Avstraliya parlamentində Azərbaycanla bağlı tədbir keçirilib Siyasət

Avstraliya parlamentində Azərbaycanla bağlı tədbir keçirilib

Avstraliya Federal Parlamentində Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar qəbul keçirilib.
Azərbaycanın Avstraliyadakı səfirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Kristofer Bək 2016-cı ilin sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsini (referendumu) müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu bildirərək, həmin səfərlə bağlı xoş təəssüratlarını bölüşüb. Avstraliyalı senator referendumun yüksək səviyyədə keçirildiyini, habelə səsvermə prosesinin təşkilinin standartlarından məmnun qaldığını diqqətə çatdırıb.
O, səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirdiyini qeyd edərək, Avstraliya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Bu xüsusda, senator bir neçə Avstraliya şirkətinin Azərbaycanda həyata keçirilən biznes layihələrində iştirakını müsbət hal kimi dəyərləndirib. O, həmçinin, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi rolunu vurğulayıb.
Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə son illərdə ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın Avstraliya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, bu mövqeyin Azərbaycan prezidenti İlham Əliyevin Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrouva diplomatik əlaqələrin 25 illiyi ilə əlaqədar ünvanladığı təbrikində öz əksini tapdığını xüsusi olaraq vurğulayıb. Diplomat Avstraliyanın dövlətimizin müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu qeyd edərək, Azərbaycan hökumətinin Avstraliyanın ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qəti və ardıcıl şəkildə dəstəklənməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Tədbirdə Avstraliya parlamentinin üzvləri, Kanberrada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də Avstraliyadakı Azərbaycan icmasının üzvləri iştirak ediblər.