“Tramp nüvə sazişini cırıb atsa...” Siyasət

“Tramp nüvə sazişini cırıb atsa...”

Abbas Əraqçi: "Biz də bu sazişə od vurarıq"

İran xarici işlər nazirinin müavini Abbas Əraqçi, yanvarın 15-də jurnalistlərə açıqlamasında ölkə ilə Qərb arasında əldə edilmiş nüvə sazişindən (Bərcamdan) və Amerikanın yeni seçilmiş prezidenti Donald tampın bu məsələyə mümkün münasibətindən danışıb.
Əraqçi bildirib ki, İran Amerikanın yeni hökuməti ilə nüvə sazişi və ona yenidən baxılması haqda heç bir müzakirə aparmayacaq: "İranla Qərb dövlətləri arasında bu sazişin icrasına başlanılmasından sonra artıq bizim Amerikanın indiki və gələcək hökuməti ilə bu barədə heç bir danışıqlarımız yoxdur və olmayacaq da. Biz Amerika ilə yalnız ekspertlər səviyyəsində məsələnin texniki tərəfləri haqda müzakirə apara bilərik.
Hesab edirik ki, Amerikanın yeni hökuməti bu sazişi qırağa qoymağa qadir olmayacaq. Əgər onlar bu haqda yeni qərar versələr, biz də hər cürə şəraitlə üzləşməyə tam hazırıq. Bir sözlə, əgər Amerikanın yeni prezidenti Donald Tramp nüvə sazişini cırıb atsa, biz ona, yəni bu sazişə od vuracağıq".
Qeyd edək ki, son vaxtlar Amerikada Tampın rəsmən prezident kimi fəaliyyətə başlayacağından sonra İranla 5+1 qrupu arasında əldə edilən nüvə sazişinə yenidən baxılması tələbini irəli sürəcəyi və ya onu ləğv edəcəyi haqda müxtəlif fikirlər səsləndirilir.