“Ermənistan müstəqil qərar qəbul etmək iqtidarında deyil” Siyasət

“Ermənistan müstəqil qərar qəbul etmək iqtidarında deyil”

Asim Mollazadə: " Düşmən ölkə danışıqları uzatmağa çalışır"

"Çox təəssüf ki, danışıqlar prosesindən hər hansı nəticə gözləmirəm. Çünki, Ermənistan müstəqil qərar qəbul etmək iqtidarında deyil. Düşmən ölkə ya danışıqları uzatmağa çalışır, ya da ümumiyyətlə hansısa mərhələdə bundan imtina edir". Bunu deputat Asim Mollazadə deyib.
Hazırda düşmən ölkə tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı addımın atılacağının inandırıcı olmadığını dilə gətirən deputat söyləyib ki, əksinə Ermənistana pulsuz silahlar gətirilir, düşmən ölkə silahlandırılır: "Belə olan halda, Ermənistan sülh istiqamətində hər hansı addım atmaq niyyətində deyil. Lakin Rusiya səmimi olaraq münaqişənin həllini istəsə, o zaman problem qısa zamanda həll oluna bilər".
A. Mollazadənin fikrincə, beynəlxalq təşkilatlar bilavasitə Rusiya ilə danışmalı və qonşu ölkənin münaqişənin həllindəki məsuliyyətini bildirməlidirlər: "Çünki Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi Rusiya ordusunun tərkib hissəsidir. Ermənistan bu gün hər hansı qərar qəbul etmək səlahiyyətinə malik deyil. Belə olan halda, biz ATƏT-in Minsk qrupunun beynəlxalq hüquq normaları çərçivəsində qərar qəbul etməsini gözləyirik".