ilə bağlı hər hansı bir narazıçılığın da Rusiya üçün heç bir qara qəpik qədər dəyəri olmadığını anlayır.
Bu gün Ermənistan hakimiyyəti öz mövcudluğuna görə, məhz elə Rusiyaya minnətdar olmalıdır. Buna görə də Rusiya çox arxayın şəkildə öz siyasətini həyata keçirir. Çünki zaman bunu tələb edir. Bu reallığı isə Ermənistanda həzm edə bilmirlər. Amma onu da bilirlər ki, Rusiyaya ciddi etiraz edə biləcək və ya Rusiyanın bu siyasətinə mane ola biləcək gücə malik deyillər. Əgər buna etsələr Rusiyadan daha çox zərbə almış olarlar".