Avropada Zəhra ilə bağlı aksiyalar keçirilib Siyasət

Avropada Zəhra ilə bağlı aksiyalar keçirilib

"Bu insan faciəsi dörd BMT qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini göstərir"

Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlinə etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib.
İyulun 8-də iki yaşlı Zəhranın qanlı cəsədini nümayiş etdirən fotoşəkillərini yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə beş əzilmiş və "qana bulaşmış" müqəvva yerləşdiriblər.
Bu rəmzi aksiyanı diaspor üzvləri Füzuli rayon Alxanlı kənd sakinləri olan iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın təmas xəttinə yaxın ərazidə yerləşmiş işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə əlaqələndiriblər.
Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 avqust 1949-cu il tarixdə qəbul olunmuş Cenevrə Konvensiyası və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.
Ermənilərin törətdikləri bu vəhşilik Böyük Britaniya, Fransa, Belçika və Avropa Parlamentinin üzvləri, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların siyasətçiləri tərəfindən pislənib.
Bu insan faciəsi gündəmə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsini və erməni qoşunlarının münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd BMT qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini göstərir.
Azərbaycan Maarifçi Gənclər Təşkilatı (AMGT) isə yaşlı Zəhranın qatillərindən bəhs edən bəyanatı ingilis və alman dilində Almaniyanın paytaxtı Berlində insanlara təqdim edib. AMGT da dinc insanların qatillərinin varlıgından bəhs edən bəyanat yayıb. "2 yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraiti qanunlarına uyğun gəlmir. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır", - kimi fikirlərin yer aldıgı bəyanat ingilis və alman dilində tərcümə olunaraq Berlində Bradenburq qapıları önündə yıgışan turistlərə və yerli sakinlərə təqdim olunub. AMGT rəhbəri Ruhiyyə Aslanova arzuedənlərə münaqişə haqda daha geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bundan baqşa AMGT nümayəndələri bu amansız qətli dünya ictimayyətinə çatdırmaq məqsədilə Almaniyadakı diaspor təşkilatlarının keçirtdiyi etiraz mitinqinə də qatılıb. Bəyənatın mətnini Sizə təqdim edirik. Azərbaycan Maarifçi Gənclər Təşkilatının Bəyanatı Azərbaycan Maarifçi Gənclər Təşkilatı (AMGT) Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşiliyi qətiyyətlə qınayır. Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycan torpaqlarının işğalı və 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olmasına səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi artıq 30 ilə çatmaqdadır. Münaqişənin nizamlanması və bölgədə sülh və əmin-amanlığın bərqərar olunması üçün çoxsaylı beynəlxalq təşəbbüslərə baxmayaraq Ermənistanın destruktiv mövqeyi problemin həllinə doğru addım atmağa imkan verməyib. Son illər dünyanın bir sıra nöqtələrindəki münqaişələrlə bağlı nüfuzlu beynəlxalq təşkilatların prinsipial mövqeyi sayəsində həmin münaqişələrin həlli ilə bağlı irəliləyişlərin əldə edilməsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dünya birliyinin həmin prinsipiallığı nümayiş etdirmədiyni söyləməyə əsas verir. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına dair bəyanatlarına baxmayaraq onlar münaqişəsinin nizamlanması prosesində təcavüzkar Ermənistanı konstruktivliyə sövq etmək üçün sərəncamlarında olan rıçaqlardan istifadə etmirlər. Nəticədə Ermənistan-Azərbaycan münaqişəsi dinc insanların həyatlarını itirməsinə səbəb olur. Sonuncu hadisə, xüsusilə də 2 yaşlı Zəhranın amansızlıqla qətlə yetirilməsi nə insani, nə də müharibə şəraiti qanunlarına uyğun gəlmir. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır. AMGT BMT, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, Avropa Şurasını və dinc insanların ölümünə biganə qalmayan digər beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli şəkildə nizamlamasına nail olmaq üçün sərəncamındakı imkanlardan istifadə etməyə çağırır. Əks təqdirdə 2 yaşlı Zəhra və gələcəkdə, təəssüf ki, baş verəcəyi labüd olan dinc insanların qətli hallarına görə beynəlxalq birlik də məsuliyyət daşıyır.