Baş Prokurorluğun nümayəndə heyəti Gürcüstanda Siyasət

Baş Prokurorluğun nümayəndə heyəti Gürcüstanda

Tbilisi şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası və Gürcüstan Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Beynəlxalq Prokurorlar Assosiasiyasının 8-ci regional konfransı keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycanı baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası və kibercinayətkarlıq mövzusunda keçirilən konfransda 30-dan artıq ölkənin hüquq-mühafizə orqanlarının rəsmiləri iştirak edib, elektron valyutada olan əmlakların və digər əmlak növlərinin izlənilməsi, müsadirəsi, bərpası və effektiv idarə edilməsi, elektron valyuta ilə törədilən çirkli pulların yuyulması cinayətlərinin istintaqı zamanı sübutların toplanılması və digər məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində K.Əliyev Gürcüstanın baş prokuroru İrakli Şotadze ilə görüşüb, qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar barədə məlumat verilib.
İştirakçılara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitab və bukletlər təqdim edilib.