Azərbaycan prezidenti Frederik Reynfeldti qəbul edib Siyasət

Azərbaycan prezidenti Frederik Reynfeldti qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib.
Dövlət başçısı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyəti sədrinin Azərbaycana səfərinin ölkəmizlə bu qurum arasında əməkdaşlıq məsələlərinin geniş müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Londonda keçirilən ilk iclasında iştirak etdiyini məmnunluqla xatırlayıb. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz bu prosesə qoşulmağa neft sektorundan əhəmiyyətli maliyyə vəsaiti daxil olmazdan hələ illər öncə qərar verib. İ. Əliyev o dövrdə təcrübənin öyrənilməsi məqsədilə Azərbaycandan suveren fondları olan ölkələrə nümayəndə heyətlərinin göndərildiyini bildirib. Dövlət başçısı Azərbaycan Dövlət Neft Fondunun "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görüldüyünü məmnunluqla qeyd edib.
Frederik Reynfeldt isə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olduğunu, bu qurumla uzun illər əməkdaşlıq etdiyini və həmin sahədə böyük nailiyyətlər qazandığını vurğulayıb. Qonaq ölkəmiz tərəfindən açıqlanan hesabatların bu qurumun tələblərinə uyğun olduğunu qeyd edib.
Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə əməkdaşlığın davam etdirilməsinə sadiq olması bir daha vurğulanıb, ölkəmizin gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpa olunması üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.