Daimi Nümayəndəlikdən çağırış Siyasət

Daimi Nümayəndəlikdən çağırış

"ATƏT münaqişələrin ağır nəticələrinin aradan qaldırılması üçün səyləri ikiqat artırmalıdır"

"ATƏT Katibliyini, qurumun hazırkı və gələcək sədrlərini, habelə icraçı strukturları münaqişələr nəticəsində yaranmış problemlərlə mübarizəyə lazımi diqqət ayırmağa və bu münaqişələrin ağır nəticələrinin aradan qaldırılmasına istiqamətlənmiş səylərini ikiqat artırmağa çağırırıq".
Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın iclasında baş katibin 2017-ci ilin Proqram konturları ilə bağlı təqdimatına cavabında deyilir.
Azərbaycan tərəfi qeyd edib ki, münaqişələrin həllinə dəstək Münaqişələrin qarşısının alınması mərkəzi (Conflict Prevention Centre –CPC) üçün prioritet olaraq qalmalıdır.
"ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün mandatı olan yeganə beynəlxalq təşkilatdır. Ona görə də təşkilat bu münaqişənin müxtəlif aspektləri üzrə müzakirələr təşkil etməklə, Minsk qrupu və onun həmsədrlərinə effektiv yardım edərək münaqişənin həllini gündəmdə saxlamalıdır. Bu kontekstdə biz Münaqişələrin qarşısının alınması mərkəzinin ATƏT məkanındakı münaqişələrin həlli üçün daha çox planlar təklif etməsini yüksək qiymətləndirərik".
Bəyanatda, həmçinin, məcburi köçkün və qaçqınlar məsələsinə az diqqət göstərilməsinin təəssüf doğurduğu qeyd edilib: "Məcburi köçkünlər və qaçqınlarla bağlı çoxsaylı öhdəliklərin mövcudluğu fonunda ATƏT və onun müvafiq qurumları bu həssas qrupun problemləri ilə bağlı həll yolunu tapmaq üçün adekvat resurslar sərf etməlidir. Biz ATƏT-in hazırkı və gələcək sədrliklərini, habelə Münaqişələrin qarşısının alınması mərkəzi və müvafiq icra strukturlarını bu boşluğun aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməyə çağırırıq".
O da qeyd olunub ki, ATƏT-in sahə missiyaları öz fəaliyyətlərini qurduğu zaman üzv dövlətlərin Helsinki Yekun aktının prinsiplərinə əməl etməsi kimi öhdəliklərini nəzərə almalıdır: "Biz ATƏT-in Ermənistana sahə missiyaları vasitəsilə verilən yardıma nəzarət etməsinin vacibliyini vurğulayırıq. Çünki bu yardımın Azərbaycanın işğal edilmiş ərazilərində istifadə edilməyəcəyi və ya işğalı möhkəmləndirməyə xidmət etməyəcəyi təmin olunmalıdır".