“Bu hadisə təxribatdan daha çox, texniki qəzadır” Siyasət

“Bu hadisə təxribatdan daha çox, texniki qəzadır”

"Heç bir versiyanı istisna etmək olmaz. Ancaq təyyarənin texniki nasazlıqdan qəzaya uğradığını düşünürəm". Bunu hərbi ekspert Üzeyir Cəfərov Rusiya təyyarəsinin qəzaya uğraması ehtimallarından danşarkən deyib: "Tu-154 təyyarələrinin 33 yaşı var və bir çox dövlət bu təyyarələrdən imtina edib. Çox şükürlər olsun ki, Azərbaycan da 2010-cu ildə bu təyyarələrdən imtina etdi. Rusiya dövləti iqtisadi çətinliklər ucbatından öz aviasiya parkını yenləmək barədə hələ qərar verməyib. Suriyaya uçan təyyarəni bəziləri yük təyyarəsi adlandırsa da, ancaq bu sırf sərnişin təyyarəsidir. Həmin təyyarə 2 il bundan öncə təmirdən çıxıb. Böyük ehtimalla təyyarədə nasazlıq olub, yanacaq doldurulandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Deyilənə görə təyyarədə iki general olub: general Xəlilov və Rusiya müdafiə nazirliyinin hərbi polisinin rəisi. Təyyarədə bundan başqa bir də mülki şəxs olan tanınmış filantorp doktor Liza olub. Yerdə qalan sərnişinlər isə "Aleksandrov" adına mahnı və rəqs ansamblının üzvləridir. Orada silah-sursat olmayıb ki, deyəsən nə isə qisas alsınlar. Türkiyənin general polkovniki Ərdoğan Karakış deyib ki, ola bilsin ki, bu təxribatdır. Ancaq təxribat ehtimalı çox zəifdir. Tu-154 təyyarələri çox köhnəlib və ömrünü başa vurub. Bu təyyarələrdən Rusiya müdafiə nazirliyi istifadə edir, bu da çox pis haldır. Bu hadisə təxribatdan daha çox, texniki qəzadır. Pilotların danışığına qulaq asdım. Belə başa düşdüm ki, ani texniki problem nəticəsində qəza baş verib. Fikrimcə, yanacaq doldurulandan sonra ola bilsin ki, sızma baş verib, bu zaman da ani partlayış olub. Bu səbəbdən də raketlə vurulmuş kimi vəziyyət yaranıb. Orada yanğın olmayıb, pilotların danışığında hər hansısa bir həyacan müşahidə olunmayıb. Təyyarə hava limanından qalxandan bir neçə dəqiqə sonra dənizə düşüb. Böyük ehtimalla yanacaqdan qaynaqlanan bir partlayış olub. Qara qutu açıldıqdan sonra bunu tam dəqiqliklə demək olacaq".