“Dünya azərbaycanlılarını birliyə, həmrəyliyə və fəallığa çağırırıq” Siyasət

“Dünya azərbaycanlılarını birliyə, həmrəyliyə və fəallığa çağırırıq”

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan azərbaycanlılara müraciət edib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bildirilir ki, qurum Azərbaycan xalqı üçün tarixi məna kəsb edən bu çətin anlarda bütün dünya azərbaycanlılarını doğma vətənin milli maraqlarının müdafiəsi, ərazi bütövlüyünün bərpası naminə bütün gücünü, enerjisini səfərbər etməyə çağırır: "Əminik ki, dünyanın hansı ölkəsində yaşamasından, ictimai statusundan, sosial mənsubiyyətindən, siyasi mövqeyindən və dünyagörüşündən asılı olmayaraq, hər bir azərbaycanlının qəlbi doğma vətənlədir. Son günlər Dövlət Komitəsinə daxil olan çoxsaylı müraciətlər, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarından daxil olan məktublar bunu bir daha sübut edir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları beynəlxalq təşkilatlara, yaşadıqları ölkələrin parlamentlərinə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün təcili tədbirlər görməyə çağırıb. Bundan başqa, bir sıra ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən etiraz aksiyalarının, məlumatlandırma kampaniyalarının təşkilinə başlanıb. Eyni zamanda, geniş ictimaiyyətin diqqətinə çatdırmağı vacib bilirik ki, müxtəlif beynəlxalq təşkilatlar və layihələr çərçivəsində Dövlət Komitəsi ilə əməkdaşlıq edən tanınmış siyasətçilər, ictimai xadimlər Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir. Bu, Azərbaycanın nə qədər haqlı olduğunu göstərən parlaq faktlardan biridir. Biz Azərbaycana dəstəyini ifadə edən bütün liderlərə, siyasi və dövlət xadimlərinə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq və indiki dövlət başçılarına, eləcə də müxtəlif yüksək vəzifələrdə çalışmış təcrübəli siyasət adamlarına bu ağır günlərdə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə, münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə edən bəyanatlarına görə dərin təşəkkürümüzü ifadə edirik. Sayı 50 milyonu keçən dünya azərbaycanlıları tarixi bir ana şahidlik edir. Biz bir daha dünyaya nə qədər böyük və qüdrətli bir xalq olduğumuzu nümayiş etdirmək əzmindəyik. Dövlət Komitəsi bir daha dünya azərbaycanlılarını birliyə, həmrəyliyə və fəallığa çağırır. Əminik ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ən qısa zamanda işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan tarixinin yeni bir səhifəsi yazılacaq. Bu şərəfli tarixi missiyanı uğurla yerinə yetirmək üçün hər bir azərbaycanlı əlindən gələni əsirgəməməlidir".