“Üçlük Qarabağı Azərbaycan torpağı olmasını yalnız sözdə ifadə edirlər” Siyasət

“Üçlük Qarabağı Azərbaycan torpağı olmasını yalnız sözdə ifadə edirlər”

Üzeyir Cəfərov: "Müharibəyə razı deyillər və özləri də danışıqlar yolu ilə heç nə etmək istəmirlər"

"Rusiya, Amerika və Fransa üçlüyü Dağlıq Qarabağı və ətraf əraziləri Azərbaycan torpağı saymaqları hələlik yalnız sözdə ifadə edirlər. Reallıqda isə onlar bizə çox acı və fəlakətli ssenari hazırlayıblar. Müharibəyə razı deyillər və özləri də danışıqlar yolu ilə heç nə etmək istəmirlər. Bəlkə mən yanılıram? Apreldə baş verənlərdən görün nə qədər vaxt ötdü? Bunların heç vecinə deyil ki, Qarabağda vəziyyət necədir və necə olacaq. Yeganə çalışdıqları boş-boş bəyanat və Azərbaycanı Dağlıq Qarabağın azad olunması uğrunda savaşdan müxtəlif təzyiqlər vasitəsiylə çəkindirməkdir". Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu üzərinə düşəcək missiyanı - torpaqları yadellilərdən mütləq təmizləyəcək: "Biz siyasətimizi o istiqamətdə qurmalıyıq ki, Ermənistanı və onun havadarları olan Rusiya, Amerika, Fransa, həmçinin ATƏT-in Minsk qrupunu məcbur edək ki, onlar nəhayət ki, özlərində qeyrət və cəsarət tapıb etiraf eləsinlər ki, onlar bu vaxta kimi Azərbaycan xalqına qarşı qeyri-səmimi, həm də xəyanət ediblər. Tarix onları bağışlamayacaq!".
Ü.Cəfərov əlavə edib ki, Rusiyanın hazırkı rəhbərliyi özünü sözdə Azərbaycana qarşı xeyirxah "mələk" kimi göstərməyə çalışsa da, əslində onlar reallıqda sırf Ermənistan maraqlarından çıxış edirlər: "Yəni, çox qeyri-səmimidirlər. İstər sentyabr ayında İrəvana verdiyi "İskəndər" raketləri ilə bağlı məsələdə olsun, istərsə də işğalçı ilə imzalanmış bu sənəddə. Azərbaycanımıza kömək olsun!".