Azərbaycan-Aİ münasibətlərində yeni mərhələ Siyasət

Azərbaycan-Aİ münasibətlərində yeni mərhələ

Maroş Şevçoviç: "Prezident İlham Əliyevin səfəri Azərbaycan-Aİ sazişinin hazırlanması işində böyük əhəmiyyət daşıyacaq"

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib.
Vurğulanıb ki, Azərbaycan prezidentinin bu səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfəsini verəcək.
Maroş Şevçoviç qeyd edib ki, Azərbaycan prezidentinin bu səfəri və Avropa İttifaqı ilə əlaqələr Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq.
Söhbət zamanı Azərbaycanın Avropa İttifaqının strukturlari ilə əməkdaşlığından məmnunluq ifadə olunub, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlərin həyata keçirildiyi bildirilib.
Prezident İlham Əliyev Azərbaycanda enerji infrastrukturunun daha da modernləşdirilməsi, bərpa olunan enerji istehsalı ilə bağlı məlumat verib, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın məqsədəuyğunluğunu qeyd edib.
Görüşdə bank sahəsində əməkdaşlıqdan söhbət açılıb, bu əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Dünya Bankı ilə yaxşı əməkdaşlıq etdiyi bildirilib, digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.