Türkiyənin Rusiyaya Qarabağ mesajı... Siyasət

Türkiyənin Rusiyaya Qarabağ mesajı...

Türkiyənin öz təhlükəsizliyinin Qafqazlardan başlamasını bildirməsi, əslində, Rusiyaya bir mesajdır.
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycanın nümayiş etdirdiyi hərbi təlimlərin keyfiyyəti, rəhbərliyin peşəkarlığı nəinki Ermənistanı, Rusiyanı da ayıltdı:
"Ermənistan Rusiyadan silah aldıqdan və Moskvanın köməyi ilə KTMT-də rəhbərliyi ələ keçirdikdən sonra bir növ danışıqlardan çəkilərək əzələ nümayiş etdirirdi. Bununla da Azərbaycana psixoloji təzyiq göstərməyə çalışdı. Ancaq İrəvan hərbi cəhətdən bu dəfə də çox geridə qaldı. Azərbaycan Ordusunun Türkiyə ilə birgə hərbi təlimləri ermənilərin havasını xeyli aldı. Azərbaycanın nümayiş etdirdiyi hərbi təlimlərin keyfiyyəti, rəhbərliyin peşəkarlığı Rusiyanı da ayıltdı. Moskva sözün həqiqi mənasında geri çəkilərək Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməkdə maraqlı olduğunu göstərdi. Ancaq bundan əvvəl belə bir məsələ gündəmdə deyildi. İndi Rusiyada belə cəhdlər müşahidə olunursa, demək, bu görüş baş tutacaq. Bu onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməkdə tam israrlıdır və bunun üçün bütün variantlara əl atacaq. Ermənistan və qəyyumları başa düşməlidir ki, Azərbaycan bölgədə irimiqyaslı müharibədən çəkinmir".
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan Ordusunun hər gün artan qüdrəti erməniləri və rusları müəyyən düşüncələrə qərq edir, danışıqlar prosesinin zəruriliyini yenidən gündəmə gətirir:
"Türkiyənin bu yaxınlarda öz təhlükəsizliyinin Qafqazlardan başlamasını bildirməsi, əslində, Rusiyaya bir mesajdır. Azərbaycan hələ ki, bir sıra beynəlxalq yarışlara ev sahibliyi edir, yaya qədər müharibə ehtimalı yoxdur. Bu o anlama gəlir ki, danışıqlar prosesi yaya qədər baş tuta bilər. Ancaq Ermənistan prosesdə yenə əvvəlki oyunları oynasa və Dağlıq Qarabağ kartını ön plana çəksə, danışıqlar prosesi yenidən pozulacaq. Bu zaman isə müharibə qaçılmaz olacaq".
Politoloq onu da əlavə edib ki, Rusiya ilə açıq sürətdə danışıqlar beynəlxalq protokol qaydalarına uyğun gəlməsə də, illeqal şəraitdə, yəni gizli diplomatik kanallarla Bakı ilə Moskva arasında Qarabağa dair danışıqlar aprılmaqdadır.
Qeyd edək ki, 27 apreldə Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü nəzərdə tutulur.